Dünya diplomatiyasının ədalətsizlik nümunəsi
Siyasət

Dünya diplomatiyasının ədalətsizlik nümunəsi

ABŞ Konqresinin  "Azadlığa Dəstək Aktı"na 907-ci düzəlişi tamamilə ləğv edilməlidir

"İlk növbədə ölkəmizə qarşı əsassız tətbiq olunan ABŞ Konqresinin "Azadlığa Dəstək Aktı"na 907-ci düzəlişini xatırlayaq. Əvvəla qeyd edək ki, 1992-ci ildən qüvvədə olan "907-ci düzəliş" dünya diplomatiyasının ədalətsizlik simvoludur". Bu fikirləri ADA Universitetinin təşkilatçılığı ilə Şuşada Ümummilli Lider Heydər Əliyevin 100 illik yubileyinə həsr olunmuş "Böyük Avrasiya geosiyasətinin formalaşması: keçmişdən bu günə gələcəyə" mövzusunda dördüncü beynəlxalq konfransda xarici qonaqların suallarını cavablandıran, adıçəkilən düzəlişə münasibətini bildirən Prezident İlham Əliyev vurğulayıb. Bildirib ki, Azərbaycanda heç kim 907-ci düzəlişi xatırlamır. Çünki birincisi, bizim artıq bu yardıma ehtiyacımız yoxdur. İkincisi, bu, Prezident Klinton tərəfindən müvəqqəti olaraq ləğv edilmişdi ondan sonra gələn prezidentlər bunu davam etdirirlər. Bu, faktiki olaraq onu göstərir ki, məsələ həll olunub.

Xatırladaq ki, 1992-ci ilin oktyabrında ABŞ Konqresi keçmiş sovet respublikalarına dövlət yardımını tənzimləyən "Azadlığı Müdafiə Aktı" adlı qanun qəbul edib. Bu qanunun 907-ci bölməsinə edilən düzəlişə əsasən, ABŞ hökuməti tərəfindən Azərbaycanın rəsmi strukturlarına yardım göstərilməsi qadağan olunub. Ermənistanın Azərbaycana qarşı təcavüzünü müdafiə edən ABŞ-ın güclü erməni icması bu qanunun qəbul olunmasına böyük təsir göstərib. Konqresmenler erməni icmasının lobbisinin birtərəfli məlumatları, təbliğatına görə, 907-ci düzəliş üçün Azərbaycanın Ermənistanı guya blokadada saxlaması, "Dağlıq Qarabağ" ermənilərinə qarşı zorakılıq işlətməsi səbəblərini əsas kimi qəbul ediblər. Qanunun qüvvəyə mindiyi 1993- ilin yanvarına qədər isə Ermənistan silahlı qüvvələri Şuşanı, vilayətdən kənardakı Laçın rayonunu işğal edib, Xocalı şəhərini tutaraq dinc sakinlərə qarşı qanlı qırğın törədiblər. 907-ci düzəlişin qəbul olunması ilə müstəqilliyini yeni bərpa etmiş böyük çətinliklərlə üzləşmiş Azərbaycan səkkiz il ərzində ABŞ yardımından məhrum olub. Məqsəd ölkəmizi iqtisadi cəhətdən zəiflətmək, asılı vəziyyətə salmaq idi. 1993- ildə Heydər Əliyevin hakimiyyətə gəlişi, 1994- ildə isə ABŞ neft şirkətləri ilə neft müqavilələrinin imzalanmasından sonra 907-ci düzəliş əleyhinə fəaliyyət güclənib. Azərbaycan Prezidenti Heydər Əliyev 27 iyul - 7 avqust 1997-ci ildə ABŞ-a rəsmi səfəri zamanı ABŞ-Azərbaycan münasibətlərinə böyük ziyan vuran 907-ci əlavənin ləğvinin zəruriliyini prezident Klinton ABŞ Konqresinin üzvlərilə görüşlərdə diqqətə çatdırıb. 1997-ci ildə Heydər Əliyevlə söhbət zamanı Bill Klinton ABŞ Konqresinin 907-ci əlavəyə münasibətini dəyişəcəyini bildirib. O, əvvəlcə Azərbaycana yardımların təmin olunacağını, daha sonra həmin əlavənin tam ləğv ediləcəyini deyib. Azərbaycan dövlət başçısının nümayəndələr palatasında keçirdiyi görüşlər zamanı da ABŞ qanunvericiləri 907-ci düzəlişin əleyhinə olduqlarını bir daha bildiriblər. ABŞ erməni icması lobbisinin müqaviməti nəticəsində həmin qanunun tam ləğvinə nail olunmasa da, 1997-2000-ci illərdə ABŞ Azərbaycana müxtəlif yardımlar edib.

