Əqli Mülkiyyət Agentliyi: “Yarımgilə” mahnısının erməni ifaçı tərəfindən mənimsənilməsi aradan qaldırılıb
Elm və təhsil

Əqli Mülkiyyət Agentliyi: “Yarımgilə” mahnısının erməni ifaçı tərəfindən mənimsənilməsi aradan qaldırılıb

Azərbaycan bəstəkarı, Əməkdar incəsənət xadimi Cavanşir Quliyevin “Yarımgilə” adlı mahnısının erməni ifaçı Minas Ovanesyan (Mino) tərəfindən mənimsənilməsi aradan qaldırılıb.

"Respublika" bununla bağlı Əqli Mülkiyyət Agentliyinin yaydığı məlumatı təqdim edir.

“Mediada məlumat verdiyimiz kimi, musiqisi Azərbaycan bəstəkarı, Əməkdar incəsənət xadimi Cavanşir Quliyevə məxsus, sözləri bayatılardan ibarət olan “Yarımgilə” mahnısının sözləri erməni ifaçı Minas Ovanesyan (Mino) tərəfindən dəyişdirilərək “Xrovel e im yare” adı ilə ifa edilib və “Youtube” platformasında yerləşdirilib.

Bununla əlaqədar Əqli Mülkiyyət Agentliyi avqustun 2-də geniş məlumat yayıb və bu halın aradan qaldırılması ilə bağlı tədbirlərin həyata keçirilməsinə başlayıb.

Bəstəkarın rəqəmsal şəbəkələrdə əmlak hüquqlarının idarəçiliyini həyata keçirən “Mikpro” MMC cəlb edilməklə Əqli Mülkiyyət Agentliyi tərəfindən həyata keçirilən tədbirlər nəticəsində Cavanşir Quliyevin müəllif hüquqlarının pozulmasına səbəb olan erməni ifaçı Minas Ovanesyanın (Mino) ifa etdiyi “Xrovel e im yare” adlı mahnı “Youtube” platformasında yerləşdirilmiş 5 (beş) səhifədən silinib.

Bununla da “Yarımgilə” adlı mahnının musiqisinin Azərbaycan bəstəkarı, Əməkdar incəsənət xadimi Cavanşir Quliyevə, sözlərinin bayatılardan ibarət olması və erməni ifaçı Minas Ovanesyanın (Mino) tərəfindən C.Quliyevin müəllif hüquqlarının pozulması “Youtube” rəhbərliyi tərəfindən öz təsdiqini tapıb və bəstəkarın pozulmuş hüquqları bərpa edilib”.