Enerji böhranının həllinə Azərbaycanın etibarlı dəstəyi
İqtisadiyyat

Enerji böhranının həllinə Azərbaycanın etibarlı dəstəyi

Təbii qaz bazarında baş verən son hadisələr Azərbaycanı Avropa İttifaqının ən etibarlı təchizatçısına çevirib. Ölkəmizin enerji, xüsusilə də təbii qaz ehtiyatları regionda enerji resurslarının diversifikasiyası üçün mühüm rol oynayır. Bu, Avropanın enerji bazarını digər təsirlərdən azad etməyə və alternativ enerji mənbələri ilə təminatına kömək edir.

2020-ci ilin sonundan Avropaya qaz nəqlinə başlayan Azərbaycan ixracı ildən-ilə artırır. 2023-cü ildə 10 milyard kubmetr olan qaz ixracı 2027-ci ildə 20 milyard kubmetrə çatdırılacaq. Sentyabrın 1-dən etibarən Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) tərəfindən Xorvatiyaya qaz təchizatına başlanılıb. Beləliklə, Xorvatiya, Türkiyə, Gürcüstan, İtaliya, Yunanıstan, Bolqarıstan, Rumıniya, Macarıstan, Serbiya və Sloveniyadan sonra Azərbaycan qazını alan onuncu ölkə olub. Bu geniş mənzərə Azərbaycan qazının Avropada necə mühüm rol oynadığını və enerji tədarükünün müxtəlifliyinin regional və qlobal təsirlərini göstərir.

İtaliyada Beynəlxalq Çernobbio forumunda çıxış edən Prezident İlham Əliyev bildirib ki, qarşıdakı illərdə Azərbaycandan qaz alan Avropa İttifaqı üzvlərinin sayı artacaq: "Bu gün enerji təchizatı onu aydın şəkildə nümayiş etdirir ki, enerji təhlükəsizliyi milli təhlükəsizliyin ayrılmaz parçasıdır. Azərbaycandan İtaliyayadək uzanan, Cənub Qaz Dəhlizi adlanan 3500 kilometrlik inteqrasiya edilmiş boru kəməri sistemi bu gün 10 ölkənin enerji təhlükəsizliyini təmin edir. Hazırda 10 ölkə Azərbaycandan qaz alır və onlardan 7-si Avropa İttifaqının üzvüdür. Bu səbəbdən Avropa Komissiyası Azərbaycanı ümum-Avropa qaz təchizatçısı və etibarlı tərəfdaş adlandırır. Qeyd etdiyim kimi, boru kəmərinin başlanğıcı Azərbaycandadır və İtaliyaya qədər uzanır. Ancaq marşrut boyu mövcud olan əlavələr və interkonnektorlar sayəsində bu kəmər geniş Avropa və Avrasiya coğrafiyasını əhatə edir. Burada da artım üçün güclü potensial var. Bu gün biz ən azı üç Avropa ölkəsi ilə qaz təchizatına dair danışıqlar aparırıq".

Ukrayna ordusunun Rusiyanın Kursk vilayətinin bir hissəsini nəzarətə götürməsi səbəbindən rus qazının Avropaya nəqlində problemlər yaranıb. Bu, avqustun sonunda qazın 1000 kubmetrinin qiymətinin 449 dollara qədər bahalaşmasına səbəb olub. Halbuki iyunun əvvəlində qazın 1000 kubmetrinin qiyməti 388 dollar idi. Üç ay ərzində Avropada təbii qaz praktiki olaraq 16 faiz bahalaşıb. Kursk hadisələri ilə yanaşı, bu bahalaşmada Avropada havaların isti keçməsinin də rolu olub. Təbii ki, evlərdə kondisionerlər daha çox işlədilib. Uyğun olaraq qaz turbinləri ilə elektrik enerjisi istehsalı da artıb. Avropada qazı bahalaşdıran digər amil isə maye qaz tankerlərinin Avropaya deyil, Asiya ölkələrinə üz tutmasıdır. Bu üç amil bu ilin yanvar-iyul aylarında Avropa İttifaqına boru kəməri ilə qaz nəqlinin beş faiz artımı ilə nəticələnib. Azərbaycan isə Avropaya qaz nəqlində daha fəal olub.

Enerji tədarükü həm regional, həm də qlobal səviyyədə geniş əhəmiyyətə malikdir və Azərbaycanın enerji sektoru bu təsirləri artırmaq üçün müxtəlif strategiyalar həyata keçirir. 2024-cü ilin ilk 7 ayında ölkəmizdən Avropaya təxminən 7,5 milyard kubmetr təbii qaz nəql edilib. Bu, ötən ilin uyğun dövrü ilə müqayisədə 13,6 faiz artım deməkdir. Təbii ki, bu artım Avropada təbii qaz qiymətlərini cilovlayan və sadə vətəndaş üçün əlverişli məcrada saxlayan amilə çevrilib. Halbuki 2022-ci ildə Avropada təbii qazın 1000 kubmetrinin qiyməti 1272 dollar olmuşdu. Həmin ilin qış aylarında Avropa sakinləri İkinci Dünya müharibəsindən sonra ən çətin günlərini yaşamışdılar. İndi isə Azərbaycanın yaratdığı alternativ təchizat marşrutu sadə Avropa vətəndaşını bu cür çətinliklərdən qoruyur. Bu ilin ikinci rübündə Azərbaycandan 3 milyard 511 milyon 183 min kubmetr qaz ixrac olunub ki, bu da illik müqayisədə 17,3 faiz çoxdur. Ötən ilin ikinci rübündə ölkədən 2 milyard 993 milyon 979 min kubmetr qaz ixrac edilib.

Azərbaycan Avropaya qaz tədarükündə mühüm rol oynayır. Xüsusilə Cənub Qaz Dəhlizi vasitəsilə Azərbaycan öz qazını birbaşa Avropaya çatdırır. Bu marşrut Avropanın enerji təhlükəsizliyini təmin etməyə və Rusiyadan enerji asılılığını azaltmağa kömək edir. TAP (Trans-Adriatik Boru Kəməri) və TANAP (Trans-Anadolu Boru Kəməri) kimi layihələr bu prosesin əsas tərkib hissəsidir və Azərbaycanın Avropa qaz bazarındakı mövqeyini gücləndirir. Bu boru kəmərləri yalnız enerji tədarükünü təmin etməklə qalmır, həm də Avropa İttifaqının enerji şaxələndirilməsi strategiyasının bir hissəsi kimi önəmlidir. Azərbaycanın Avropaya qaz tədarükü həm də ölkəyə iqtisadi mənfəətlər gətirir, xüsusilə qaz ixracından əldə edilən gəlir iqtisadiyyatın güclənməsinə töhfə verir. Bundan əlavə, Azərbaycan həm diplomatik əlaqələrini gücləndirir, həm də Avropanın enerji təhlükəsizliyində etibarlı tərəfdaş kimi çıxış edir.

Tacir SADIQOV,

"Respublika".