Lənkəranın təhsil müəssisələri "Yaşıl dünya" naminə öz töhfələrini verirlər
Azərbaycan Prezidenti cənab İlham Əliyevin Sərəncamı ilə 2024-cü il ölkəmizdə "Yaşıl dünya naminə həmrəylik ili" elan olunub. Respublikamız beynəlxalq ictimaiyyətin etibarlı və məsuliyyətli üzvü kimi iqlim dəyişmələrinin fəsadlarına qarşı mübarizəyə fəal qoşulub.
Azərbaycan 2030-cu ilə qədər sosial-iqtisadi inkişafa dair beş milli prioritetdən biri "Təmiz ətraf mühit və yaşıl artım ölkəsi" kimi müəyyən edilmişdir. Həmin prioritetə uyğun olaraq, ətraf mühitin sağlamlaşdırılması, yaşıllıqların bərpası və artırılması, su ehtiyatlarından və dayanıqlı enerji mənbələrindən səmərəli istifadənin təmin edilməsi istiqamətində ardıcıl və məqsədyönlü işlər görülür.
Noyabr ayında "BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası - COP29 kimi mötəbər bir tədbirin Azərbaycanda keçirilməsi beynəlxalq ictimaiyyət tərəfindən ölkəmizə böyük hörmət və etimadın, eləcə də ölkəmizin milli, regional və qlobal səviyyədə ətraf mühitin qorunması, iqlim dəyişmələrinin qarşısının alınması işinə verdiyi misilsiz töhfənin bariz nümunəsidir.
Azərbaycanda 1990-cı ilə nisbətən 2030-cu ilə qədər istilik effekti yaradan qazların emissiyalarının 35 faiz, 2050-ci ilə qədər isə 40 faiz azaldılması qərara alınıb.
Qarabağ və Şərqi Zəngəzur, eləcə də Naxçıvan Muxtar Respublikası "yaşıl enerji" zonası elan olunub. İşğaldan azad edilmiş ərazilərdə bərpa və yenidənqurma prosesində "ağıllı şəhər", "ağıllı kənd" kimi innovativ yanaşmalar tətbiq edilir, ekosistem yenidən bərpa olunur.
"Yaşıl dünya naminə həmrəylik ili" ilə əlaqədar təhsil işçiləri qarşısında da mühüm vəzifələr durur. Lənkəran rayonunun təhsil müəssisələri "İl" çərçivəsində bir sıra yeniliklərə imza atıblar.
Lənkəran Şəhər Mədəniyyət Mərkəzində Lənkəran təhsil sektorunun və Lənkəran Dövlət Peşə Təhsil Mərkəzinin təşkilatçılığı ilə "Azərbaycanda ətraf mühitin sağlamlaşdırılması istiqamətində ümummilli lider Heydər Əliyevin rolu" mövzusunda elmi-praktik konfrans keçirilib.
Konfransda rayonun təhsil ocaqlarında maarifləndirici tədbirlərin, ekskursiyalar, ekspedisiyalar və turların təşkilinin vacibliyindən, təhsil müəssisələrinin ərazisində yaşıllaşdırma işlərinin aparılmasından, yuxarı sinif şagirdlərinin təbiəti mühafizə və tədqiqatçılıq fəaliyyətlərinə təşviq edilməsindən, şagirdlərin ətraf mühitin mühafizəsində fəallığının artırılmasından ətraflı danışılıb.
Sonra rayonun 5 təhsil ocağında hazırlanmış ekoloji təqdimatlara baxış keçirilib. Qazandıqları yüksək nəticələrə görə həmin 5 məktəbin şagirdləri I dərəcəli diplomla, digər təqdimatlar üzrə isə şagirdlər diplom və qiymətli hədiyyələrlə mükafatlandırılıb.
Konfransda Lənkəran Dövlət Peşə Təhsil Mərkəzi, Lənkəran Şəhər Mədəniyyət Mərkəzi və Lənkəran peşə təmayüllü siniflərin əl işləri sərgilənib. "Mən istəyirəm ki, hamınız təbiəti qoruyanlardan olasınız" adlı videoçarx, təbiət mövzusunda çəkilmiş rəsm əsərləri nümayiş olunub. "Ay lolo" folklor rəqs qrupunun çıxışları və bağça uşaqlarının ifasında mahnı və rəqslər alqışlarla qarşılanıb.
M.Həsənov adına Şilavar kənd tam orta məktəbində "Yaşıl dünya naminə həmrəy olaq!" adlı tədbir keçirilib. Lənkəran rayonu üzrə təhsil sektorunun müdiri Elman Rzayev, Lənkəran Şəhər İcra Hakimiyyəti başçısının müavini, İctimai-siyasi və humanitar məsələlər üzrə şöbə müdiri Ülviyyə Əliyeva, təhsil sektorunun məsləhətçisi Nüsrət Əlizadə və başqaları şagirdlərə təbiəti qorumağın vacibliyini çatdırmaq, ətraf mühitin mühafizəsinə münasibətlərini dəyişmək, məktəblilərin ekoloji mədəniyyətini yüksəltmək barədə söhbət açıblar.
Tədbirdə məktəbin müəllim və şagirdlərinin birgə hazırladıqları kompozisiyalar, səhnəciklər, müxtəlif əl işləri, rəsm əsərləri nümayiş olunub. Həmin gün məktəbdə açıq dərslər, intellektual oyunlar və idman yarışları keçirilib.
