Ermənistana sülh yox,
Siyasət

Ermənistana sülh yox, "şou" lazımdır

1994-cü ildə imzalanan atəşkəs sazişi 30 il boyunca kağız üzərində qaldı. Belə ki, ərazilərimizi işğal edib, sərhəddə mütəmadi olaraq təxribatlar törətməkdən də çəkinməyən ermənilər 2020-ci ildə öz layiqli dərslərini aldılar.

Azərbaycan Ordusu Ali Baş Komandanın rəhbərliyi ilə torpaqlarımızı düşmən tapdağından azad etdi. Sülhə məcburetmə və imzaladığı kapitulyasiya aktı Ermənistanı düşünməyə vadar etdi. Artıq rəsmi İrəvanla sülh müqaviləsinin imzalanması yeni mərhələyə yüksəlib. Lakin təəssüf ki, hər dəfə sülhə doğru bir addım atıldıqda qarşı tərəf sərhəddə təxribata əl atır. Atəşkəsi pozan ermənilərin bu addımı heç bir məntiqə sığmır. Görünür, Ermənistana sülh yox, sadəcə "şou" lazımdır.

Müdafiə Nazirliyi iyunun 12-si saat 10:05-dən 17:50-dək Ermənistan silahlı qüvvələrinin bölmələri tərəfindən Azərbaycan Ordusunun Naxçıvan Muxtar Respublikasının Şərur rayonunun Havuş, Ordubad rayonunun Nürgüt, Şahbuz rayonunun Güney Qışlaq yaşayış məntəqələri istiqamətlərində yerləşən mövqelərinin bir neçə dəfə atıcı silahlardan atəşə tutulduğunu bildirib. Bu isə tanış mənzərəni xatırladır. Belə ki, Ermənistan tərəfi hər dəfə ya sülhə real zəmin yarandığı, ya da kiməsə arxalandıqları bir dövrdə atəşkəsi pozaraq təxribata əl atırlar. Bu il aprelin 5-də Brüsseldə Ermənistanın baş naziri Nikol Paşinyan, Avropa Komissiyasının prezidenti Ursula fon der Lyayen və Amerika Birləşmiş Ştatlarının dövlət katibi Antoni Blinken arasında keçirilən üçtərəfli görüşdən sonra Ermənistan silahlı qüvvələri ordumuzun mövqelərini intensiv atəşə tutmuşdu.

Sülh danışıqlarının gündəmdə olduğu və Paşinyanın Qazaxın işğal altında olan dörd kəndini Azərbaycana geri qaytarmaq istəyi ilə bağlı səsləndirdiyi bəyanatlar fonunda rəsmi İrəvanın havadarlarının dəstəyindən həvəslənib təxribatları artırması bu ölkənin sabitlik deyil, gərginlik yaratmaqda maraqlı olduğunu bir daha nümayiş etdirir.

Elə 2024-cü il fevralın 12-də də oxşar təxribat törədildi. Belə ki, Avropa İttifaqının "binokl diplomatiyası"ndan sonra qarşı tərəf əlini növbəti dəfə silaha atdı. Azərbaycan-Ermənistan şərti dövlət sərhədinin Zəngilan rayonu ərazisindən keçən hissəsində Dövlət Sərhəd Xidmətinin Sərhəd Qoşunlarının Zəngilan rayonunun Kolluqışlaq kəndi ərazisində yerləşən mövqeyinə Ermənistan Silahlı Qüvvələrinin Qafan rayonunun Nerkin-And yaşayış məntəqəsi istiqamətində yerləşən mövqeyindən atəş açılmış, nəticədə azərbaycanlı hərbi qulluqçu yaralanmışdı. Həmin dövrdə bölgədə yaranan səssizlik beləcə pozulmuşdu.

