Gələcək naminə birgə addımlar
COP29

Gələcək naminə birgə addımlar

İqlim dəyişmələri, yaxud qlobal istiləşmə insan fəaliyyəti nəticəsində Yer kürəsində temperaturun uzunmüddətli dəyişməsi ilə meydana gəlir. Qalıq yanacaqların yandırılması, meşələrin qırılması və digər faktorlar atmosferdə istilik effekti yaradan qazların konsentrasiyasını artırır ki, bu da öz növbəsində temperaturun yüksəlməsinə səbəb olur.

İqlim dəyişmələri faciəvi nəticələrə gətirib çıxarır ki, bunlara dəniz səviyyəsinin qalxması, qasırğa, quraqlıq və daşqın kimi ekstremal təbiət hadisələrinin tezlik və intensivliyinin artması, kənd təsərrüfatında ərzaq qıtlığı və s. daxildir. Eyni zamanda iqlim dəyişmələri bir çox bitki və heyvan növlərinin nəslinin kəsilməsinə səbəb olur, təbiətin tarazlığını pozur və bəşəriyyətin gələcəyini sual altında qoyur.

Hazırda dünya ictimaiyyəti iqlim dəyişmələrinin qarşısının alınması istiqamətində mühüm addımlar atır. Bu kontekstdə BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyası, Kioto Protokolu və Paris İqlim Sazişi kimi sənədlərdə öz əksini tapmış bir çox strategiyalar da müəyyənləşdirilib.

BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyası (UNFCCC) 1992-ci ildə Rio-de-Janeyroda keçirilən Yer Sammitində qəbul edilib və 1994-cü ildə qüvvəyə minib. Sözügedən Konvensiya istilik effekti yaradan qazların konsentrasiyasını sabitləşdirməyə və iqlim sisteminə təhlükəli müdaxilələrin qarşısını almağa yönəlmiş ilk beynəlxalq sazişdir. Bu, həmçinin ölkələrin iqlim dəyişmələrinə görə ortaq məsuliyyət daşıdığının təsdiqidir. İstilik effekti yaradan qazların emissiyalarına görə isə inkişaf etmiş ölkələrin üzərinə daha çox məsuliyyət düşür. Onlar karbon emissiyalarının azaldılmasına çalışmalı və inkişaf etməkdə olan dövlətlərin iqlim dəyişmələri ilə mübarizə səylərini dəstəkləməlidirlər. BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyası istilik effekti yaradan qazların emissiyaları haqqında məlumat toplamalı, göstəriciləri azaltmaq və iqlim dəyişmələrinə uyğunlaşdırmaq üçün milli strategiyalar, proqramlar hazırlamalı, onları həyata keçirməlidir. Konvensiya həmçinin iqlim dəyişmələri ilə mübarizə üçün ictimaiyyətin maarifləndirilməsinin, elmi-texniki məlumat mübadiləsinin, eləcə də texnologiyaların inkişaf etdirilməsinin və paylaşılmasının zəruriliyini də özündə ehtiva edir.

Xatırladaq ki, hazırda UNFCCC-yə 197 ölkə və Avropa İttifaqı daxildir. Konvensiyanın əsas məqsədlərindən biri iştirakçı ölkələrin nümayəndələrinin əldə edilmiş tərəqqini müzakirə etdiyi, nailiyyətləri qiymətləndirdiyi, iqlim dəyişməsi ilə mübarizə üzrə qlobal səyləri gücləndirmək üçün yeni qərarlar və sazişlər qəbul etdiyi Tərəflər Konfransının (COP) müntəzəm keçirilməsinə də nail olmaqdır. Çünki 1997-ci il Kioto Protokolu və 2015-ci il Paris İqlim Sazişi kimi mühüm sənədlər məhz bu cür əhəmiyyətli konfranslarda qəbul edilib. Məlumat üçün qeyd edək ki, Kioto Protokolu 1997-ci ilin dekabrında Yaponiyanın Kioto şəhərində keçirilmiş BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyası çərçivəsində qəbul edilmiş beynəlxalq sənəddir. Həmin dövrdə mövcud olan mürəkkəb ratifikasiya prosesi səbəbindən sənəd 2005-ci ilin fevralında qüvvəyə minib. Beləliklə, Kioto Protokolu inkişaf etmiş və keçid iqtisadiyyatında olan ölkələr üçün emissiyaların azaldılmasını hədəfləyib. Sənədin əsas müddəası ondan ibarət idi ki, ölkələr 2008-ci ildən 2012-ci ilədək birinci öhdəlik dövründə istilik effekti yaradan qazların ümumi emissiya səviyyəsini 1990-cı il səviyyəsindən orta hesabla 5,2 faiz aşağı salmalıdır. Bu məqsədlə, protokol ölkələrə bir neçə çevik mexanizm də təqdim edib. Onlara isə inkişaf etmiş ölkələrə digər inkişaf etmiş dövlətlərdə emissiyaların azaldılması layihələrini həyata keçirməyə imkan verən "Birgə icra", inkişaf etməkdə olan ölkələrdə isə "Təmiz inkişaf mexanizmi" daxildir. Kioto Protokolu hər nə qədər uğurlu olsa da tənqid və çətinliklərlə üzləşmişdir. Nəticədə 2012-ci ildə "Doha dəyişikliyi" kimi tanınan protokolun ikinci öhdəlik dövrü təsdiqlənsə də bütün ölkələr onu ratifikasiya etmədi. Bu və digər problemlər yeni, daha universal sazişin hazırlanmasını zəruri etdi ki, Kioto Protokolunu əvəz edən Paris İqlim Sazişi hazırlandı. Həmin Saziş isə 2015-ci ilin dekabrında keçirilmiş BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 21-ci sessiyasında (COP21) qəbul olundu. 2016-cı ildə qüvvəyə minən Sazişin əsas məqsədi qlobal orta temperatur artımını Sənaye İnqilabından əvvəlki səviyyə ilə müqayisədə 2°C-dən aşağı salmaq və temperatur artımını 1,5°C-dək məhdudlaşdırmaqdır. Bu, iqlim dəyişmələrinin yaratdığı riskləri və fəsadları əhəmiyyətli dərəcədə azaltmağa imkan verəcək. Paris Sazişinin əsas müddəalarından biri iştirakçı ölkələrin emissiya səviyyəsini azaltmaq üçün fəaliyyət planı işləyib hazırlamaq və onu hər 5 ildən bir yeniləməkdir.

