Diaspor Gənclərinin V Yay Düşərgəsinin rəsmi bağlanış mərasimi keçirilib
Diaspor

Diaspor Gənclərinin V Yay Düşərgəsinin rəsmi bağlanış mərasimi keçirilib

Laçında təşkil olunmuş “Gənclər Yaşıl Dünya Naminə” Diaspor Gənclərinin V Yay Düşərgəsinin rəsmi bağlanış mərasimi keçirilib.

Bu barədə Qurumdan verilən məlumata görə, mərasimdə  Diasporla İş üzrə Dövlət Komitəsinin sədr müavini Elşad Əliyev çıxış edərək V Yay Düşərgəsinin Azərbaycanın dilbər guşələrindən olan Laçında keçirilməsinin önəmindən danışıb və bu düşərgənin gənclərin yaddaşında silinməz izlər buraxacağına inandığını bildirib. Laçının ilk dəfə olaraq dünyanın 60 ölkəsindən gələn qonağa ev sahibliyi etdiyini vurğulayıb. Ənənə halını alan Yay düşərgələrinin xaricdə yaşayan azərbaycanlı gənclərin vətənlə əlaqələrini möhkəmlətmək və öz soykökünə, mədəniyyətinə bağlılığını qoruyub saxlamaq məqsədi daşıdığını söyləyib, gəncləri diaspor fəaliyyətində və Azərbaycan həqiqətlərinin təbliğində fəal olmağa çağırıb. Sədr müavini bu cür tədbirlərin vətənpərvər gənclərin informasiya müharibəsində üstünlük qazanmasında, eyni zamanda dezinformasiyaların qarşısının alınmasında çox ciddi rol oynadığını diqqətə çatdırıb.

Laçın rayonunda Azərbaycan Respublikası Prezidentinin Xüsusi Nümayəndəliyinin rəsmisi Hüseyn Quliyev  bildirib ki, dünyanın 60 ölkəsindən 115 gəncin Laçında olması, düşərgədə iştirak etməsi çox qürurverici bir hadisədir. Bu cür tədbirlərin gələcəkdə də Laçında keçiriləcəyinə ümidini ifadə edib.

Sonra düşərgə iştirakçılarına sertifikatlar, breyn rinq və futbol oyunlarının qaliblərinə mükafatlar təqdim olunub.

M.MUSTAFAYEV,

“Respublika”.