Çoxşaxəli və strateji əməkdaşlıq platforması
İqtisadiyyat

Çoxşaxəli və strateji əməkdaşlıq platforması

Ölkəmizdə xarici sərmayələrin xüsusilə qeyri-neft sektoruna cəlb edilməsi üçün geniş təşviq layihələri həyata keçirilir

"Xarici sərmayələrin cəlb olunması üçün, xüsusilə qeyri-neft sektoruna cəlb edilməsi üçün bir çox təşviq layihələri həyata keçirilir. Azərbaycanda hökm sürən sabitlik və proqnozlaşdırılan vəziyyət, eyni zamanda Azərbaycan dövlətinin güclənməsi, ərazi bütövlüyümüzün, suverenliyimizin tam bərpa edilməsi xarici investorların bizə olan münasibətini təbii olaraq daha da yaxşılaşdırıb. Baxmayaraq ki, Azərbaycanda çox müsbət sərmayə iqlimi uzun illərdir davam edir, hökm sürür. İnvestisiyaların adambaşına düşən həcminə görə Azərbaycan qabaqcıl ölkələr sırasındadır". Bu fikirləri Azərbaycan Prezidenti İlham Əliyev iqtisadi məsələlərə həsr olunmuş müşavirədə bildirib.

Azərbaycan bölgədə çoxşaxəli və strateji əməkdaşlıq platforması yaratmaqla istər enerji sənayesində, istərsə də qeyri-neft sektorunda region ölkələri ilə dərin iqtisadi inteqrasiyanı möhkəmləndirir və bu məqsədyönlü siyasət iqtisadi problemlərin böyük əksəriyyətinin həllinə imkan verir. Azərbaycan regionda və postsovet məkanında yeganə ölkədir ki, 10 Avropa İttifaqı ölkəsi ilə strateji əməkdaşlıq edir. Bu əməkdaşlığın əsas sütunu neft-qaz nəqlidir və ölkəmiz Avropa bazarlarına qaz nəqli ilə Xəzər regionunda yeni bir cığır açıb, bölgədə enerji tranzitlərinin formatını da müəyyənləşdirib. Bakı-Tbilisi-Ceyhan, Bakı-Tbilisi-Ərzurum layihələrini icra edən, TANAP, TAP kəmərlərini reallaşdıran Azərbaycan Cənub Qaz Dəhlizinin enerji koridorunu yaradıb. 2020-ci ilə qədər Avropa bazarında etibarlı neft təchizatçısı kimi tanınan respublikamız son 4 ildə Cənub Qaz Dəhlizinin sonuncu hissəsini - Trans-Adriatik qaz kəmərini (TAP) istifadəyə verməklə faktiki olaraq Avropa İttifaqının təbii qaz təminatında da koalisiyanın aparıcı üzvlərindən birinə çevrilib.

Ölkəmizdə milli iqtisadiyyatımızın investisiya cəlbediciliyi baxımından da bir sıra uğurlu islahatlar həyata keçirilir. Dünyanın aparıcı təşkilatlarının hesabatlarında iqtisadiyyatımızın sürətlə inkişaf etdiyi, iqtisadi göstəricilərə görə lider ölkələr sırasına çıxdığı göstərilir. Azərbaycanın yüksək investisiya cəlbediciliyinə malik olması, təbii ki, aparılan islahatlarla bağlıdır. Yeni şəraitdə reallaşdırılan islahatlar sırasında investisiyaların səmərəli təşviqi mexanizminin işə salınması böyük əhəmiyyət daşıyır. Azərbaycanın qeyri-neft sektoruna Türkiyə şirkətləri tərəfindən qoyulan investisiyalar üstün mövqeyə malik olub. Bundan başqa, ABŞ, Böyük Britaniya, BƏƏ, Almaniya və Rusiyadan demək olar, hər il Azərbaycanın qeyri-neft sektoruna müəyyən qədər investisiyalar yatırılır. İnvestisiya mühitinin yaxşılaşdırılması və ölkədə biznes fəaliyyətinin asanlaşdırılması məqsədilə Azərbaycan Respublikası Prezidentinin "Lisenziyalaşdırma sahəsində bəzi tədbirlər haqqında" 21 dekabr 2015-ci il tarixli fərmanına əsasən, lisenziya tələb olunan fəaliyyət növlərinin sayı 59-dan 37-yə endirilib. Rəqəmsal transformasiyaya uyğun olaraq ölkədə xarici investorların biznes fəaliyyətinə başlaması elektronlaşdırılaraq sadələşdirilib. Bu sahədə aparılan islahatlardan biri də kiçik və orta sahibkarlıq subyektlərinin 7 il müddətinə mənfəət, torpaq və əmlak vergisindən azad edilməsidir. Sahibkarlar üçün tətbiq olunan vergi güzəştlərindən biri də kənd təsərrüfatı ilə bağlıdır. 22 noyabr 2013-cü il tarixli qanuna əsasən, Azərbaycan Respublikasının Vergi Məcəlləsinə edilən dəyişikliklərə görə, fermerlər 2014-cü il yanvarın 1-dən 5 il müddətinə torpaq vergisi istisna olmaqla, digər vergiləri ödəməkdən azaddırlar.

