1 sentyabr 1993-cü il Azərbaycan xalqının yaddaşında əbədi iz qoydu. Həmin gün Milli Məclis tərəfindən Azərbaycan Respublikasının Prezidenti vəzifəsinə növbədənkənar seçkilər elan edildi.
1990-cı illərin əvvəlləri Azərbaycan üçün olduqca çətin bir dövr idi. SSRİ-nin süqutu və müstəqilliyin bərpası ilə ölkəmiz siyasi, iqtisadi və hərbi baxımdan ciddi böhran içərisində idi. Ermənilərin Qarabağda təcavüzkar hərəkətləri, daxildə siyasi böhran, iqtisadi sahədə gerilik və xalq arasında narazılıq ölkənin gələcəyini ciddi təhlükə altına almışdı. Belə bir vəziyyətdə xalqın güvəndiyi, təcrübəli bir liderə ehtiyacı vardı. Bu şəxs məhz Heydər Əliyev idi.
Heydər Əliyev uzun illər ərzində SSRİ rəhbərliyində mühüm vəzifələr tutmuş və Azərbaycan SSR üçün önəmli işlər görmüş bir şəxsiyyət idi. 1990-cı ildə Heydər Əliyev Moskvadan Bakıya qayıtdıqdan sonra Naxçıvana getdi və burada siyasi fəaliyyətə başladı. Naxçıvanda Ali Məclisin sədri seçildi və bu bölgəni qısa müddətdə sabitlik və inkişaf yoluna çıxardı.
1993-cü ilin iyun ayında Gəncədə baş verən hadisələr Azərbaycanda vəziyyəti daha da kəskinləşdirdi. Bu hadisələrin fonunda, xalqın tələbi ilə Heydər Əliyev Bakıya dəvət edildi. Onun Bakıya gəlişi ilə ölkədə siyasi vəziyyət dəyişdi və sabitlik bərqərar oldu.
1993-cü il sentyabrın 1-də Milli Məclisin xüsusi sessiyasında növbədənkənar Prezident seçkilərinin keçirilməsi barədə qəbul edilən qərar xalqın iradəsini əks etdirən və ölkənin gələcəyi üçün böyük əhəmiyyət daşıyan bir addım idi. Xüsusi sessiya formal bir toplantı deyildi, bu, Azərbaycanın gələcəyini müəyyən edən, xalqın ümidlərini əks etdirirdi. Deputatlar ölkənin ağır vəziyyətini nəzərə alaraq dövlət başçısının kim olacağına dair qərar verməli idilər. Sessiya zamanı çıxış edənlər Heydər Əliyevin liderlik qabiliyyətini və siyasi təcrübəsini vurğulayaraq onun Azərbaycanı mövcud böhrandan çıxaracaq yeganə şəxs olduğunu bildirdilər.
Heydər Əliyevin Prezidentliyə namizədliyi irəli sürüldü və bu namizədlik xalq tərəfindən dəstəkləndi. Onun dövlət idarəçiliyindəki təcrübəsi, yüksək intellekti və millətini sevən bir lider kimi qətiyyəti xalqının ona olan inamını daha da artırdı. 1993-cü ilin payızında Azərbaycan xalqı onun rəhbərliyi ilə ölkənin yeni bir dönəmə qədəm qoyacağına inanırdı.
3 oktyabr 1993-cü ildə keçirilən növbədənkənar prezident seçkilərində Heydər Əliyev böyük üstünlüklə Azərbaycan Respublikasının Prezidenti seçildi.
Ulu öndər Heydər Əliyevin rəhbərliyi ilə Azərbaycan qısa müddətdə müstəqilliyini möhkəmləndirdi, ölkə iqtisadiyyatını inkişaf etdirdi və xarici siyasətdə müsbət irəliləyişlər əldə etdi. Prezident seçildikdən sonra, ilk növbədə, ölkədə sabitliyi bərpa etmək və iqtisadiyyatı canlandırmaq üçün geniş islahatlar həyata keçirdi. Xarici siyasətdə balanslı və praqmatik yanaşma sərgiləyərək Azərbaycanı beynəlxalq arenada tanıtdı və ölkənin maraqlarını müdafiə etdi. 1994-cü ildə imzalanan "Əsrin müqaviləsi" ilə Azərbaycan neft sənayesinin potensialı tam istifadə edildi və bu, ölkənin iqtisadi inkişafında əsas rol oynadı. "Əsrin müqaviləsi" Azərbaycanı beynəlxalq arenada tanıtdı və ölkəyə böyük iqtisadi gəlir gətirdi. Ölkənin sabitliyi təmin olundu, sosial-iqtisadi sahədə əhəmiyyətli nailiyyətlər əldə edildi və Azərbaycanın beynəlxalq nüfuzu artdı.
Heydər Əliyevin prezident seçilməsi Azərbaycan tarixində dönüş nöqtəsi oldu. Bu hadisə ölkəmizin müstəqilliyini, suverenliyini və ərazi bütövlüyünü qorumaq üçün atılan vacib addımlardan biri idi. Heydər Əliyevin Prezidentliyi dövründə Azərbaycan müstəqil dövlət kimi beynəlxalq aləmdə öz layiqli yerini tutdu və davamlı inkişaf yoluna qədəm qoydu.
Heydər Əliyev Azərbaycanın müstəqilliyini qorumaq və ölkənin beynəlxalq təşkilatlara üzv olmasını təmin etmək üçün ciddi səy göstərdi. Azərbaycan, BMT, ATƏT, İslam Əməkdaşlıq Təşkilatı kimi beynəlxalq təşkilatlarda fəal iştirak etməyə başladı və bu təşkilatlar tərəfindən tanındı. Heydər Əliyevin uzaqgörən siyasəti nəticəsində Azərbaycan Cənubi Qafqazda mühüm geosiyasi oyunçuya çevrildi.
Bu dövr Azərbaycan üçün milli dirçəliş və inkişaf dövrü oldu. Heydər Əliyevin rəhbərliyi ilə həyata keçirilən islahatlar və strateji qərarlar ölkənin gələcəyinə möhkəm bünövrə yaratdı. Ulu öndərin dövlətçilik prinsipləri və onun siyasi irsi bu gün də Azərbaycan xalqına yol göstərir, xalqımız ümummilli liderin xatirəsini daim dərin hörmət və minnətdarlıqla yad edir. Bu hadisə yalnız Azərbaycanın müasir tarixi üçün deyil, həm də gələcək nəsillər üçün bir örnək olaraq qalacaq.
Nurcan SÜLEYMANOVA,
"Respublika".