Azərbaycan iqlim dəyişmələri ilə mübarizədə aktiv ölkələrdəndir. BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasının (COP29) bu ilin noyabr ayında Bakıda keçirilməsi barədə tarixi qərar bunu bir daha təsdiq edir. Bu qərar COP28-in ötən il dekabrın 11-də Dubayda keçirilmiş plenar iclasında qəbul olunub. Dünyanın bir nömrəli beynəlxalq tədbiri olan COP-un bu il Azərbaycanda keçirilməsi ölkəmizə etimadın növbəti təzahürüdür. Bütün dünyanın ürəyi yenidən Bakıda döyünəcək və şəhər təqribən 70-80 min xarici qonağı qarşılayacaq. Bir məqamı da qeyd edək ki, bu mötəbər tədbirin ölkəmizdə keçirilməsi, ilk növbədə, Azərbaycanın iqlim məsələsində üzərinə götürdüyü öhdəlikləri layiqincə yerinə yetirdiyinin təzahürüdür. COP29-un respublikamızda keçirilməsi, eyni zamanda ölkəmizdə hökm sürən siyasi və iqtisadi sabitliyin dünya ictimaiyyətinə nümayişinə də imkan verəcək. Ümumiyyətlə, dövlətimiz çoxsaylı siyasi, iqtisadi və regional inkişaf layihələrinin aktiv iştirakçılarındandır. COP29-un Bakıda keçirilməsi qərarı həm də respublikamızın "yaşıl enerji" siyasətinə qlobal dəstəyin göstəricisidir.

Prezident İlham Əliyevin Sərəncamı ilə bu il ölkəmizdə "Yaşıl dünya naminə həmrəylik ili" elan edilib. Neft-qaz dövləti olan Azərbaycan "yaşıl enerji" növlərinin yaradılmasını və "yaşıl enerji"nin dünya bazarlarına nəqlini yeni prioritet istiqaməti kimi götürüb. Azərbaycanın bərpaolunan enerji potensialı çox yüksəkdir. Təsadüfi deyil ki, 2030-cu ilədək elektrik enerjisinin qoyuluş gücündə bərpaolunan enerji payının Azərbaycanda 30 faizə çatdırılması gözlənilir. Statistik göstəricilərə müvafiq olaraq, ölkəmizin bərpaolunan enerji mənbələrinin texniki potensialı quruda 135, dənizdə 157 qiqavatdır. İkinci Qarabağ müharibəsi başa çatdıqdan dərhal sonra dövlətimizin başçısı Qarabağ və Şərqi Zəngəzuru, Naxçıvanı "yaşıl enerji bölgəsi" elan edib. İşğaldan azad olunmuş Kəlbəcər və Ağdərə rayonlarında geotermal və Günəş enerjisi ehtiyatları, Laçın, Qubadlı və Zəngilan rayonlarında hidroenerji mənbələri, Şuşa, Xocavənd və Cəbrayıl rayonlarında külək enerjisi, Tərtər, Ağdam, Xocalı rayonlarında bioenerji ehtiyatlarının səmərəli istifadə edilməsi nəticəsində Azərbaycan "yaşıl enerji" istehsalçısına və istehlakçısına çevrilə bilər. Bu gün işğaldan azad olunmuş torpaqlarımızda hidroenerji potensialından fəal şəkildə istifadə edilir. Yaxın illərdə burada hidroelektrik stansiyaların gücünün 500 meqavata çatdırılması nəzərdə tutulub ki, bu da "yaşıl enerji"yə keçid prosesinə böyük töhfədir. Bütün bunları nəzərə alaraq, COP29-un ölkəmizdə keçirilməsinin sözügedən proseslərə müsbət təsir edəcəyini söyləmək mümkündür. Bu, həmçinin yaşıl hidrogeni ixrac etmək potensialını yaratmaq üçün tərəfdaşlarımızla, dünyanın müxtəlif ölkələrindən olan şirkətlərlə əməkdaşlığın artırılmasına da əlverişli şərait yaradacaq.

Nəzrin ELDARQIZI,

"Respublika".