İnvestorlarla bağlı güzəştlərdən biri də sənaye parklarının rezidentlərini əhatə edir. Parkda qeydiyyatdan keçən rezidentlər üçün ümumi fiziki infrastruktur və kommunal xidmətlər dövlət tərəfindən təmin olunur. Rezidentlər üçün 10 il müddətinə gəlir və əmlak vergisi, ƏDV və idxal rüsumlarından azadolunma kimi vergi güzəştləri və aşağı icarə haqqının təyin olunması nəzərdə tutulur. Ölkəmizdə iqtisadi şaxələndirmə, qeyri-neft sahələrinin inkişafı və əlverişli sərmayə qoyuluşunun təmin edilməsi məqsədilə önəmli islahatlar həyata keçirilir. Pandemiyanın yaratdığı qlobal çətinliklərə və dünyada iqtisadi geriləmələrə baxmayaraq, Azərbaycan iqtisadiyyatı öz inkişaf templərini qoruyub saxlamaqla böhrandan minimum itkilərlə çıxmağa nail olub. Son illər ərzində neft ixracı Azərbaycanın iqtisadi artımında mühüm rol oynayıb. Bununla belə, neft sektorundan asılılıq qlobal əmtəə qiymətlərindəki dalğalanmalara qarşı həssaslığı artırır və iqtisadi artımın dayanıqlılığı ilə bağlı çağırışlar yaradır. Hökumət davamlı, inklüziv və özəl sektora əsaslanan iqtisadi artıma nail olmaq üçün iqtisadiyyatın diversifikasiyasını və qeyri-neft-qaz ixracının artırılmasını hədəfləyir. Azərbaycanın iqtisadi inkişaf modelinin digər ölkələrə nümunə göstərilməsi də əldə olunan uğurlara, həyata keçirilən sosial-iqtisadi islahatlara əsaslanır. İqtisadiyyatın şaxələndirilməsi istiqamətində atılan addımlar beynəlxalq səviyyədə təqdir olunur. Ölkə Prezidenti bildirib ki, qeyri-neft sektorunun inkişafı bizim üçün həmişə prioritet olub. Bunun nəticəsidir ki, bu gün Azərbaycan iqtisadiyyatı dünyada çoxşaxəli iqtisadiyyat kimi tanınır. Ümumi Daxili Məhsulun tərkibində qeyri-neft sektoru üstünlük təşkil edir, sahibkarlığın inkişafı öz müsbət rolunu oynayır.

