Dəyişməyən hay xisləti
Siyasət

Dəyişməyən hay xisləti

"Biz bir ay ərzində sülh müqaviləsini imzalamağa hazırıq". Bu sözləri Ermənistanın baş naziri Nikol Paşinyan parlamentdə jurnalistlərlə söhbətində deyib. O qeyd edib ki, sülh müqaviləsi layihəsinin mövcud mətni olduqca yetkindir. Baş nazir hətta yekun sazişi imzalanmamışdan əvvəl Azərbaycanla kommunikasiyaların açılmasını, həmçinin sərhədlərin delimitasiyasını da tamamilə mümkün sayıb. Amma Paşinyanın Konstitusiya ilə bağlı səsləndirdiyi fikirlər sülh çıxışlarını şübhə altında qoyub. İrəvan rəhbəri bildirib ki, ölkəsinin Əsas Qanununda dəyişikliklər 2018-2019-cu illərdən bəri planlaşdırılıb. Amma bu, demokratik islahatlarla əlaqəlidir. Yəni Konstitusiya düzəlişləri Azərbaycanla danışıqlar prosesinin tərkib hissəsi ola bilməz.

Amma bu məsələ ölkəmiz üçün kifayət qədər mühüm əhəmiyyət kəsb edir. Prezident İlham Əliyev də elə bu səbəbdən iyunun 6-da TÜRKPA-ya üzv ölkələrin parlament sədrləri ilə keçirilən görüşdə Konstitusiya məsələsinin müzakirə mövzusu olduğunu diqqətə çatdırıb. Dövlət başçısı bildirib ki, İrəvanın hazırkı konstitusiyası dəyişməz qaldığı halda, sülh sazişinin bağlanması mümkün deyil. Prezident onu da vurğulayıb ki, iki ölkənin hərbi, demoqrafik, iqtisadi potensialını müqayisə edib sonra Türkiyəyə qarşı ərazi iddiası irəli sürmək intihar etmək deməkdir. Ona görə də ermənilər öz ideologiyalarını, cəmiyyətdəki əhvali-ruhiyyəni dəyişməlidirlər: "Məhz onların ideologiyasında, siyasətində və ictimai diskursunda Türkiyəyə qarşı ərazi iddiaları davamlı olaraq eşidilir. Azərbaycanlılar və türklər məhz onların cəmiyyətində kiçik yaşlarından düşmən obrazında təqdim edilirlər. Millətçilər və hərbi cinayətkarlar tərəfindən zəhərlənən onların cəmiyyətidir. Ona görə də onlar bu məsələlərlə məşğul olmalıdırlar".

Bununla belə, görürük ki, İrəvanın niyyəti bu deyil. Belə ki, iyunun 4-də Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan ölkə parlamentində belə bir bəyanatla çıxış edib ki, hər iki ölkə bir-birinin konstitusiyalarında uzunmüddətli sülhün bərqərar olması üçün maneələr görür, lakin onlara dəyişiklik edilməsi məsələsi Ermənistan-Azərbaycan danışıqlarının gündəmində deyil. Bu açıqlama Azərbaycanın oxşar tələblərinə qarşı paralelliyin yaradılması istiqamətində atılan addımdır. Halbuki rəsmi Bakının bu mövzudakı tələbləri haqlıdır. Belə ki, bu sənəd Ermənistanın Azərbaycan və Türkiyə ilə münasibətlərinin normallaşmasında böyük təhdiddir. Çünki Ermənistanın konstitusiyası bu ölkənin 1990-cı il müstəqillik bəyannaməsinə əsaslanır. Həmin sənəddə isə açıq şəkildə yazılıb ki, əsas məqsəd Qarabağı Ermənistana birləşdirməkdir. Onu da qeyd etmək lazımdır ki, bu ölkənin gerbində Ağrı dağının təsviri əks olunub. Sözügedən coğrafi məfhum isə Türkiyənin ərazisindədir. Deməli, rəsmi İrəvanın həm Bakıya, həm də Ankaraya qarşı ərazi iddiaları var. Buna görə də Cənubi Qafqazda sülh gündəliyi yalnız Ermənistanda yeni konstitusiyanın qəbulundan sonra mümkün ola bilər. Odur ki, əgər Paşinyan rəhbərliyi həqiqətən də sülhdə səmimidirsə, əvvəlcə ölkəsinin əsas qanununda korrektələr etməyə razılaşmalıdır. Təbii ki, bu prosesdə də baş nazir regionda şəxsi maraqlarından çıxış edərək pozuculuq fəaliyyəti yürüdən qüvvələrin diktəsini yerinə yetirməkdən yayınmalı, qərbli ağalarının tənbehindən qorxmadan addım atmalıdır.

Amma Azərbaycanla Ermənistan arasında sülhə yeganə maneə konstitusiyadır desək, yanılarıq. Çünki bu ölkə hələ də təxribatlara əl atmaqdan çəkinmir. Belə ki, iyunun 12-də saat 10:05-dən 17:50-dək Ermənistan silahlı qüvvələrinin bölmələri Azərbaycan Ordusunun Naxçıvan Muxtar Respublikasının Şərur, Ordubad, Şahbuz rayonlarının yaşayış məntəqələri istiqamətlərində yerləşən mövqelərini bir neçə dəfə atıcı silahlardan atəşə tutub. Azərbaycan Müdafiə Nazirliyinin yaydığı məlumata görə, ordumuzun bölmələri tərəfindən qeyd olunan istiqamətlərdə cavab tədbirləri görülüb. Maraqlıdır, Ermənistan ilə Azərbaycan arasında sülh sazişinin imzalanması üçün ciddi addımların atıldığı bir dönəmdə, rəsmi İrəvanın sülh bəyanatları səsləndirdiyi halda atəşkəsin pozulması nəyə və kimə xidmət edir? Bu kimi halın baş verməsi ilk növbədə onu göstərir ki, Ermənistan indiyə qədər başına gələn fəlakətlərdən və faciələrdən doğru-düzgün nəticə çıxarmayıb, bundan sonra da bu niyyətdə deyil. Sülhdən, kommunikasiyaların açılmasından danışan Ermənistan siyasi rəhbərliyi nədənsə öz qoşunlarına Azərbaycan tərəfinə atəş açılmaması barədə verdiyi göstərişlərin yerinə yetirilməsinə nail ola bilmir. Amma Paşinyan rəhbərliyi onu unutmamalıdır ki, Azərbaycan istənilən ssenariyə, istənilən təxribata anındaca, adekvat şəkildə, təsirli və səmərəli cavab verməyə hazırdır.

Jalə QASIMZADƏ,

"Respublika".