"Əhmədiyyə Cəbrayılov qoçaq adam olub, əsl qəhrəmandır, onun xatirəsini mütləq yaşatmaq lazımdır".
Heydər ƏLİYEV,
Ümummilli Lider.
Bu ölkənin Milli Qəhrəmanı Əhmədiyyə Cəbrayılov 1920-ci il sentyabrın 22-də Şəki rayonunun Oxud kəndində anadan olub
XX əsrdə bəşəriyyətin məruz qaldığı qorxunc faşizm təhlükəsindən xilas edilməsində əvəzsiz xidmətlər göstərən, xalqımızın mərd oğlullarından olan Əhmədiyyə Mikayıl oğlu Cəbrayılov rəşadətli döyüş yolu keçərək böyük fədakarlıq nümayiş etdirmişdir. 1920-ci il sentyabrın 22-də Şəki rayonunun Oxud kəndində anadan olan qəhrəman İkinci Dünya müharibəsi dövründə antifaşist Müqavimət hərəkatının görkəmli nümayəndəsi, əfsanəvi partizan kimi tanınmışdır. O, 1941-ci ildə müharibənin başlanması ilə könüllü surətdə cəbhəyə yollanaraq Fransa Müqavimət hərəkatında fəal iştirak etmişdir. Yüksək bacarıqla həyata keçirdiyi çoxsaylı kəşfiyyat əməliyyatlarındakı misilsiz şücaətləri layiqincə qiymətləndirilmişdir. Fransa dövlətinin orden və medalları ilə təltif edilən həmyerlimizin xatirəsi müqavimət hərəkatı iştirakçıları sırasında əbədiləşdirilmişdir.
O, "Armed Mişel", "Fraji" və "Xarqo" adı ilə Fransanın azadlığı uğrunda döyüşlərdə iştirak etmişdir
Fransada "Armed Mişel" adı ilə tanınan Əhmədiyyə Cəbrayılov Şəkidə böyüyüb, boya-başa çatıb. Fərasəti ilə uşaqlıqdan tay-tuşlarından seçildiyindən müharibə başlamazdan əvvəl hərbi xidmətə çağırılır. Onu Nevinnomısk təyyarəçilik məktəbinə yollayırlar. Onu da qeyd edək ki, İkinci Dünya müharibəsi illərində Cəbrayılovlar ailəsindən 5 nəfər cəbhəyə yollanır və onlardan ancaq ikisi sağ qayıdır.
1942-ci ilin aprel ayında Əhmədiyyə Ukraynanın Donbas şəhərinə göndərilir və 350-ci alayda siyasi rəhbər köməkçisi təyin olunur. Alayın tərkibində Ukraynanın Barvinki-Lozovaya-İzyum rayonu ətrafındakı döyüşlərdə iştirak edir və fərqləndiyinə görə baş leytenant rütbəsi alır.
Həmin ilin aprel-may aylarında Əhmədiyyənin təyyarəsi Kursk ətrafındakı döyüşlərdə vurulur. O, İzyum çayı yaxınlığında ağır yaralı vəziyyətdə almanlara əsir düşür, Barbinka və Lvovdakı həbs düşərgələrinə göndərilir.
Burada fransız dilini öyrənir və tezliklə partizan hərəkatına qoşularaq cəbhədə "Armed Mişel", "Fraji", "Xarqo" və başqa adlarla Fransanın azadlığı uğrunda döyüşlərdə iştirak edir. İşğalçı alman faşistləri onun başına 10 min alman markası məbləğində mükafat təyin edirlər.
Fransa prezidenti Şarl de Qolla birgə döyüşmüşdür
1944-cü il avqustun 17-də Əhmədiyyə Montobanın 18 kilometrliyində yerləşən "La Tangin" adlı yerdə, Kossad və Realvil arasında gedən vuruşmalarda 6-cı briqada tərkibində döyüşür və həmin il avqustun 19-da Montoban azad edilir. Əhmədiyyə Cəbrayılov əməliyyatların birində Mehdi Hüseynzadə ilə görüşür. Belə ki, məlumatlara görə, partizan Xarqonun ləhcəsində doğmalıq hiss edib onun haralı olduğunu xəbər aldıqda Əhmədiyyə "Şəki torpağındanam" deyə cavab verir. Bu iki Azərbaycan oğlu doğma yurddan minlərlə kilometr aralıda Vətən naminə faşizmə qarşı mübarizə aparırdılar.
Qızğın döyüşlərdə partizan dəstəsi tərkibində vuruşan Əhmədiyyə Paris şəhərinin azad olunmasında da iştirak edir. Elə həmin gün general Şarl de Qolla görüşür. Bu görüşü fotoşəkil də təsdiqləyir. Müvəqqəti Fransa hökumətinin prezidenti olan Şarl de Qollun iştirak etdiyi banketə Əhmədiyyə də dəvət alır.
"Fəxri legion" ordeni ona hərbi paradlarda generallardan qabaqda getmək hüququ verirdi
Müharibə başa çatanda hamının Armed Mişel kimi tanıdığı Əhmədiyyə əsl qəhrəmana çevrilir. Hər kəs Əhmədiyyənin onun ölkəsinin vətəndaşı olmasını arzulayır. Şarl de Qoll da dəfələrlə Armed Mişelə Fransada qalıb yaşamaq, Amerika səfırliyi isə ona ABŞ vətəndaşı olmağı təklif edir. Əhmədiyyə Fransanın Milli Qəhrəmanı kimi hamının qəlbinə yol tapır. Müharibə bitdikdən sonra Fransada onun hərbi şücaətlərini layiqincə qiymətləndirilir və ona Fransanın Milli Qəhrəmanı adı verilir. O, "Fəxri legion" ordeni ilə təltif olunur. Bu orden hərbi paradlarda, rəsmi keçidlərdə ona generallardan qabaqda getmək hüququ verirdi.