Lənkəran şəhər A.Məhərrəmov adına 7 nömrəli, Xanbulan kənd və Haftoni qəsəbə tam orta məktəblərinin peşə təmayüllü siniflərinin şagirdləri Hirkan Milli Parkında "Yaşıl həyat" adlı ekoloji layihə həyata keçiriblər. Parkın baş elmi işçisi Həbib Rəhimov şagirdlərə park haqqında məlumatlar verib, bukletlər paylayıb. Peşə təmayüllü siniflərin şagirdlərinin əl işləri parkın ərazisində yerləşdirilib.
Lənkəran şəhər 10 nömrəli tam orta məktəbin kollektivi Elm və Təhsil Nazirliyinin "Forest School Azerbaijan" layihəsinə qoşulub. Bu barədə məktəbin tədris işləri üzrə direktor müavini Rəsidə Məmmədova deyir:
- Təlimçilər 4 qrupda 3-5 yaşlı 50 uşaq üçün məşğələlər keçib, uşaqların təbiətlə təmasda bacarıqlarının formalaşmasında inkişafyönümlü nəticələrə nail olublar. Məktəbin təsviri incəsənət müəllimi Sevinc Abdulovanın rəhbərliyi ilə istedadlı şagirdlərin ölkəmizdə yaşıllıqların qorunması və vətənpərvərlik mövzusunda hazırladıqları əl işləri nümayiş etdirilib.
"Yaşıl dünya naminə həmrəylik ili" çərçivəsində məktəbimizdə rəngarəng tədbirlər keçirilib. Təbiət və biologiya fənləri üzrə bilik yarışmaları, "Lazımsız əşyaları dəyərləndirək" mövzusunda şagirdlərin əl işlərindən ibarət sərgi təşkil olunub. "Dünyamızı qoruyaq" mövzusunda "dəyirmi masa", rəsm müsabiqəsi keçirilib. Lənkəran Şəhər Mədəniyyət Mərkəzində şagirdlərdən Xızır Babayev və Aminə Hüccətzadənin iştirakı ilə "Yaşıl dünya naminə həmrəylik ili" ilə bağlı təqdimatlara baxışı keçirilib.
Şagirdlər Masallı rayonundakı "Baba bulağı" istirahət mərkəzinə ekskursiyaya aparılıb. Uşaqlar "Şəhidlər" parkında həmişəyaşıl ağaclara aqrotexniki qulluq göstərib, abadlıq və təmizlik işləri görüblər. Lənkəran rayonunda "Nilado" istirahət mərkəzindəki çay plantasiyalarına ekskursiya təşkil olunub. Şagirdlərə çay bitkisi, təbiətin yaşıl örtüyü haqqında məlumatlar verilib.
"Planetimiz bizim evimizdir. Evimizi təmiz saxlayaq" devizi ilə yuxarı sinif şagirdləri Lənkəran şəhərinin dənizkənarı çimərlik sahəsinin böyük bir hissəsini tullantılardan təmizləyiblər.
"Yaşıl enerji" növlərinin yaradılması və dünyaya nəqli ölkəmizin enerji siyasətinin prioritet istiqamətlərindən biridir. Azərbaycan elektrik enerjisi istehsalının qoyuluş gücündə bərpaolunan enerji mənbələrinin payının 2030-cu ilə qədər 30 faizə çatdırılmasını başlıca hədəf götürüb.
Məktəbimizdə dünyamızı narahat edən qlobal iqlim dəyişmələri və onun fəsadları barədə maarifləndirici tədbirlər keçirilir, - deyə Rəsidə xanım bildirir. Qabaqcıl müəllimlərin rəhbərliyi ilə "Qlobal iqlim dəyişmələrinin uşaqların sağlamlıqlarına təsiri" layihəsinə start verilib.
Məlum olduğu kimi, atmosferdə karbon qazının azalması alternativ enerji mənbələrinin, o cümlədən "yaşıl enerji"nin tətbiqindən çox asılıdır. Artıq bəzi idarə və müəssisələrdə, kiçik şəhərciklərdə, şəxsi evlərdə günəş panellərindən geniş istifadə olunur. Cənub regionunun təhsil müəssisələrində ilkin olaraq məktəbimizdə günəş enerjisindən istifadə etmək üçün "Alternativ gələcəklə əlaqə" adlı layihə təklif etmişik. Şagirdlərin fəal iştirakı ilə hazırlanacaq günəş panelləri məktəbin damında yerləşdiriləcək. Hələlik məktəbin üçüncü mərtəbəsinin istehsal etdiyimiz günəş enerjisi hesabına işıqlandırılması nəzərdə tutulub. Əlavə enerji "ağıllı lövhələr"ə, kompüterlərin işlənməsinə sərf ediləcək. Bu yolla müəyyən qədər elektrik enerjisinə qənaət olunacaq.
Yeni layihənin təkcə məktəbimizdə deyil, rayonun digər təhsil müəssisələrində də tətbiqi şagirdlərin yaradıcılıq fəaliyyətlərinin inkişafına və atmosferdə karbon qazının azalmasına layiqli töhfələr verəcək.
Əlisəfa HƏSƏNOV,
"Respublika".