Fransanın iç üzünü açan Olimpiada
Siyasət

Fransanın iç üzünü açan Olimpiada

Əslində Paris ən məşhur əsərlərdə oxuduğumuz kimi, məhəbbət şəhəri yox, zibil içində boğulurmuş. Son illər bu, daha qabarıq şəkildə özünü büruzə verir. Əsas səbəblərdən biri kimi, Emmanuel Makronun ölkəyə uğursuz rəhbərliyi göstərilir. Çünki hakimiyyətə gəlməsi ilə Fransa qaynar qazana dönüb. Onun yarıtmaz siyasətindən narazı olan yüz minlərlə insan son illər tez-tez küçələrə çıxıb kütləvi şəkildə etirazlarını bildirir. Paytaxt Paris də daxil olmaqla əsas şəhərləri tətil dalğaları bürüyür, polis ilə əhali arasındakı toqquşmalarda ölənlər, yaralananlar olur. İllərdir davam edən bu aksiyalar təkcə sosial-iqtisadi problemlərlə bağlı deyil, həm də siyasi xarakter daşıyır. Öz ölkəsində vətəndaş hüquqlarını heçə sayan, əhali ilə polis dəyənəklərinin dili ilə danışan Makron yaranmış gərginliyi aradan qaldırmaqdansa, daha çox özünü Ermənistanın vəkili kimi tanıtdırmağa can atır. Bir sıra beynəlxalq təşkilatlarda çıxışları zamanı Azərbaycanı insan hüquqlarını pozmaqda, ermənilərə qarşı ədalətsizlikdə ittiham edir. Sözsüz ki, onun bütün cəhdləri uğursuzluqla nəticələnir.

Hazırda Emmanuel Makronun səriştəsizliyi, yarıtmaz və naşı siyasəti Fransanı çətin vəziyyətə salıb. Siyasət meydanında Azərbaycana məğlub olan Makron hakimiyyəti vəziyyətdən çıxış yolunu şər maşınını işə salmaqda görür. Ölkəmizə qarşı xain kampaniyalar aparır, bu da bir nəticə verməyəndə qonşu dövləti silahlandırıb yeni münaqişə ocağı yaratmağa cəhd edir. Ölkəmizdə geniş agentura şəbəkəsi yaratmaq planı da uğursuzluğa düçar olandan sonra Fransanın alternativ variantı qalmadı. Makron ölkəsində keçirilən "Paris-2024" Yay Olimpiya Oyunlarına ev sahibliyi zamanı idmanı siyasi müstəviyə yönəltmək və öz məkrli planlarını, xislətini nifrətə, kinə çevirib yarışların açılışı günü Azərbaycana qarşı təxribat xarakterli çıxışı ilə özünün rəzilliyini nümayiş etdirdi. Fransa bir daha sübut etdi ki, əslində bu ölkə böyük, ideyalar uğrunda çarpışan yox, cılız, məntiqsiz planlar üzərində manevr edən bir dövlətdir. "Möcüzələr şəhəri" Parisin bu qərəzinə isə Azərbaycan layiqli cavab verdi. Elə Fransanın paytaxtında fransalı idmançı Joan Benjamen Qabanın kürəyini döşəyə çırpan Hidayət Heydərov bir daha dünyaya göstərdi ki, idman yarış meydanıdır, siyasi nifaq arenası yox. Azərbaycan oğlu öz qələbəsi və qarşısındakı məğlub idmançıya bir jestlə bütün dünyanı heyran etdi. Çünki idman da bir mədəniyyətdir. Meydanda yarışan hər bir idmançı öz xalqının xarakterik xüsusiyyətlərinə uyğun davranır.

"Paris-2024" Yay Olimpiya Oyunları zamanı Fransanın paytaxtı ikinci dəfə "dağıldı". Amma bu dəfə həqiqətən də məşhur əsərdə deyildiyi kimi, barıtı bir az çox oldu. Azərbaycanın ardıcıl olaraq qazandığı qızıl medallar buna sübutdur. Makron hakimiyyəti isə yarışlara hazırlıq və təşkilatçılıq işlərindəki yarıtmazlığı ilə özünü daha da biabır edir. Yarışlar zamanı növbəti xoşagəlməz hadisə isə Cənubi Sudan və Puerto-Rikonun kişi basketbolçulardan ibarət yığmalarının matçında yaşanıb. Görüşdən öncə idmançının təmsil etdiyi Afrika ölkəsinin himni əvəzinə başqa melodiya səsləndirilib və bu, qalmaqala səbəb olub. Bir müddət keçdikdən sonra təşkilat komitəsi səhvini düzəldib. Lakin azarkeşlər baş verənlərə sərt şəkildə narazılıqlarını bildiriblər. Digər bir komanda, İsveçin stolüstü tennis yığmasının üzvləri "Paris-2024" Yay Olimpiya Oyunlarında nəqliyyatda havasızlıqdan gileyləniblər. "Aftonbladet" nəşrinin məlumatına görə, milli komanda gediş-gəliş üçün 1 saat 20 dəqiqə vaxt sərf edərək məşqə çıxmalı olur ki, bu da idmançılarda yorğunluq və aqressiya yaradır. Kişilərdən ibarət komandanın məşqçisi Yorqen Persson bildirib ki, avtobuslarda kondisioner tez-tez işləmir və hava çatışmazlığı səbəbindən nəqliyyatda qalmaq çətinləşir. İsveçin qadın yığmasının məşqçisi Tobias Berqman da idmançıların istilərdən əziyyət çəkdiklərini söyləyib: "Gündə iki dəfə 40 dəqiqə olmaqla səyahət edirik və düzünü desəm, Parisdə istilik Hindistanda olduğundan daha pisdir. Belə davam edərsə, insanlar avtobuslarda huşlarını itirəcəklər".

Olimpiada iştirakçıları Parisdəki Olimpiya kəndində qida ilə lazımınca təmin olunmadıqlarından da şikayətləniblər. Onlarla idmançı Olimpiya kəndinin əsas restoranında mühüm ərzaq ehtiyatlarının çox gec gətirildiyini və qidanın kifayət qədər olmadığını qeyd edib. Məsələn, səhər yeməyi zamanı idmançıların çoxluğu səbəbindən restoranda yumurta məhdud sayda olur. İctimai iaşənin təşkilinə cavabdeh olan şirkət bildirib ki, hazırda tələbatın çox olduğu ərzaq məhsullarının tədarükünü artırmaq üçün fəal işləyirlər. Mənbə qeyd edib ki, idmançılar arasında yumurta və ətə tələbat daha çoxdur. Lakin idmançılar bir şeyi unudurlar ki, Fransada yumurtadan əsasən bir məqsəd üçün istifadə edirlər. O da Makronu "atəşə" tutduqları zaman. Biabırçılıqlar bununla bitmir. Açılış mərasiminin sonunda təntənəli şəkildə qaldırılan oyunların əsas rəmzi hesab edilən Olimpiya bayrağı da başıaşağı formada asılıb. Maskalanmış Paris bu dəfə özünü biabır etdi. Fransanın adı Olimpiya tarixinə ən uğursuz ölkə kimi yazıldı.

Ramidə YAQUBQIZI,

"Respublika".