Əhali artımı innovativ yanaşmalar tələb edir
Sosial həyat

Əhali artımı innovativ yanaşmalar tələb edir

11 İyul Ümumdünya Əhali Günüdür

Hər il iyulun 11-i Ümumdünya Əhali Günü kimi qeyd olunur. Bu gün əhalinin qlobal problemləri və onların ətraf mühitə təsiri haqqında məlumatlılığın artırılması, ailə planlaması, gender bərabərliyi, yoxsulluq, qadın sağlamlığı və insan hüquqları kimi müxtəlif məsələlərdə inkişafa nail olmaq üçün təsis edilib. Birləşmiş Millətlər Təşkilatının (BMT) əhali problemlərinin həllinə yardım göstərən ən iri beynəlxalq təşkilat olan Əhali Fondu tərəfindən təsis edilən bu gün ilk dəfə 1990-cı ildə 100-ə yaxın artıq ölkədə qeyd olunub.

Ümumdünya Əhali Günü əhalinin artımının resurslara, ətraf mühitə və həyat keyfiyyətinə təsirini idarə etmək üçün hərtərəfli strategiyalara ehtiyac olduğunu xatırladır. Hazırda dünya əhalisinin sayı 8 milyardı ötdüyündən planlamaya ehtiyac həmişəkindən daha yüksəkdir. Hər il Ümumdünya Əhali Günü qeyd olunarkən aktual problemlər önə çəkilir və qlobal müzakirələrə səbəb olan xüsusi mövzular işıqlandırılır.

Dünya əhalisi təxminən 0,91 faiz sürətlə artır. Hazırda əhalinin artımı ildə təxminən 73 milyon nəfər olaraq qiymətləndirilir. İllik artım tempi 1960-cı illərin sonlarında pik nöqtəyə çatıb, o zaman artım, təxminən 2 faiz idi. O vaxtdan bəri artım tempi təxminən iki dəfə azalıb və növbəti illərdə də azalmağa davam edəcək. Beləliklə, dünya əhalisi XXI əsrdə, lakin yaxın keçmişlə müqayisədə daha yavaş sürətlə artacaq. Dünya əhalisi 40 il ərzində - 1959-cu ildən (3 milyard) 1999-cu ilə qədər (6 milyard) iki dəfə (100 faiz artım) artmışdır. Sonrakı 40 ildə isə 50 faiz artaraq 2037-ci ilə qədər 9 milyarda çatacağı təxmin edilir. Son proqnozlar göstərir ki, dünya əhalisi 2057-ci ildə 10 milyard, 2100-cü ildə isə 10,4 milyard nəfərə çatacaq. Ən çox əhalisi olan ölkələr siyahısına isə Hindistan, Çin, ABŞ, İndoneziya və Pakistan başçılıq edir.

Ümumdünya Əhali Günü 2005-ci ildən etibarən Azərbaycanda geniş şəkildə qeyd olunur. Ölkəmizdə MDB məkanında ilk dəfə olaraq elmi əsaslarla işlənilib, demoqrafiya sahəsində dövlət strategiyasını müəyyən edən "Azərbaycan Respublikasının Demoqrafik İnkişaf Konsepsiyası" təsdiqlənib. Hər il Ümumdünya Əhali Günü əhali ilə bağlı aktual problemləri əks etdirən xüsusi bir mövzuya həsr edilir. Mövzulara ailə planlaması, gender bərabərliyi və urbanizasiyanın təsiri kimi məsələlər daxildir. Ümumdünya Əhali Gününün qeyd olunmasında məqsəd əhali problemləri və onların iqtisadi, sosial və ekoloji davamlılıq üçün təsirləri haqqında ictimaiyyətin məlumatlandırılmasıdır. Əhali artımı ilə qida, su və enerji kimi resurslara da tələbat artır. Bu, ətraf mühitə böyük təsir göstərir və davamlı inkişafı təmin etmək üçün innovativ yanaşmalar tələb edir. Əhəmiyyətli irəliləyişlərə baxmayaraq, bir çox insan hələ də əsas ailə planlaması və reproduktiv sağlamlıq xidmətlərindən məhrumdur. Bu boşluq təkcə fərdin rifahına deyil, həm də iqtisadi sabitliyə və sosial inkişafa da təsir edir.

Sürətli urbanizasiya həm imkanlar, həm də problemlər yaradır. Şəhərlər misli görünməmiş sürətlə böyüyür və bu, mənzil, nəqliyyat və ictimai xidmətlərin idarə edilməsi üçün effektiv şəhərsalmanı zərurətə çevirir. Ümumdünya Əhali Gününün qeyd olunması artan əhalini yerləşdirə bilən ağıllı, davamlı şəhərsalma strategiyalarının da vacibliyini artırır. Əhali artımı istixana qazı emissiyalarını və resurs istehlakını artırmaqla iqlim dəyişmələri daha da gücləndirir. İqlim dəyişmələrinin həlli isə ətraf mühitə təsirləri azaltmaq üçün qlobal əməkdaşlığı təşviq edir.

Ümumdünya Əhali Günü əhali problemlərinə dair məlumatlılığın artırılmasında və təmin edilməsində mühüm rol oynayır. Maarifləndirici kampaniyalar, icma tədbirləri və siyasi müzakirələr vasitəsilə ictimaiyyət əhalinin problemlərinin həllinin vacibliyi barədə məlumatlandırılır. Həmçinin daha davamlı və ədalətli gələcəyə gətirib çıxara biləcək dəyişikliklərin müdafiəsi üçün platforma təqdim edir. Ölkələri, təşkilatları və fərdləri əməkdaşlığa təşviq edir. Ümumdünya Əhali Günü qlobal düşüncə və fəaliyyət üçün həlledici məqamdır. Əhali artımının doğurduğu çağırışla üzləşdiyimiz bir vaxtda bu gün davamlı və firavan gələcək yaratmaq naminə birgə məsuliyyətimizi artırır.

Nurcan SÜLEYMANOVA,

"Respublika".