UNEC-in Türkiyənin Ege Universiteti ilə Qida mühəndisliyi ixtisası üzrə ikili diplom proqramı uğurla davam edir.
Ötən ildən qəbulu həyata keçirilən iki diplom proqramını bitirmiş birinci kurs tələbələri bu ildən II və III kurs üzrə təhsillərini Ege Universitetində davam etdirəcəklər. IV kursda isə yenidən UNEC-də təhsil alacaqlar. Proqramdan uğurla məzun olan tələbələr hər iki universitetin diplomunu əldə etmiş olacaqlar.
UNEC rektoru, professor Ədalət Muradov proqramın I kursunu bitirmiş tələbələrlə görüşüb. Ege Universiteti ilə ikili diplomun texniki və texnoloji ixtisaslar üzrə ilk proqram olduğunu deyən rektor bu proqramların sayının artırılacağını diqqətə çatdırıb.
Görüşdə bildirilib ki, bu il ikili diplom proqramına 20 tələbə qəbul olub. Qəbul olan tələbələr arasında bir nəfər Türkiyə vətəndaşının olduğunu deyən rektor proqrama Türkiyə vətəndaşlarının marağının artmasının sevindirici hal olduğunu vurğulayıb.
Tələbələrə Ege Universitetində təhsil aldıqları müddətdə lazım olacaq kommunikasiya sistemi haqqında da ətraflı məlumat verilib. Bildirilib ki, onlar Ege Universitetinin yataqxanası ilə təmin olunacaqlar, eyni zamanda türkiyəli tələbələr üçün yaradılan bütün imkanlardan bərabərhüquqlu şəkildə yararlana biləcəklər.
Tələbələr UNEC-in yaratdığı fürsəti yüksək qiymətləndirərək Türkiyədə təhsil almaq imkanının onlar üçün böyük şans olduğunu vurğulayıblar.
“Respublika”.