Ölkəmizin sosial-iqtisadi sahədə əldə etdiyi uğurlar və müsbət nəticələr beynəlxalq təşkilatlar tərəfindən hazırlanan hesabatlarda, keçirilən rəy sorğularında əksini tapır. Azərbaycanın sosial-iqtisadi sahədə qazandığı nailiyyətlər, ölkənin investisiya yatırımı üçün cəlbediciliyi əcnəbi iş adamları tərəfindən xüsusi olaraq vurğulanır. Yetərincə nüfuzlu şirkətlər arasında aparılmış sorğu nəticəsində hazırlanan hesabat Azərbaycanda pandemiyanın iqtisadiyyata təsirinin müəyyənləşdirilməsi və təhlil edilməsində, həmçinin mənfi təsirlərin minimuma endirilməsi istiqamətində həyata keçirilən islahatların qiymətləndirilməsində real mənzərəni ortaya qoyur. Yeri gəlmişkən, Beynəlxalq Valyuta Fondu 2024-cü ilin hesabatında Azərbaycanı dünyanın ən böyük və qabaqcıl potensiala malik olan yeddi dövləti siyahısına daxil edib. Bu yaxınlarda isə nüfuzlu "Financial Times" nəşri Azərbaycanın paytaxtı ilə bağlı daha bir nikbin məlumat yayıb. Belə ki, nəşrin "FDI Intelligence" hesabatında Bakı şəhəri dünyada ən populyar investisiya məkanı kimi qiymətləndirilib. Hesabatda 2023-cü ildə ən çox birbaşa xarici investisiyalar yatırılan şəhərlərin "TOP 100" reytinqinə görə Bakı 3-cü yerdə qərarlaşıb. Bu yüksək nəticə Azərbaycandakı işgüzar mühitə beynəlxalq etimadın yüksək olduğunu bir daha təsdiq edir və fəal iqtisadi əməkdaşlıq üçün yeni stimullar yaradır. Azərbaycana birbaşa xarici investisiya yatırılması ilə bağlı ötən il əldə edilmiş razılaşmalar 2017-ci ildən sonrakı dövrdə ən irihəcmli layihələrdir.

Bir neçə mühüm logistika layihələri ilə yanaşı, 2023-cü ildə Bakıya təkcə Macarıstanın "Hell Group" şirkəti tərəfindən 211 milyon dollar sərmayə yatırılacağına dair saziş imzalanıb. Azərbaycanın əlverişli biznes və investisiya mühiti bir çox xarici investorları ölkəmizə cəlb edir, iqtisadiyyatın bir çox sahələrində önəmli layihələr icra olunur, yeni iş yerləri yaradılır. 2023-cü ildə Sumqayıt Kimya Sənaye Parkında Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin iştirakı ilə "Azərbaycan Vanhong Ceramics Co" MMC-nin keramik plitələr istehsalı müəssisəsinin açılışı olub. 100 faiz Çin kapitallı müəssisəyə 50 milyon ABŞ dolları məbləğində investisiya yatırılıb və 500-ə yaxın yeni iş yeri yaradılıb. Azərbaycana böyük həcmdə investisiyanın yatırılacağı daha bir layihə Sumqayıt Kimya Sənaye Parkında Çinin "BYD Company Limited" şirkəti ilə əməkdaşlıq çərçivəsində elektrik mühərrikli avtobusların istehsalıdır. Layihədə AİŞ payçı kimi iştirak edəcək. BYD şirkəti tərəfindən layihəyə ilkin olaraq 34 mln. ABŞ dolları, daha sonra isə əlavə dəyər yaradan investisiya layihələrinin icrasına 60 milyon ABŞ dolları məbləğində investisiyanın yatırılması nəzərdə tutulur. Layihə çərçivəsində 800 yeni iş yerinin yaradılması planlaşdırılır. İstehsalın 3-cü ilindən elektrik mühərrikli avtobusların ehtiyat hissələrinin lokallaşdırılması nəzərdə tutulub.

AİŞ və Türkiyənin "Gen İlaç ve Sağlık Ürünleri Sanayi ve Ticaret A.Ş." şirkəti arasında imzalanmış Birgə İştirak Müqaviləsinə uyğun olaraq 2023-cü ildə Pirallahı Sənaye Parkında "Gen Pharma Caucasus Manufacturing Operations" MMC-nin dərman vasitələrinin istehsalı müəssisəsinin təməli qoyulub. Layihənin investisiya dəyəri 35 milyon dollardır. Bundan başqa, İsrailin "BioPharmax" şirkəti ilə Ələt Azad İqtisadi Zonasında layihə dəyəri 45 milyon avro olan əczaçılıq müəssisənin tikintisi həyata keçirilir. Sahibkarlara önəmli güzəştlər və stimullar təqdim edən Ələt Azad İqtisadi Zonasında sənaye avadanlıqlarının, tikinti materiallarının istehsalı, aviasiya, gəmiçilik, neft-kimya və digər istiqamətlər üzrə layihələrin icrası nəzərdə tutulur. AİŞ-in iştirakı ilə Türkiyənin "Demirören" şirkəti ilə regionlarımızda kiçik su elektrik stansiyalarının bərpası və istismarı layihəsi üzrə 15 milyon ABŞ dolları, İsrail şirkəti ilə damazlıq yumurta istehsalı layihəsi üzrə 20 milyon manat investisiya yatırılması planlaşdırılır. İqtisadiyyat Nazirliyi tərəfindən dövlət-özəl tərəfdaşlığı çərçivəsində dəniz suyunun duzsuzlaşdırılması yolu ilə içməli su istehsalı pilot layihəsinin həyata keçirilməsi ilə bağlı işlər davam etdirilir.