Ermənistanın hərbi siyasi rəhbərliyi sülh danışıqları ilə bağlı kifayət qədər konstruktiv mövqe nümayiş etdirmir. Şərti sərhəddə davamlı şəkildə təxribatların həyata keçirildiyi aydın şəkildə müşahidə olunur. Bu da onu göstərir ki, Ermənistanın siyasi elitası sülhdən uzaq bir yanaşmaya sahibdir. Burada təbii, həm daxili, həm xarici faktorları da qeyd etmək olar. Çünki daxildə revanşist əhvali-ruhiyyənin yüksək səviyyədə olması, 2 aya yaxın müddətdir ki, kilsə etirazlarının davam etməsi buna sübutdur. Eyni zamanda xaricdən də Paşinyana təzyiqlər var. Çünki Ermənistanın mütəmadi olaraq silahlanması, şərti sərhədə qoşun yığması və bunun fonunda silahlı təxribatları yenidən artırması, Azərbaycana qarşı revanşist ritorikadan hələ də əl çəkmədiyini göstərir. Əslində isə bu, heç təəccüb də doğurmur. Çünki Paşinyanın ikibaşlı siyasəti, müxtəlif platformalarda bir-birinə zidd açıqlamalar verməsi artıq ənənəvi hal alıb. Elə bunun nəticəsidir ki, normallaşma prosesindən danışan Paşinyan administrasiyası mənfur planlarını da həyata keçirməyə çalışır. Qərb Ermənistana təhlükəsizlik təminatları verməlidir. Bunu əsaslandırmaq üçün isə hər şeydən öncə nümayiş etdirməlidir ki, guya Ermənistana qarşı hansısa təhlükələr mövcuddur. Rəsmi İrəvan Azərbaycanın İkinci Qarabağ müharibəsindən sonra yaratdığı yeni reallıqların qəbul edilməməsi üçün bütün məkrli planlarını işə salıb. Bu isə onu göstərir ki, Ermənistan sülh və əmin-amanlıqdan danışsa da, revanşist ritorikadan əl çəkmir. Azərbaycan isə bundan fərqli olaraq bölgədə sabitliyin bərqərar olmasında maraqlıdır və atdığı bütün addımlar da beynəlxalq hüquqa əsaslanır. Sülhdən boyun qaçırmaq üçün əlində heç bir bəhanə qalmayan Ermənistanın etdiyi bütün təxribatlar isə ilk növbədə özünün zərərinədir.

Xatırladaq ki, bir müddət öncə Ermənistan XİN rəhbəri bu ölkənin konstitusiyasında Azərbaycana və Türkiyəyə qarşı olan ərazi iddialarını dilə gətirmiş və bunun sülh danışıqlarına daxil edilməyini bildirmişdi. Bu addım isə, heç şübhəsiz ki, qarşı tərəfin paralellik yaratmaq cəhdlərindən başqa bir şey deyildi. Lakin Prezident İlham Əliyev iyunun 6-da TÜRKPA-nın nümayəndə heyətini qəbul edən zaman Ermənistanın hazırkı konstitusiyasının dəyişməz qaldığı halda bu ölkə ilə Azərbaycan arasında sülh sazişinin bağlanmasının mümkünsüz olduğunu bildirmişdi. Ölkə başçısının qətiyyətini görən Ermənistan tərəfi geri addım atmış, A.Mirzoyan iyunun 11-də daha əvvəlki fikirlərini "regionda davamlı sülh üçün tarixi real məqam var", - deyə bir növ, əvəzləmişdi.

Ümumiyyətlə, son 1-2 ay ərzində Azərbaycan və Ermənistan arasında buzların yavaş-yavaş əriməsi, 4 kəndin qaytarılması və hər iki tərəfin sülh kontekstində fikirlər səsləndirməsi, üstəlik ölkəmizin bu il ev sahibliyi edəcəyi COP29 tədbirinin dünyaya sülh mesajı verəcəyini bildirməsi həqiqətən də uzun müddətdir gözlənilən sülh müqaviləsinin imzalanacağına olan inamı artırıb. Lakin Ermənistan tərəfinin məkrli siyasətini bu gün də davam etdirməsi sülh üçün ən böyük əngəldir. Bu baxımdan, qarşı tərəf həqiqətən də regionda sabitlik arzulayırsa, bu kimi sərsəm ritorikadan əl çəkməli və sülh arzusunda olduğunu nümayiş etdiməlidir.

Röya RÜSTƏMLİ,

"Respublika".