Faunaya təsir göstərən iqlim dəyişmələri
Ekologiya

Faunaya təsir göstərən iqlim dəyişmələri

Yer kürəsi tarix boyu bir çox iqlim dəyişmələrinə şahidlik edib. Son 4 min ildə planetdə fərqli iqlimlər meydana gəlib, buz dövrü, kəskin istiləşmə və quraqlıq bunlardan sadəcə bir neçəsidir. XIX əsrdən başlayan sənayeləşmə dövründən etibarən qlobal istiləşməyə səbəb olan zəhərli qazların havaya buraxılması iqlimə mənfi təsir göstərib. Ekoloqlara görə, qlobal istiləşmə son 20 ildə ən yüksək səviyyəyə çatıb.

İqlim dəyişmələrinin yaratdığı mənfi nəticələr yalnız insanlara deyil, bütün canlı aləmə təsir edir. Temperatur artımı ilə buxarlanma da artır, torpağın nəmliyi azalır. Bu isə bəzi bitki, heyvan və mikroorqanizmlərin məhv olmasına gətirib çıxarır. Canlıların sürətlə dəyişən iqlim şəraitinə adaptasiya müddəti müxtəlif olduğundan bu, ekosistemə birbaşa təsir göstərir. İqlim dəyişmələrinə tez uyğunlaşan bitki və heyvanlarda artım müşahidə olunmasına baxmayaraq, yavaş adaptasiya olan növlərdə isə azalma, köçetmə və ya yoxolma təhlükəsi baş verir. Bioloji müxtəliflik ekosistemin tarazlığını saxlayan ən böyük amildir. Heyvanlar aləmi isə ekosistemin ayrılmaz hissəsidir. Bir növün yoxolma təhlükəsi ilə üz-üzə qalması o heyvanlarla qidalanan başqa növlərin də nəslinin tükənməsinə səbəb ola bilər.

Qeyd edək ki, yırtıcı heyvanların və fillərin nəslinin kəsilməsinə səbəb ətraf mühitdə baş verən dəyişikliklərdir. Bu vəziyyət, əslində gələcəkdə inkişaf prosesinə daha dərindən təsir edəcək. Bitki örtüyünün dəyişməsi su mənbələrinin axışına və həcminə mənfi təsir edir. Beləliklə, ekosistemin quruluşu və fəaliyyəti dəyişir, bol şirin suya ehtiyacı olan fillərin azalması və köçləri bundan qaynaqlanır. Həmçinin fillərin köçlərinin yağış və bitki örtüyündəki digər dəyişikliklərə bağlılığını nəzərə alsaq, onların ciddi təhlükə altında olduğunu görərik.

Bundan əlavə, iqlim dəyişmələri səbəbilə buzların əriməsi soyuq ərazilərdə yaşayan heyvanların həyatına ciddi təsir göstərir. Məsələn, qütb ayıları iqlim dəyişmələri təhlükəsi altındadır. Şimal Qütb Bölgəsi (Arktika), qlobal ortalama temperaturdan təxminən iki dəfə sürətlə istiləşir, bu da dəniz buzunun əriməsi və qalan buz örtüyünün incəlməsi ilə qütb ayılarının yaşayış sahələrinin kiçilməsinə səbəb olur. Qütb ayıları buz üzərində yaşadığından azalan dəniz buzu bu heyvanların nəslinin kəsilməsinə gətirib çıxara bilər. Külək və dəniz axınları qütb ayılarını bilmədikləri bölgələrə apara və onları başqa buz kütləsi tapmaqları üçün açıq dənizdə uzun müddət üzməyə məcbur edə bilər.

Azərbaycan da qlobal iqlim dəyişmələrinin təsirindən kənarda qalmayıb. Son 100 ildə ölkə ərazisində orta illik temperaturlar 0,4-1,30C-yə qədər artıb. İqlim dəyişmələri fonunda Azərbaycan daşqınlar, qar uçqunları, tufanlar, qasırğalar, dalğalanmalar, güclü küləklər, istiliklər, quraqlıqlar, buzlaqların əriməsi, şoranlaşma, torpaqların deqradasiyası, səhralaşma, yağıntıların və su ehtiyatlarının azalması kimi ekstremal iqlim hadisələrinin təsirlərinə məruz qalıb. Qafqaz ayısı, Gəncə qısaquyruğu və bəzi quş növləri ölkəmizdə iqlim dəyişmələri səbəbindən nəsli tükənməkdə olan heyvanlardandır. Əsasən qışın qısa keçməsi, su mənbələrinin azalması, temperatur artımı bu heyvanların məhv olmasına səbəb olur. Ölkəmizdə isə onların təhlükəsizliyinin təmin olunması məqsədilə bir çox tədbirlər görülür. İqlim dəyişmələri ilə mübarizə aparılır. Belə ki, bu il Azərbaycanda keçiriləcək COP29 tədbirləri bunun ən bariz nümunələrindəndir.

Azərbaycanın COP29-dakı iştirakı, qlobal iqlim siyasətinə töhfə vermək və ölkənin iqlim dəyişmələrinə qarşı mübarizədəki rolunu gücləndirmək məqsədini daşıyır. Ölkənin bu sahədəki fəaliyyəti, həm regional, həm də qlobal səviyyədə ətraf mühitin qorunması və davamlı inkişaf məqsədini dəstəkləyir. Ölkəmizdə iqlim dəyişmələri mövzusunda ictimai maarifləndirmə proqramları həyata keçirilir. Bu proqramlar əhalinin iqlim dəyişmələri və onun fəsadları haqqında məlumatlılığı artırır. İqlim dəyişmələrinə uyğunlaşma tədbirləri çərçivəsində Azərbaycan iqlim təhlükələrinə qarşı mühafizə mexanizmlərini gücləndirir.

Ləman TƏHMƏZ.