Əzəli yurda əbədi qayıdış
Sosial həyat

Əzəli yurda əbədi qayıdış

"44 günlük Vətən müharibəsi şanlı tariximizdir və Azərbaycan xalqı bundan sonra əbədi bu Zəfərlə fəxr edəcək". Müzəffər Ali Baş Komandan İlham Əliyevin sarsılmaz iradəsi ilə illərdir işğal altında qalan ərazilərimiz düşməndən geri alındı. Haqq savaşında qazandığımız zəfərdən sonra indi əsas məsələ işğaldan azad olunmuş əraziləri yenidən çiçəkləndirməkdir.

Hazırda burada aparılan nəhəng quruculuq işləri dövlətin iqtisadi gücünü və xalqın qətiyyətini göstərir. Vandal ermənilər tərəfindən məhv edilən tarixi abidələrimizin əvvəlki görkəmi özünə qaytarılır. Viran qoyulmuş şəhərlərimiz yenidən müasir formada qurulur. Milli ordumuzun hünəri, rəşadəti nəticəsində geri qaytarılan o torpaqlarda yeni evlərin, binaların, məktəblərin, xəstəxanaların təməli qoyulur. Bu da bizi Qarabağa "Böyük Qayıdış"a səsləyir.

Zəfər yolunun çəkilişi, Füzuli və Zəngilan Beynəlxalq Hava limanlarının tikintisi, Ağalıda "Ağıllı kənd" kimi nəhəng və möhtəşəm layihələrin icrası başa çatdırılıb. 2022-ci ildə Zəngilan Beynəlxalq Hava Limanının açılışında Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan demişdi: "İşğaldan azad edilən qədim Azərbaycan torpaqlarında bir il ərzində ən müasir ikinci hava limanını açmaq bu qədər çətin dövrdən sonra hər ölkənin bacara biləcəyi bir iş deyil". Xatırlatmaq lazımdır ki, bu beynəlxalq hava limanı İkinci Qarabağ müharibəsində işğaldan azad edilmiş ərazilərdə inşa edilən ikinci beynəlxalq aeroportdur.

2022-ci il mayın 10-da istifadəyə verilən Şuşa Rəqəmsal İdarəetmə Mərkəzi işğaldan azad edilmiş Qarabağda yenidənqurma prosesini daha da sürətləndirib. Güləbird Su Elektrik Stansiyası, 7 yarımstansiya, Suqovuşan və Talışa gedən yollar istifadəyə verilib.

Təcavüzkar hayların 30 il ərzində tarixi torpaqlarımızı mina məzarlığına çevirməsi keçmiş məcburi köçkünlərin geri dönüşünə maneə olsa da soydaşlarımız mərhələli şəkildə yurdlarına qayıdırlar. Məcburi köçkünlərin ən rahat şəraitdə məskunlaşmaları üçün ərazidə hər cür şərait yaradılır. Uşaq bağçaları, məktəblər, xəstəxanalar inşa olunur. Şuşa şəhərindəki "Qarabağ" hoteli, Bülbülün ev-muzeyi və büstü, Molla Pənah Vaqifin məqbərəsi, dahi Azərbaycan bəstəkarı Üzeyir Hacıbəylinin ev-muzeyi açılıb, heykəli qoyulub. Həmçinin "Xarı bülbül" hoteli istifadəyə verilib, yeni hotel və muzey mərkəzlərinin təməli qoyulub. 4 il müddətində yaradılan yeni infrastruktur, modern məktəblər və yaşayış binaları Qarabağımızın gözəlliyini, əvvəlki şan-şöhrətini özünə qaytarır. Qarabağ bölgəsində həyata keçirilən bərpa- quruculuq işləri aparıcı biznes dairəsi ilə birgə əməkdaşlığa, dövlət-özəl tərəfdaşlığının, habelə regionda sabitliyin və inkişafın qorunmasına mühüm zəmin yaradır. Ali Baş Komandanın tarixi torpaqlarımıza səfərləri ora xüsusi qayğı göstərdiyinin bariz sübutudur. Ölkə başçımızın Sərəncamı ilə təsdiq edilən "Böyük Qayıdışla bağlı 2022-2026-cı illəri əhatə edən Dövlət Proqramı"nın icrası ilə Qarabağ və Şərqi Zəngəzur yenidən dirçələcək.

Şuşa şəhərinə ilk qayıdış mayın 10-da gerçəkləşdirilib. Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Şuşada birinci yaşayış kompleksinin açılışında iştirak ediblər, şəhərə köçmüş ilk sakinlərlə görüşüblər. Sakinlərlə görüşən dövlət başçısı onların sevincini bölüşüb, hər birini təbrik edib: "Otuz iki ildən sonra siz doğma Şuşaya qayıdırsınız. Bu gözəl tarixi hadisə münasibətilə sizi ürəkdən təbrik edirəm. Siz otuz iki il vətən həsrəti ilə yaşamısınız, amma bilirəm ki, bir an da Şuşanı unutmamısınız, bilirdiniz və inanırdınız ki, siz buraya qayıdacaqsınız. Mən də bilirdim, mən də inanırdım və Prezident kimi 2003-cü ildən başlayaraq sizi və bütün keçmiş köçkünləri öz doğma vətəninə qaytarmaq üçün əlimdən gələni əsirgəmirdim". Qeyd edək ki, Şuşaya qayıdışın köç qrafikinə əsasən ilkin mərhələdə birinci yaşayış kompleksinə 20 ailə olmaqla 88 nəfər köçürülüb. İyirmi üç binadan ibarət yaşayış kompleksinin təməli 2021-ci il avqustun 29-da qoyulub. Yaşayış kompleksi 28-i birotaqlı, 195-i ikiotaqlı, 190-ı üçotaqlı, 30-u dördotaqlı və 7-si beşotaqlı olan 450 mənzildən ibarətdir.

Xalqımız bundan sonra əzəli torpaqlarında əbədi yaşayacaq, qurub-yaradacaq, özündən sonrakı nəsillərə torpağı əmanət qoyacaq, öz izlərini tarixin şanlı səhifələrində saxlayacaq. Yüz illər keçsə də Azərbaycan bayrağı hər zaman Qarabağ səmasında öz yerini qoruyacaq, qürurla dalğalanacaq.

Ləman TƏHMƏZ.