Laçınlıların sıx məskunlaşdıqları Taxtakörpü qəsəbəsində yerləşən Laçın Rayon İcra Hakimiyyətinin inzibati binasında "Yaşıl dünyamızı daha da yaşıllaşdıraq" adlı tədbir keçirilib. Tədbirdən əvvəl ərazidəki inzibati binaların ətrafında təmizlik və abadlıq işləri aparılıb.
Tədbirdə çıxış edən rayon icra hakimiyyətinin başçısı Aqil Nəzərli Prezident İlham Əliyevin sərəncamı ilə 2024-cü ilin "Yaşıl dünya naminə həmrəylik ili" elan edilməsindən və bununla bağlı rayonda görülən işlərdən danışıb. Eyni zamanda dünyanı narahat edən ekoloji problemlərdən, iqlim dəyişmələrindən, Azərbaycanın COP29 konfransına ev sahibliyi etməsindən və ölkəmizin beynəlxalq nüfuzunun daha da artmasından söz açıb. İqlim dəyişmələrinə qarşı qlobal mübarizədə beynəlxalq həmrəyliyin gücləndirilməsi məqsədilə Prezident İlham Əliyevin 25 dekabr 2023-cü il tarixli Sərəncamında qeyd edildiyi kimi, BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası - COP29 kimi mötəbər bir tədbirin Azərbaycanda keçirilməsi ilə əlaqədar yekdil qərarın verilməsi beynəlxalq ictimaiyyət tərəfindən ölkəmiz böyük hörmət və etimadın, eləcə də milli, regional və qlobal səviyyədə ətraf mühitin qorunması, iqlim dəyişmələrinin qarşısının alınması işinə töhfəsinin təqdir olunmasının bariz nümunəsi olduğu bildirilib.
Laçın Rayon İcra Hakimiyyəti başçısının birinci müavini Tofiq Mirzəyev bu gün dünyanı narahat edən qlobal ekoloji problemlərin canlı aləmə, ətraf mühitə mənfi təsirinin qarşısını almaq məqsədilə görülən işlərdən danışıb. Bu sahəyə diqqətin artırılmasını, beynəlxalq həmrəyliyin gücləndirilməsini, ölkəmizin bu təşəbbüsə qoşulmasını yüksək dəyərləndirərək qeyd edib ki, Prezident İlham Əliyev tərəfindən 2024-cü ilin "Yaşıl dünya naminə həmrəylik ili" elan edilməsi yaşıllıqların, meşə zolaqlarının salınması, su hövzələrinin təmizlənməsi, ətraf mühitin qorunması istiqamətində görüləcək işlərin artırılmasına bir çağırışdır. Bildirilib ki, Ermənistanın hərbi təcavüzü və işğal illəri laçınlıların yurd sevgisinə ev, ocaq həsrətinə, qayıdış inamına kölgə sala bilmədi, köçkün həyatı yaşasalar da, ruhdan düşmədilər, əlləri işdən soyumadı, keçmiş ənənələri qoruyub saxladılar, ata-babadan onlara miras qalan heyvandarlığa, o cümlədən, qoyunçuluğa və arıçılığa diqqəti daha da artırdılar. İşğaldan sonra əhalinin böyük əksəriyyəti Laçın rayonunun qış yataqlarına, Ağcabədi rayonu ərazisindəki Taxtakörpüyə pənah gətirdilər. Aran torpağının istisindən, bürküsündən, su sarıdan korluq çəksələr də, bu ərazilərdə onlarla oba saldılar, bir-birinə həyan olaraq torpaqdan ikiəlli yapışdılar, qıtlığın, çətinliyin kürəyini yerə vurdular.
Taxtakörpüdə dövlət tərəfindən laçınlılara müasir qəsəbələr salındı, hər cür şərait yaradıldı, yeni bir həyata başladılar. Laçın camaatı əzəldən qoçaq, işgüzar olub, ona görə də doğma yurd yerlərindən didərgin düşəndən sonra yenidən ayaq üstə qalxmağa, təsərrüfat qurmağa əsl hünər göstərdilər. Vaxtilə səhranı xatırladan Taxtakörpüdə ağac əkdilər, bağ saldılar, yaşıllıq zonaları yaratdılar. İndi Taxtakörpü yaşıl adanı xatırladır.
S.BABAYEV,
"Respublika".