Fransız diplomatiyasının tənəzzül dövrü
Siyasət

Fransız diplomatiyasının tənəzzül dövrü

Son illər Fransada müşahidə edilən qeyri-sabitlik fransız diplomatiyasının getdikcə tənəzzülə uğradığını göstərir. Bu proses ölkənin daxili və xarici siyasətində ciddi problemlərin yaranmasına səbəb olur, həmçinin Yelisey sarayının beynəlxalq arenadakı mövqeyini zəiflədir.

Fransada sosial narazılıqların artması, iqtisadi çətinliklər və siyasi parçalanmalar ölkənin daxili sabitliyini ciddi şəkildə təhdid edir. Kütləvi etirazlar və miqrasiya məsələləri fransız cəmiyyətində dərin ziddiyyətlərə səbəb olub.

Bu, həm də hökumətin siyasətinin geniş ictimaiyyət tərəfindən qəbul edilmədiyini göstərir. Hökumətin bu vəziyyətə cavab olaraq attığı addımlar isə əksər hallarda kifayət qədər effektiv olmayıb, hökumət və vətəndaşlar arasında böhran yaranıb. Fransanın beynəlxalq problemlərinin daha da dərinləşməsinə səbəb olan amillərdən biri də "Paris 2024" Yay Olimpiya Oyunları oldu. Bu tədbir ölkənin nüfuzunu artırmaq və iqtisadi faydalar əldə etmək üçün bir fürsət idi. Lakin yarışların təşkili ilə bağlı ortaya çıxan çətinliklər və problemlər Yelisey sarayı üçün yeni böhran mənbəyinə çevrildi. "Paris 2024"ün təşkili ilə bağlı problemlər ölkədəki vətəndaş-hökumət böhranını daha da dərinləşdirdi, mövcud sosial və iqtisadi gərginliklərə əlavə yük gətirdi. Sosial ədalət və bərabərlik məsələləri ətrafında gedən müzakirələrdə hökumətin prioritetlərinin əhalinin ehtiyaclarına deyil, beynəlxalq prestijə yönəldiyi fikri geniş yayıldı. Bu da hökumətə qarşı etimadın azalmasına və ictimai dəstəyin zəifləməsinə səbəb oldu. Rəsmi Parisin oyunlardan sonra öz nüfuzunu qaldırma planı da baş tutmadı. Oyunların təşkilindəki çatışmazlıqlar, yarışların gecikmələri, logistik problemlər və bəzi obyektlərin vaxtında hazır olmaması Fransa hökumətinin idarəçilik qabiliyyətini sual altına qoydu. Yəni Olimpiya Oyunlarının uğursuz təşkili Fransa üçün yalnız daxili böhran yaratmadı, həm də qlobal arenada etibarını sarsıtdı.

Avropa İttifaqı daxilində baş verən siyasi və iqtisadi mübahisələrdə Fransanın mövqeyi əvvəlki illərə nisbətən daha zəif olub. Brexit ("British exit" ifadəsinin qısaldılmış forması, Birləşmiş Krallıq (BK) əhalisinin Aİ-dən (Avropa İttifaqı) çıxmaq qərarı haqqında danışmaq üçün istifadə olunur) prosesində və ya Avropa Birliyinin gələcəyi ilə bağlı müzakirələrdə Fransanın rolu gözlənildiyi kimi təsirli olmayıb. Rəsmi Paris, həmçinin qlobal səviyyədə çətinliklərlə üzləşib. Yelisey sarayı Orta Şərqdə və Afrikada da təhlükəsizlik məsələlərində daha öncəki mövqelərini itirib, bu bölgələrdə qeyri-sabitlik, miqrant böhranı artıb.

Artıq bir aydan çoxdur ki, Fransada baş nazir vəzifəsini yerinə yetirəcək şəxs yoxdur. COVID dövrü istisna olmaqla, 1993-cü ildən hər il avqustun sonu və ya sentyabrın əvvəlində keçirilən Fransa diplomatik missiyalarının rəhbərləri ilə görüş də ləğv edilib.