Vətən həsrəti arzusu Fransa prezidenti Şarl de Qollun köməkliyi ilə həyata keçir
Vətən həsrəti Əhmədiyyəni rahat buraxmırdı. Müharibədən sonra ən böyük arzusu vətənə dönmək, doğma Oxud kəndində dost-tanışı, qohum-əqrəbası ilə görüşmək, döyüş xatirələrini bölüşmək idi. Əhmədiyyənin bu arzusu 1946-cı il noyabrın 25-də Fransa prezidenti Şarl de Qollun köməkliyi ilə həyata keçir. Beləliklə, o, vətənə qayıdır.
Fransız xalqının xilaskarını Fransa prezidenti yüksək dəyərləndirirdi
İkinci Dünya müharibəsi zamanı faşistlərə qarşı Fransa Müqavimət Hərəkatına rəhbərlik etmiş general Şarl de Qollun silahdaşı olan Əhmədiyyə öz xatirələrində yazmışdı: "...Saysız-hesabsız əməliyyat tapşırıqlarına gedərək... həmişə başıma fransız kepkası qoyardım ki, sadə fransızlardan seçilməyim. Bir gün elə oldu ki, Şarl de Qolla əməliyyata gedəsi oldum. Qabağa keçərkən ona dedim ki, sən keç arxaya və özüm qabağa getdim. De Qoll dedi ki, niyə belə edirsən? Cavab verdim ki, əgər səni vursalar bütün Fransa partizanları, Müqavimət Hərəkatı başsız qalacaq, əgər məni vurası olsalar, heç bir qorxusu yoxdur". De Qoll Əhmədiyyənin bu cəsarətindən heyrətə gəlir. Həmin gün onların birgə əməliyyatı uğurla başa çatır. Beləliklə, gələcək Fransa prezidenti ilə Əhmədiyyə Cəbrayılovun arasında əsl dostluğun təməli qoyulur. Fransa dövləti onun hərbi şücaətlərini layiqincə qiymətləndirir və ona "Fransanın Milli Qəhrəmanı" adını verir. "Fəxri legion" ordeninə layiq görülür.
Əfsanəvi qəhrəmanın qəhrəman oğlu
İkinci Dünya müharibəsində əfsanəvi qəhrəmanlığı ilə seçilən Əhmədiyyə Cəbrayılovun oğlu Mikayıl Cəbrayılov keçmiş Ermənistan-Azərbaycan Dağlıq Qarabağ hadisələri başlayanda polis leytenantı işləyirdi.
1990-cı il dekabrın 12-də baş leytenant Mikayıl Cəbrayılov 4 nəfər polis əməkdaşı ilə birgə Qarabağa ezam olunmuşdu. Onlar Cəmilli kəndinin müdafiəsində iştirak etməli idilər. Bu o vaxt idi ki, erməni yaraqlıları Qarabağın azərbaycanlılar yaşayan kəndlərinə tez-tez hücum edərək əhaliyə dinc yaşamağa imkan vermirdilər. Dekabrın 15-də mühasirədə qalmış Cəmilli kəndinin əhalisi üçün ayrılmış 4 ton taxılı gətirmək məqsədilə polis dəstəsi Kosalar kəndinə yola düşür. Mikayılla birlikdə 15 nəfər polis də gedirdi. Ermənilərlə ölüm-dirim mübarizəsində Mikayıl da çiynindən yaralanır. O, maşından yerə atılıb, yoldaşlarının həyatını xilas etməyə çalışır, təkbətək qalaraq ermənilərin hücumunun qarşısını qəhrəmanlıqla alsa da, son anda döyüş meydanında həlak olur. Azərbaycan Respublikası Prezidentinin 6 iyun 1992-ci il tarixli fərmanı ilə Mikayıl Əhmədiyyə oğlu Cəbrayılova ölümündən sonra "Azərbaycanın Milli Qəhrəmanı" adı verilir.
Əhməd Cəbrayılovun xatirəsinə böyük ehtiram göstərilir
Fransanın Milli Qəhrəmanı Əhmədiyyə Cəbrayılovun və Azərbaycanın Milli Qəhrəmanı Mikayıl Cəbrayılovun ev-muzeyinə rəhbərlik edən Cavanşir Cəbrayılov qeyd etdi ki, ümummilli liderimiz Heydər Əliyev atamla daim maraqlanır və xidmətlərini dəyərləndirirdi. 1997-ci ildə ulu öndər Heydər Əliyevlə birlikdə mən də Fransaya rəsmi səfərdə iştirak etdim.
Qəhrəman Əhmədiyyə Cəbrayılovun oğlu dedi ki, istəyirəm ki, atamın arxivini topladığımız evə muzey statusu verilsin. Bir də ev-muzeyinin genişləndirilməsini təklif edirəm. Fransızlar, ruslar, ukraynalılar bura mütəmadi gəlir, məktublar yazırdılar. 16 000 məktubu fayllarda bu günə qədər saxlayıram. Buna görə də bu fundamental arxivin itməsini istəmirəm.
Mikayıl NƏRİMANOĞLU,
"Respublika".