Ermənilərin türklərə və azərbaycanlılara qarşı nifrət zəminində həyata keçirdikləri məkrli siyasət hələ də davam edir. ABŞ Ədliyyə Nazirliyinin bir neçə gün əvvəl yayımladığı məlumat bunu bir daha təsdiqləyir.
Məlumata görə, erməni əsilli Aram Branson azərbaycanlılara qarşı bomba hazırlamaqda ittiham edilir. İttiham sənədlərində Bransonun 2023-cü ilin yanvarında Çikaqo Universitetindəki yataqxanada partlayış törətdiyi qeyd olunub. Araşdırmalar nəticəsində məlum olub ki, bu cihazın partlaması nəticəsində otaq yanıb, yataqxanadakı insanlar isə təxliyə edilib. Aram hadisə ilə bağlı deyib ki, internetdə rast gəldiyi bir zarafatı təqlid edirmiş. Amma araşdırmalar Bransonun əslində Ermənistanın terror siyasətini dəstəklədiyini və onun da bu fəaliyyətdə iştirak etdiyini üzə çıxarıb.
Eyni zamanda Bransonun partlayıcı qurğular hazırlamaq, qapı və masalara qumbaralar yerləşdirmək məqsədilə videolar çəkdiyi də bildirilib. Bransonun 2023-cü ilin avqustunda Bostondan Ermənistana səfəri zamanı avtomobilində tapılan qeyri-adi və çox təhlükəli partlayıcı maddələr hava limanının təhlükə siqnalını işə salıb. İddialara görə, Branson gömrük və sərhəd mühafizə əməkdaşlarına partlayıcı maddələrin avtomobilinə necə daxil olduğunu bilmədiyini söyləyib. Amma axtarış zamanı Bransonun Nyutondakı evində həmin partlayıcı qurğuları hazırlamaq üçün ətraflı təlimat müəyyən edilib. A.Bransonun internetdəki axtarış sistemlərində maraqlandığı məlumatlar isə onun ABŞ-da xarici diplomatik obyektlərə qarşı cinayət törətməyi planlaşdırdığını göstərir. Təsadüfi deyil ki, Azərbaycanın ABŞ-dakı diplomatik nümayəndəlikləri ilk hədəflərlərindən biri idi. İttiham sənədlərində vurğulanır ki, Bransonun bomba hazırlamaq planının arxasında Qarabağdakı ermənilər üçün guya təhlükə yaradan azərbaycanlılara və digər şəxslərə qarşı istifadə etmək məqsədi dayanır. Ehtimal olunur ki, bu plan 2023-cü ilin sentyabrın 19-20-də Qarabağda həyata keçirilmiş antiterror əməliyyatından əvvəlki dövr üçün nəzərdə tutulub. Erməni ənənələrini davam etdirən 21 yaşlı gəncin Azərbaycan dövlətinə qarşı terror aktları təşkil etmək üçün fəaliyyət göstərdiyi aydın görünür. Bununla yanaşı, ABŞ təhlükəsizlik qüvvələrinin, Ədliyyə Nazirliyinin və Federal Təhqiqatlar Bürosunun araşdırmalarda passiv davranması da diqqət çəkir. Yataqxanada törətdiyi partlayış və evində tapılan terror planlarına baxmayaraq, ABŞ hüquq-mühafizə orqanlarının onu dərhal həbs etməməsi və potensial terrorçunun hər dəfə gətirdiyi bəhanələrə inanması da bu məsələdə qeyri-konstruktiv mövqe daşıyır. Məhz bu səbəbdən Aram Branson ABŞ sərhədlərini tərk edərək Ermənistana sığınıb. Hazırda Aram Bransonun İrəvanda olduğu və burada Amerikan Universitetində təhsil aldığı ehtimal edilir.