Qeyd edək ki, diplomatik missiyaların rəhbərləri ilə görüş Fransanın xaricdə və beynəlxalq təşkilatlardakı nümayəndələrinin işini istiqamətləndirən illik oriyentasiyalar vermək imkanı yaradırdı. Bu səbəbdən, müxtəlif yerlərdə diplomatiya kursunun müəyyənləşdirilməsi, əsas prioritetləri dinləmək üçün hakimiyyət orqanları ilə mütəmadi fikir mübadilələrinin aparılması baxımından bu görüşün baş tutması vacib sayılırdı. Sabiq xarici işlər naziri Dominik de Vilpen görüşün ləğvi barədə danışarkən deyib ki, bu, tarixi səhvdir. O da bildirilib ki, xarici işlər nazirliyi "dostlar" legionuna çevrilib, E.Makronun dostları səfir təyin olunub. Fransız diplomatlar ötən il "birgə nota" formatında məktub göndərərək ölkənin mövqeyinin xaricdə səhv başa düşüldüyünü, ənənəvi balanslaşdırma siyasəti ilə ziddiyyət təşkil etdiyini bildirsələr də nəticə əldə edilməyib.

Emmanuel Makron 2022-ci il prezident seçkilərində qalib gəlsə də, bir ay sonra keçirilmiş parlament seçkilərində üstünlük əldə edə bilməyib. Həmçinin E.Makronun Qabriel Attalı baş nazir təyin etməsi, bununla bərabər bir çox qanun layihələrini parlament səsverməsinə təqdim etmədən qüvvəyə mindirməsi prinsipcə qeyri-demokratik olduğu tənqid olunub. Emmanuel Makron Avropa Parlamentinə (AP) keçirilən seçkilərdə ifrat sağçıların ölkəsində böyük fərqlə birinci yerə çıxmasından sonra parlamenti (Fransa Milli Assambleyası) buraxıb və növbədənkənar seçkilər keçirmək qərarına gəlib. Fransada keçirilən AP seçkilərində ifrat sağçı "Milli Ralli Partiyası" (RN) böyük fərqlə - 31,50 faiz səslə birinci, Makronun partiyası "Renessans" isə 15,2 faiz səslə ikinci olub. Makron partiyasının böyük fərqlə məğlub olmasından sonra açıqlama verərək nəticələrin Avropanı müdafiə edən partiyalar üçün yaxşı olmadığını, erkən seçkilərin 30 iyun-7 iyul tarixləri arasında keçiriləcəyini qeyd edib. İyunun 30-dan iyulun 7-dək keçirilən seçkilər parlamentdə 3 fərqli ideoloji düşərgənin yaranmasına səbəb oldu.

Hazırda Fransanın üzləşdiyi ən aktual problemlərdən biri odur ki, sentyabrda büdcə tərtib edəcək hökumət yoxdur. Fransanın dövlət borcları artıq ciddi problem yaradır. 2023-cü ildə dövlət kəsiri Ümumi Daxili Məhsulun (ÜDM) 5,5 faizinə, dövlət borcu isə 110,6 faizə çatıb. Mümkün böhran atmosferində investorların Fransanı tərk edəcəyi və iqtisadi böhranın dərinləşəcəyi ilə bağlı narahatlıq da var. Nəticə etibarilə, Fransız diplomatiyasının qarşılaşdığı bu tənəzzül dövrü ölkənin daxili və xarici siyasətində ciddi dəyişikliklər tələb edir. Hökumətin bu çağırışlara cavab vermək üçün atacağı addımlar Fransanın gələcəkdə beynəlxalq arenada hansı mövqe tutacağını müəyyən edəcək.

Nurcan SÜLEYMANOVA,

"Respublika".