Siyasət

"Dekolonizasiya, beynəlxalq diplomatiya və müasir dünyada kommunikasiyanın rolu" – hibrid formatda tədbir

Afrikanın müxtəlif ölkələrindən olan bir qrup jurnalist, tanınmış bloger və vətəndaş cəmiyyəti fəalları, eləcə də Yeni kaledoniyalı jurnalistlərin iştirakı ilə iyunun 13-də "Dekolonizasiya, beynəlxalq diplomatiya və müasir dünyada kommunikasiyanın rolu" mövzusunda hibrid formatda dəyirmi masa müzakirələri və mətbuat konfransı təşkil olunub.

AZƏRTAC xəbər verir ki, iki paneldən ibarət dəyirmi masa müzakirələri beynəlxalq təhlükəsizlik, diplomatiya, effektiv kommunikasiyaların rolu və dekolonizasiya, həmçinin bu günədək müasir dünyada müstəmləkəçilik nümunəsi kimi Yeni Kaledoniya mövzularına həsr olunub.

Bakı Təşəbbüs Qrupunun (BTQ) icraçı direktoru Abbas Abbasov bildirib ki, Fransa hökumətinin bu yaxınlarda Yeni Kaledoniyada əsas insan haqlarını pozması Paris hökumətinin BMT Baş Assambleyasının xarici ölkələrin müstəmləkəsizləşdirilməsinə dair qətnamələrini yerinə yetirmək üçün siyasi iradəyə malik olmadığının daha bir sübutudur.

A.Abbasov bildirib ki, öz müqəddəratını təyinetmə hüququ fundamentaldır və Bakı Təşəbbüs Qrupu xalqının daha yaxşı, ləyaqətli gələcəyi üçün çalışanları dəstəkləyir.

"Bakı Təşəbbüs Qrupu kanak xalqının müstəqilliyi uğrunda mübarizəsini dəstəkləməyə davam edəcək. Biz kanak xalqı ilə tam həmrəy olduğumuzu bildirir və onların seçicilərin sıralarının genişlənməsinə qarşı ədalətli mübarizəsini dəstəkləyirik, həmçinin Fransa hakimiyyəti tərəfindən təklif olunan düzəlişlərin ləğvini tələb edirik. Biz Fransanı neokolonial siyasətini dayandırmağa və kanak xalqının öz müqəddəratını təyin etmək azadlığını təmin etməyə çağırırıq", - deyə A.Abbasov bildirib.

Diqqətə çatdırılıb ki, konfransın məqsədi Yeni Kaledoniyada və Fransanın digər müstəmləkələrində geniş vüsət alan insan hüquq pozuntularına dünya ictimaiyyətinin diqqətini çəkmək, Afrikada hələ də davam edən müstəmləkəçiliyin yeni mərhələsi - neokolonializmlə mübarizə istiqamətində kommunikasiya sahəsində birgə əməkdaşlığın qurulmasını müzakirə etməkdir.

Qeyd edək ki, tədbirdə Fransa təhlükəsizlik qüvvələrinin Yeni Kaledoniyada yerli kanak xalqının dinc etiraz aksiyasına zorakılıqlarla cavab verməsi və bunun nəticəsində 10-dan çox mülki şəxsin öldürülməsi, yüzlərlə insanın yaralanması və həbs edilməsi məsələləri beynəlxalq ictimaiyyətin diqqətinə çatdırılır.

Belə ki, Fransa hökumətinin qərarı ilə Yeni Kaledoniyaya giriş qapadılıb, qanunsuz komendant saatı hələ də davam edir. Fransa polisi və jandarma qüvvələri tərəfindən törədilən vəhşiliklərin dünya ictimaiyyətindən gizlədilməsi məqsədilə adanın sahibi olan kanakların fundamental hüquqları kobud şəkildə pozularaq ifadə və fikir azadlıqları məhdudlaşdırılıb. İnformasiya blokadasını yarmaq və adada baş verənləri yerli rəsmilərin dilindən eşitmək üçün Bakı Təşəbbüs Qrupu hibrid mətbuat konfransı təşkil edib.

Yeni Kaledoniyanın Xarici məsələlər üzrə daimi müvəkkili Mikael Forrest qeyd edib ki, Yeni Kaledoniya siyasi səviyyədə çox kritik bir dövr yaşayır. Belə ki, Fransanın ölkəni yenidən remilitarizasiyası səbəbindən Yeni Kaledoniyanın əhalisinə psixoloji və sosial baxımdan mənfi təsir göstərir. "Bizim kimi kiçik, müstəmləkə keçmişi olan xalqlar üçün özümüz haqqında danışa bilmək, kim olduğumuzu, vəziyyətimizin necə olduğunu söyləmək həmişə vacibdir. Ümumiyyətlə, biz Fransanın müstəmləkəyə çevirdiyi əraziyik", - deyən M.Forrest Fransanın Yeni Kaledoniyaya qarşı həyata keçirdiyi müstəmləkə siyasəti və cinayətləri barədə məlumat verib, ölkəsinin müstəqillik uğrunda apardığı mübarizəsindən, bu yolda Fransanın törətdiyi maneələrdən, aparılan danışıqları və nizamlanma prosesini bloklamasından danışıb.

Fransa Qvianasının sosial azadlığı və dekolonizasiyası naminə Hərəkatının üzvü Moris Pindar deyib ki, hazırda Fransanın kolonizasiya siyasəti davam edir. "Müstəmləkə keçmişinə malik Fransa qanlı müstəmləkə cinayətlərini və soyqırımı aktlarını bu gün də törətməkdə davam edir. Hazırda bütün dünyaya postmüstəmləkə dövrü barədə car çəksə də, Fransanın neokolonializm siyasəti hələ də davam edir. Fransanın Avropadan kənarda idarə etdiyi ərazilər fransız müstəmləkə imperiyasının iyrənc qalıqlarıdır. Fransa Qəmər adalarının Mayot adası üzərində suverenliyinə, həmçinin Yeni Kaledoniya xalqının, o cümlədən özünün digər dənizaşırı icma və ərazilərində yaşayan xalqların hüquqlarına hörmət etmir", - deyə o bildirib.

Diqqətə çatdırılıb ki, Fransanın müstəmləkə siyasəti müxtəlif ərazilərdə təbii sərvətlərin talanması, istismar, zorakılıq və ətraf mühitin deqradasiyası ilə müşayiət olunur və tarixin qaranlıq bir səhifəsini təşkil edir.

"Bizə dəstəyinə görə Azərbaycana, Bakı Təşəbbüs Qrupuna təşəkkür edirəm. Qoşulmama Hərəkatına üzv olan və olmayan ölkələrdən dəstək istəyirik", - deyə M.Pindar əlavə edib.

Sonda tədbir iştirakçıları Azərbaycan media nümayəndələrinin suallarını cavablandırıblar. Bildirilib ki, Fransa Yeni Kaledoniyada media nümayəndələrinin də hüquqlarını məhdudlaşdırıb. Belə ki, ölkədə söz azadlığı və azad jurnalistika fəaliyyətinin qarşısı alınır. Öz növbəsində, tədbir iştirakçısı keniyalı Timothy Hinga da bildirib ki, ölkəsində media azadlığı yoxdur.

Panel müzakirələrdə Azərbaycan, Yeni Kaledoniya, Burundi və Afrikanın digər ölkələrindən nümayəndələr iştirak ediblər.