Azərbaycanın enerji tarixində ilk xarici sərmayə əsaslı ən böyük günəş elektrik stansiyasının (GES) istifadəyə verilməsi, həmçinin 1 000 MVt gücündə günəş və külək enerjisi layihələrinin icrasına dair investisiya müqavilələrinin imzalanması göstərir ki, ölkənin "yaşıl enerji" və "yaşıl investisiya" planları uğurla reallığa çevrilir. Azərbaycanın "yaşıl enerji" istehsal və ixrac edən ölkə kimi strateji hədəflərini "Masdar" şirkəti ilə reallaşdırması 2030-cu ilədək elektrik enerjisinin istehsal gücündə bərpaolunan enerji mənbələrinin payının 33 faizədək yüksəlməsində mühüm rol oynayacaq. Azərbaycan "Masdar"ın əsas strateji tərəfdaşıdır. "Qaradağ" GES quruda və dənizdə ümumi gücü 10 QVt olacaq bir neçə potensial külək, günəş və "yaşıl hidrogen" layihələri arasında birincisidir. Bu stansiyanın istismara verilməsi investisiya cəlbinin artması və beynəlxalq əməkdaşlığın gücləndirilməsinə səbəb olacaqdır.

Dövlət başçısı vurğulayıb ki, son illər ərzində və xüsusilə antiterror tədbirlərindən sonra dövlət suverenliyimizin tam bərpa edilməsi təbii olaraq bütün investorlara ciddi müsbət siqnal göndərmişdir və biz bunun bəhrəsini indi görürük. Bizim ənənəvi sənaye məntəqələrimizdə - Bakı şəhəri, Sumqayıt şəhəri, sənaye parkları - yeni müəssisələr açılır. Eyni zamanda azad edilmiş torpaqlarda, Ağdam və Cəbrayıl rayonlarında yeni sənaye parklarının yaradılması çox müsbət hal kimi qiymətləndirilməlidir. Ölkəmizin müasir sosial-iqtisadi inkişafında qeyri-neft sektorunu daha da genişləndirməklə idxal-ixrac arasında müsbət saldoya nail olmaq, istehsalla istehlakın nisbətini düzgün tarazlamaq əsas vəzifələrdən biridir. Çoxşaxəli iqtisadi inkişaf strategiyasını həyata keçirmək üçün neftdən asılılığı azaltmaq, bu məqsədlə Azərbaycanda iqtisadiyyatın digər sahələrinin və regionların inkişafına nail olmaq da əsas vəzifə kimi qarşıya qoyulub.

Milli iqtisadiyyatımızın şaxələndirilməsi, ardıcıl və davamlı inkişafın, makroiqtisadi sabitliyin təmin olunması istiqamətində görülən işlərin nəticəsidir ki, ölkəmizlə qarşılıqlı etimada və hörmətə əsaslanan əməkdaşlıq əlaqələri qurulub və inkişaf etdirilir. Torpaqlarımızın işğaldan azad edilməsi əlaqələrimizin gələcək inkişafına geniş imkanlar açır. Bu ərazilərimizin malik olduqları potensialdan səmərəli istifadə ölkəmizin dayanıqlı inkişafında əhəmiyyətli rol oynayacaq və tezliklə Qarabağ və Şərqi Zəngəzur da böyük investisiyalar məkanına çevriləcək.

Mustafa KAMAL,

"Respublika".