Potensial terrorçu məlumatları saxtalaşdırmaq, gizlətmək və ya ört-basdır etmək, həmçinin federal rəsmilərə yalan ifadələr verməkdə ittiham olunur. İttihamların hər birinə görə beş ilədək həbs cəzası, üç il şərti azadlıq və 250 min ABŞ dollarına qədər cərimə tətbiq edilir. Lakin mövcud maddi sübutlar və çoxsaylı faktlar Aram Bransonun Azərbaycana qarşı terror aktları planlaşdırdığını, lakin müəyyən səbəblərdən bu niyyətini həyata keçirə bilmədiyini göstərir. Beləliklə, ona qarşı irəli sürülən ittihamların bu qədər yüngül olması ABŞ hüquq-mühafizə sistemindəki boşluqlardan və digər ehtimallardan xəbər verir. Bransonun Ermənistana sığınması isə bu ölkənin terroru dövlət səviyyəsində dəstəkləməsinə dair tutarlı dəlildir. Ümumiyyətlə, Ermənistan daim terrorçuların sığınacağı olub. Məsələn, 2001-ci ildə Fransa ömürlük həbs cəzasına məhkum etdiyi ASALA terrorçusu Varujan Karapetyanı 18 il həbsdə qaldıqdan sonra Ermənistana təhvil vermiş, baş nazir Andranik Markaryan isə terrorçunu qəbul edərək ona mükafat vəd etmişdi. İrəvanda evlə və işlə təmin olunan Varujan Karapetyan 1983-cü il iyulun 15-də Parisin "Orli" hava limanında "Türk Hava Yolları"na məxsus sərnişin təyyarəsinə bomba yerləşdirmişdi. Bombanın təyyarə havaya qalxmazdan əvvəl partlaması nəticəsində 8 nəfər, o cümlədən Fransa vətəndaşları həyatını itirmişdi. Buna baxmayaraq, Ermənistan rəhbərliyi isə mülki şəxslərə qarşı terror əməlləri törətmiş Karapetyanı mükafatlandırmışdır. Ermənistanın terrorçulara isti münasibətinə daha bir misal, 1982-ci il yanvarın 28-də Türkiyənin Los-Ancelesdəki baş konsulu Kamal Arıkanı qətlə yetirməkdə təqsirli bilinən ASALA üzvü, erməni terrorçusu Ambik Sasunyan 2021-ci ilin oktyabrında ABŞ tərəfindən müəmmalı şəkildə azad edilərək İrəvana köçürüldü.
Xatırladaq ki, XIX əsrin ikinci yarısında Osmanlı və Rusiya imperiyalarının ərazisində yaranan ilk erməni terror qruplaşmaları əvvəlcə dövlət rəsmilərini, daha sonra mülki azərbaycanlıları və türkləri hədəfə alıb. Erməni terror qruplarının ilk böyük aksiyalarından biri 1896-cı il avqustun 26-da "Daşnaksütyun" partiyasının 25 üzvünün İstanbulda Osmanlı Bankını ələ keçirərək insanları girov götürməsi ilə baş verdi. Bu terrorçulara daha sonra Fransanın Marsel şəhərinə getmək icazəsi verildi. Bu aksiya erməni terrorçularını daha da ruhlandırdı, onları mütəşəkkil şəkildə təşkilatlanmağa, terror fəaliyyətlərini genişləndirməyə sövq etdi. 1905-1906-cı illərdə erməni terroru Rusiya imperiyasının ərazisində, tarixə erməni-müsəlman qırğını kimi düşən qanlı toqquşmalarda da müşahidə edildi. Çar Rusiyasının gizli və bəzən açıq dəstəyi ilə erməni silahlı qrupları Bakı, Naxçıvan, İrəvan, Tbilisi, Qarabağ və Zəngəzurda azərbaycanlıların yaşadığı kənd və şəhərlərə hücumlar təşkil edirdi. Bu hücumların əsas təşkilatçıları "Daşnaksütyun" və "Hnçak" partiyaları idi. Birinci Dünya müharibəsinin, Osmanlı və Rusiya İmperiyalarının çöküşü ilə nəticələnən hərbi-siyasi və sosial-iqtisadi xaos fonunda erməni terroru daha açıq şəkildə meydana çıxmağa başladı. 1920-1922-ci illər arasında Azərbaycan Xalq Cümhuriyyəti və Osmanlı Türkiyəsinin bir sıra keçmiş dövlət xadimləri erməni terrorçuları tərəfindən qətlə yetirildi. Bu dövrdə AXC-nin keçmiş baş naziri Fətəli Xan Xoyskini, parlamentin keçmiş sədr müavini Həsən bəy Ağayevi, keçmiş daxili işlər naziri Behbud bəy Cavanşiri və keçmiş baş nazir Nəsib bəy Yusifbəylini qətlə yetirdilər. Erməni terrorizminin bu tarixi onun hədəflərinin dəyişməməsini və mütəşəkkil şəkildə genişlənməsini göstərir.
Ermənistanın terrora verdiyi dəstək və bunun yeni nəsil terrorçularla davam etməsi beynəlxalq ictimaiyyətin diqqət mərkəzində olmalıdır. Bu vəziyyət yalnız bölgənin deyil, bütün dünyanın təhlükəsizliyinə təsir edən ciddi bir məsələdir. Ermənistanda terrorizmin dövlət siyasətinin bir hissəsi olması regionda sülh və təhlükəsizliyin təmin edilməsinə əngəl olan faktorlardan biridir.
Nəzrin ELDARQIZI,
"Respublika".