Dünyanın diqqəti yenidən Bakıya yönələcək
COP29

Dünyanın diqqəti yenidən Bakıya yönələcək

Azərbaycanın COP29-a ev sahibliyi etməsi ölkəmiz üçün böyük əhəmiyyət daşıyır. Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan beynəlxalq arenada öz mövqeyini daha da gücləndirir və bu növbəti uğur ölkəmizin qlobal məsələlərdə fəal iştirakını nümayiş etdirir.

İqlim dəyişmələri ilə mübarizədəki səyləri, işğaldan azad edilmiş torpaqların "yaşıl enerji" zonasına çevrilməsi və istixana qazlarının miqdarının azalması kimi hədəfləri ölkəmizin bu sahədəki məqsədlərini önə çıxarır.

Ermənistanın COP-a namizədliyini geri çəkməsi və Bolqarıstanın da bu qərarı verməsi, Azərbaycanın diplomatik səylərinin və nüfuzunun göstəricisidir. COP29-a ev sahibliyi ölkəmizin beynəlxalq aləmdəki nüfuzunun daha da artmasına səbəb olacaq və iqlim dəyişmələri ilə mübarizədə qlobal səylərə töhfə verəcək.

Dünyanın ən gözəl şəhərlərindən biri olan Bakı bu ilin noyabrında Birləşmiş Millətlər Təşkilatının İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasına ev sahibliyi edəcək. Dünya ölkələri qlobal temperatur artımının qarşısını almaq, iqlim dəyişmələrinin təsirini azaltmaq üçün beynəlxalq əməkdaşlıq formalaşdırmaq məqsədilə ilk dəfə 1992-ci ildə Rio-de-Janeyroda bir araya gəliblər. COP-un ilk toplantısı 1995-ci ildə Berlində keçirilib. COP hər ilin müəyyən bir ayında dünya liderlərinin iştirakı ilə təşkil olunur. Konfransın keçirilməsi iqlim böhranı və su qıtlığı kimi qlobal problemlərin həlli yollarının tapılması və bu istiqamətdə mübarizə aparmaq üçün gələcək strateji planların hazırlanması məqsədi daşıyır. Katibliyi Almaniyanın Bon şəhərində yerləşir. Bu zamana qədər COP-a Almaniya beş, İsveçrə, Yaponiya, Argentina, Niderland, Mərakeş, Hindistan, İtaliya, Kanada, Kenya, İndoneziya, Polşa hər biri iki dəfə, Danimarka, Meksika, Cənubi Sudan, Qətər, Peru, Fransa, İspaniya, Birləşmiş Krallıq, Misir və Birləşmiş Ərəb Əmirliyi bir dəfə ev sahibliyi edib. Sonuncusu Dubay şəhərində baş tutub. COP30 isə Braziliyada keçiriləcək.

COP-da qlobal səviyyədə çox önəmli qərarlar qəbul edilir, müzakirələr aparılır, qərarların necə həyata keçiriləcəyi ilə bağlı yol xəritələri hazırlanır. 2015-ci ildə Fransada keçirilən COP21-də Paris iqlim sazişi imzalandı. Bu razılaşma iqlim böhranının qarşısını almaq üçün qlobal orta səth temperaturunun artımını 2 dərəcə ilə məhdudlaşdırmaq və mümkünsə, 1,5 dərəcədən aşağı saxlamaq məqsədi daşıyırdı.

COP29-un Bakıda keçirilməsinin əhəmiyyəti ondan ibarətdir ki, bu, Azərbaycan üçün müxtəlif sahələrdə faydalı olacaq. İstixana qazı emissiyası üzrə öhdəliklərini yerinə yetirməsinə imkan yaradacaq, bu isə ölkənin ekoloji vəziyyətini yaxşılaşdıracaq, iqlim dəyişmələrinin təsirlərini azaltmağa kömək edəcək. Azərbaycan istixana qazı emissiyalarını 2050-ci ilə qədər 40 faiz azaltmağı qarşısına məqsəd qoyub. Bu da Paris sazişinə uyğun olaraq qlobal iqlim məqsədlərinə töhfə verəcək. Konfransın Azərbaycanın iqtisadiyyatına da müsbət təsirləri gözlənilir. Konfrans nəticəsində turizm sektoru canlanacaq. Həmçinin tədbir yeni investisiyaların və texnologiyaların cəlb olunmasına da şərait yaradacaq.

COP29 işğaldan azad edilmiş Qarabağ və Şərqi Zəngəzurda ekoloji problemlərin həlli üçün də vacibdir. İşğaldan azad olunmuş ərazilərimizdə bərpa işləri həyata keçirilir və bu həm də COP29-un öhdəliklərinə uyğun şəkildə aparılır. Belə bir mötəbər tədbirin Azərbaycanda keçirilməsi ölkəmizin iqlim dəyişmələri ilə mübarizədə qlobal səviyyədə fəallığını və bu sahədəki öhdəliklərini nümayiş etdirmək üçün bir fürsətdir. Azərbaycan bu tədbirin yüksək səviyyədə reallaşması üçün əzmlə çalışır. Konfransın Bakıda keçirilməsi ölkəmizə olan yüksək etimadın göstəricisidir. Azərbaycan həm də ekologiyanın mühafizəsi üçün beynəlxalq konvensiyalara qoşularaq üzərinə düşən öhdəlikləri uğurla yerinə yetirir. Ölkədə "yaşıl enerji" növlərinin yaradılması istiqamətində mühüm layihələr həyata keçirilir. COP29-da beynəlxalq ictimaiyyətin bu günə qədər gördüyü və bundan sonra görəcəkləri işlər, qarşıdakı strategiyalar müzakirə olunacaq. Bundan başqa, bütün dünya bir daha ermənilərin Qarabağda törətdikləri ekoterrora da şahid olacaq.

Mütəxəssislərin fikrincə, COP29-da siyasətçilərlə yanaşı, elm adamları da iştirak edəcəklər. Bunun müsbət tərəfi ondan ibarətdir ki, onlar fikirlərini, narahatlıqlarını dövlət rəsmilərinə çatdıracaqlar. Tədbir rəsmi və qeyri-rəsmi formatlarda keçiriləcək, müzakirə panelləri təşkil olunacaq.

COP29 bəşəriyyət üçün böyük əhəmiyyətə malikdir. Dünyada iqtisadiyyat, ictimai məsələlər, texnoloji risklər arasında ekoloji problemlər daha öndədir. Hazırda ölkələrdə ən böyük təhlükə ətraf mühit və ekologiya problemidir. Bir çox region quraqlıq, su qıtlığı, səhralaşma, hava çirkliliyi və digər problemlərdən əziyyət çəkir. Bu isə öz növbəsində iqtisadiyyata mənfi təsir göstərir. Əgər bu cür davam edərsə, ölkələrdə kənd təsərrüfatında ola biləcək itkilərin hesablanmasına başlanılacaq.

Musa BAĞIRLI,

"Respublika".