Günahkarlar şəbəkəsi
Siyasət

Günahkarlar şəbəkəsi

İkinci Qarabağ müharibəsindən sonra, əsasən də son aylarda İrəvan Moskvaya arxalanmaqdan əl çəkməyə hazır olduğunu Qərbə açıq şəkildə nümayiş etdirdi. Aydındır ki, Paşinyan Avrasiyaya inteqrasiya fikrindən getdikcə uzaqlaşır və Qərblə əməkdaşlıq üçün zəmin hazırlayır.

Ermənistanın baş naziri Nikol Paşinyan, Avropa Komissiyasının Prezidenti Ursula Fon der Lyayen və ABŞ dövlət katibi Antoni Blinken aprelin 5-də Brüsseldə görüşəcək. Tərəflər Avratlantik inteqrasiyanın şərtləri və Ermənistanın təhlükəsizliyinin təminatları haqqında müzakirə aparacaqlar. Bu səbəblə Moskva planlaşdırılan görüşü Rusiyaya qarşı toplantı adlandırır. Məsələni təhlil etdikdə anlaşılır ki, Moskva heç də haqsız deyil. Ermənistanın təhlükəsizliyini təmin etmək niyyətiylə keçirilən görüşdə rəsmi İrəvan üçün təhlükə nədən ibarətdir?! "Harada aş, orada baş" xülyası ilə tarix boyu terrorizmin, separatizmin, vandalizmin ocağı olan Ermənistan, sadəcə, regionun deyil, bütün dünyanın təhlükəsizliyinə təhdiddir.

Rəsmi İrəvanın Qərblə yeni münasibətləri üçün təklif olunan strategiya Brüsseldəki görüşdən əvvəl açıqlanan hesabatda öz əksini tapır. Sənəd NATO-nun keçmiş baş katibi Anders Foq Rasmussenin rəhbərliyi altında hazırlanıb. Rusiya Xarici İşlər Nazirliyində "Ermənistanın Dostları Şəbəkəsi"nin hesabatı son dərəcə mənfi reaksiyaya səbəb olub. Rusiya Diplomatik Departamentindən bildirilib ki, hesabat "mahiyyət etibarı ilə xalqların barışmasına deyil, onların daha da parçalanmasına yönəlmiş uzaqgörən anti-Rusiya, anti-Azərbaycan və anti-Türk fobiyalarını təhrik edir". Aydındır ki, layihəni hazırlayanlar regional qeyri-sabitliyi dərinləşdirərək Aİ və NATO-nun Ermənistanda mövqelərini gücləndirməklə yanaşı, qonşu ölkələrə də təsir göstərəcəklər. Moskvanın fikrincə, Rusiya ordusunun Ermənistandan çıxarılması da sağlam düşüncəyə zidd addımdır. Bununla bağlı Rusiya diplomatik departamenti açıqlamasında 102-ci hərbi bazanın və sərhədçilərin Ermənistanda mövcudluğunu hayların suverenliyinin yeganə təminatı adlandırıb.

Rusiya Xarici İşlər Nazirliyi Ermənistana xəbərdarlıq edib: "Avropa İttifaqı və NATO Ermənistanın və onun vətəndaşlarının real ehtiyacları ilə maraqlanmır. Hesabatın yekununda görünür ki, Ermənistana eksklüziv olaraq Brüssel və Vaşinqtondan gələn sifarişləri icra etmək vəzifəsi verilir. Ola bilər ki, Avropa İttifaqının boş vədlərinə əməl etmək respublikanı əliboş qoyar".

Gözlənilən ABŞ-Aİ-Ermənistan görüşü ilə bağlı kəskin narazılıq təkcə Moskvanı deyil, rəsmi Bakını da narahat edir. Azərbaycan tərəfi təkid edir ki, onun iştirakı olmadan aparılan təhlükəsizlik danışıqları regionda uzunmüddətli sabitliyi pozmaq riski daşıyır və Bakı ilə İrəvan arasında sülh müqaviləsinin hazırlanması səylərinə zərbə vurur. Ötən həftənin sonunda Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramovla Rusiya Xarici İşlər Nazirliyinin xüsusi tapşırıqlar üzrə səfiri Pavel Knyazev arasında Bakıda keçirilən görüşdə tərəflər Cənubi Qafqazdakı vəziyyəti müzakirə ediblər. Azərbaycan XİN rəhbərinin qeyd etdiyi kimi, regiondan uzaq ölkələr Ermənistan-Azərbaycan münasibətlərinin normallaşmasına mane olur, xüsusən də qarşıdan gələn ABŞ-Aİ-Ermənistan görüşü Bakının narahatlığına səbəb olur. "Ermənistandakı revanşist əhvali-ruhiyyəni nəzərə alsaq, Vaşinqton və Brüsselin açıq ermənipərəst ictimai bəyanatları İrəvanda təhlükəli illüziya yarada bilər ki, Aİ və ABŞ Azərbaycana qarşı mümkün yeni təxribatlarda Ermənistanı dəstəkləyəcək. Belə olan halda, Aİ və ABŞ Ermənistanın mümkün sabitliyi pozan hərəkətlərinə görə məsuliyyəti bölüşəcəklər", - deyə Azərbaycan Xarici İşlər Nazirliyinin sözçüsü Ayxan Hacızadə bildirib.

Qərbə arxalanaraq Ermənistanın hərbi aktivlik nümayiş etdirməsi, Azərbaycanla şərti sərhəddə hücum xarakterli dayaq məntəqələrini qurması, müxtəlif istiqamətlərdə uzunmüddətli atəş nöqtələrini yaratması və aprelin 1-i saat 22:00-dan başlayaraq 20 dəqiqə boyunca ordumuzun mövqelərini Naxçıvan istiqamətində atəşə tutması hayların gizli məqsədini nümayiş etdirir. Bununla da Azərbaycan aparılacaq "təhlükəsizlik danışıqları"nın regionda sabitliyi pozacağını və sülh prosesi üçün risk yaradacağını təkid etməkdə haqlıdır.

Aiza ŞABANOVA,

"Respublika".