1999-2005-ci illərdə Qarabağ ermənilərinə ayrılan yardım 2-3 milyon dollar həcmində olub. 2006- ildən bu məbləğ artaraq 5 milyon, 2007-2008-ci illərdə 6 milyon, 2009-cu ildə isə 8 milyon ABŞ dolları təşkil edib. Bu artım tendensiyası həm Amerika Konqresində, bu ölkənin siyasi dairələrində erməni təəssübkeşliyinin miqyasını göstərir. Ümumilikdə, ABŞ qaynaqlarının rəsmi statistikasına görə, 1993-2006- illərdə Ermənistan Amerikadan 1,717 milyard dollar yardım alıb ki, bunun da 1,222 milyard dolları "Freedom Support Act" çərçivəsində həyata keçirilib. Bu yardımı əhali üzrə böldükdə Ermənistan digər postsovet ölkələrini qat-qat üstələyir. Bu illərdə Azərbaycana ayrılan yardım payı isə cəmi 45 milyon dollardan çox olmayıb. 2001-ci ilin sentyabrında ABŞ-da baş verən terror aktı hökumətin xarici siyasətində dəyişiklik etməsini zərurətə çevirdi. Azərbaycana qarşı xarici siyasətində dəyişiklik edən ABŞ Administrasiyası 907-ci düzəlişin ədalətsizliyini təsdiqləmiş oldu. Belə ki, onun bir il müddətinə dondurulması barədə qərar qəbul etdi. Bu düzəlişin birdəfəlik ləğvi bu günədək problemə çevrilsə , birillik dondurulması ilə bağlı qəbul edilən qərar hər il yenidən təsdiqlənir.

Onu da vurğulayaq ki, Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin "Cənubi Qafqaz: Regional inkişaf əməkdaşlıq perspektivləri" adlı videoformatda keçirilən müzakirələrində dövlət başçımız bildirib ki, Azərbaycan Avropanın enerji təhlükəsizliyinin təminində iştirak edir Amerika ilə münasibətlər sabitdir. Konkret desək, Azərbaycan Prezidenti növbəti dəfə qətiyyətlə dövlətin müstəqil mövqeyini ifadə edib Amerika ilə əlaqələrin inkişafı üçün rəsmi Bakının ardıcıl fəaliyyət göstərdiyini vurğulayıb. "907-ci düzəlişin" bir il daha dondurulması, eyni zamanda Bayden Administrasiyasının postkonflikt dövründə Azərbaycan-Ermənistan arasında davam edən sülh prosesində rol almaq istədiyini göstərir. Lakin 907-ci düzəliş tamamilə ləğv edilməlidir. Bu düzəlişin ABŞ Konqresi tərəfindən erməni lobbi diaspor təşkilatlarının təsiri ilə qəbul edildiyi məlumdur. Uzun illər ABŞ administrasiyaları diplomatları 907-ci düzəlişin ləğvi üçün açıqlamalar verib. Bu mənada, 907-ci düzəliş ədalətli bir qərardır, ABŞ-ın regiondakı maraqları ilə üst üstə düşür. Odur ki, siyasi şərhçilər bildirirlər ki, 907-ci düzəlişin ləğvi ABŞ-ın regionda nüfuzunun artmağına kömək edəcək. Bunun üçün isə Bayden Administrasiyası Azərbaycan-Ermənistan arasında yekun sülh müqaviləsinin imzalanması üçün tərəflər arasında sərhədlərin dəqiqləşməsi prosesinə Azərbaycanın Türkiyə ilə birlikdə həyata keçirdiyi regional layihələrə dəstək verməlidir. Bununla Bayden Administrasiyası, eyni zamanda regionda müsbət atmosferin yaranmasına köməklik göstərə bilər.

Görünən odur ki, Amerika hakimiyyəti bu düzəlişin mənasız olduğunun fərqindədir. Çünki Cənubi Qafqazın güclü dövləti olan Azərbaycan artıq Amerikanın güvənilən tərəfdaşına çevrilir hər iki ölkə müxtəlif platformalarda bir-birinə dəstək nümayiş etdirirlər.

Mustafa KAMAL,

"Respublika".