Oktyabrın 1-i Azərbaycan Respublikasında Prokurorluq orqanlarının əməkdaşları üçün xüsusi önəm daşıyır. 1998-ci ildən başlayaraq, hər il qeyd edilən prokurorluq əməkdaşlarının peşə bayramı onların cəmiyyətdə əvəzsiz rolunu və qanunun aliliyinin təmin olunmasındakı əhəmiyyətini bir daha xatırladır. Bu bayramın təsis edilməsi ümummilli lider Heydər Əliyevin müdrik siyasi iradəsinin nəticəsidir. Dövlət müstəqilliyini yenidən bərpa etdikdən sonra Azərbaycan Prokurorluğu ölkənin hüquq-müdafiə sisteminin möhkəmləndirilməsində əsas sütunlardan biri olmuşdur. Bu orqan qanunun aliliyinin qorunması, insan hüquq və azadlıqlarının təmin edilməsi, cinayətkarlığa qarşı mübarizə və qanunçuluğun möhkəmləndirilməsi missiyasını uğurla həyata keçirir.
Prokurorluq orqanlarının tarixi Azərbaycan Xalq Cümhuriyyəti dövrünə gedib çıxır. 1918-ci il noyabrın 18-də Nazirlər Şurası tərəfindən təsdiq edilmiş "Azərbaycan Məhkəmə Palatası haqqında Əsasnamə" ilə prokurorluq orqanlarının təməli qoyulmuşdur. Xalq Cümhuriyyəti dövründə Fətəli xan Xoyski, Xəlil bəy Xasməmmədov, Ələkbər bəy Səfikürdski və Teymur bəy Makinski kimi görkəmli şəxsiyyətlər ədliyyə naziri və baş prokuror vəzifələrində fəaliyyət göstərmişlər. Bu şəxslər həm Azərbaycanın məhkəmə və hüquq sisteminin formalaşmasında, həm də ölkənin müstəqilliyinin qazanılmasında əvəzsiz rol oynamışlar. Lakin Cümhuriyyətin süqutundan sonra bir çox dövlət təsisatları kimi bu qurum da ləğv edilmişdir.
Azərbaycan Prokurorluğunun keçdiyi 106 illik tarix şərəfli və çətin yol ilə müşayiət olunmuşdur. Müstəqilliyini yenidən bərpa edən Azərbaycan dövləti öz inkişaf yolunda ciddi sınaqlarla üz-üzə qalmışdır. 1990-cı illərin əvvəllərində ölkədə xaos, qeyri-sabitlik və siyasi hərc-mərclik hökm sürürdü. İdarəetmə strukturları zəifləmiş, iqtisadi böhran və sosial narazılıq genişlənmişdi. Erməni təcavüzü gündən-günə daha da güclənir, ordu sıralarında fərarilik halları artır, müxtəlif bölgələrdə qarışıqlıqlar baş verirdi. Bu böhran vəziyyəti ölkədə ciddi bir hakimiyyət boşluğu yaratmış, müxtəlif bölgələrdə ayrı-ayrı şəxslər və qruplar arasında hakimiyyət uğrunda mübarizə alovlanmışdı. 1993-cü ilin yayında Azərbaycan faktiki olaraq vətəndaş müharibəsi astanasında idi. Lakin ulu öndər Heydər Əliyevin hakimiyyətə qayıdışı ilə ölkədə vəziyyət dəyişməyə başladı. Ümummilli liderin uzaqgörən siyasəti nəticəsində Azərbaycanın dövlətçilik əsasları, hüquq sistemi yenidən bərpa edildi. Bu dövrdə Azərbaycan Prokurorluğunda da digər dövlət orqanları ilə yanaşı, ciddi islahatlar keçirildi. Prokurorluq orqanları hüquqi və demokratik dövlətin əsas sütunlarından birinə çevrildi, onun tərkibində dövlətçiliyə sadiq, peşəkar və qanunun aliliyini hər şeydən üstün tutan kadr korpusu formalaşdırıldı.
Prokurorluq orqanları təkcə cinayətkarlıqla mübarizədə deyil, eyni zamanda vətəndaş hüquqlarının müdafiəsi, sosial ədalətin təmin olunması və hüquq qaydalarının qorunmasında mühüm rol oynayır. Bugünkü prokurorluq əməkdaşları işin məsuliyyətini dərk edərək qanunçuluğu qorumaq və cəmiyyətin hüquq qaydalarına inamını artırmaq üçün yorulmadan çalışırlar. Onların peşəkarlığı və qanunçuluğa sadiqliyi ölkənin hüquq sisteminin daha da güclənməsinə və demokratik prinsiplərin möhkəmlənməsinə töhfə verir.
Ümummilli lider Heydər Əliyevin rəhbərliyi ilə həyata keçirilmiş islahatlar nəticəsində prokurorluq orqanlarının cəmiyyətimizdə rolu daha da artmışdır. Prokurorluq dövlətçiliyimizin möhkəmləndirilməsi, qanunçuluğun təmin olunması və cinayətkarlığa qarşı mübarizədə dövlətin aparıcı orqanlarından biridir. Prokurorluq əməkdaşları dövlətçiliyə sadiq kadr kimi formalaşaraq, cəmiyyətin inkişafına və hüquqi dövlətin qurulmasına xidmət edirlər. Bu baxımdan, prokurorluq işçilərinin peşə bayramı onların hər biri üçün öz peşəkar missiyalarına daha böyük sədaqətlə xidmət etməyə çağırışdır.
Sentyabrın 29-da Bakı Konqres Mərkəzində Beynəlxalq Prokurorlar Assosiasiyasının 29-cu İllik Konfransı və Ümumi Yığıncağının açılış mərasimi keçirildi. Mərasimdə müxtəlif ölkələrin Baş prokurorları və digər yüksəkvəzifəli şəxsləri də daxil olmaqla, 95 ölkədən 465-dən artıq şəxs iştirak edirdi. İlk olaraq baş prokuror Kamran Əliyev Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin mərasim iştirakçılarına 29-cu İllik Konfrans və Ümumi Yığıncağın açılışı ilə bağlı təbriklərini çatdırdı. Baş prokuror Kamran Əliyev çıxış edərək böyük coğrafiyanı əhatə edən Beynəlxalq Prokurorlar Assosiasiyasına üzv dövlətlərin hüquq-mühafizə orqanları arasında qarşılıqlı və səmərəli əməkdaşlığın genişləndirilməsinin əhəmiyyətini vurğuladı. Baş prokuror dostluq təməlləri əsasında keçiriləcək Assosiasiyanın 29-cu İllik Konfransı və Ümumi Yığıncağının regional təhlükəsizliyə, cinayətkarlığın bütün növlərinə qarşı birgə mübarizəyə xidmət edəcəyini, mövcud potensialın inkişafında və qarşılıqlı fəaliyyətin əlaqələndirilməsində səmərəli vasitə olacağını bildirdi.
Tədbirdə Beynəlxalq Prokurorlar Assosiasiyasının Prezidenti, Buenos-Ayres Muxtar Şəhərinin Dövlət Prokurorluğu Xidmətinin Baş prokuroru Juan Bautista Mahiques Assosiasiyanın gələcək strategiyası, hədəfləri barədə məlumat verdi. Natiq 29-cu İllik Konfransın və Ümumi Yığıncağın fəaliyyətə başlaması münasibətilə iştirakçıları təbrik edərək, uğurlar arzuladı. Juan Bautista Mahiques qonaqpərvərliyə, Assosiasiyanın işinə verilən dəyərli töhfə və daimi dəstəyə görə baş prokuror Kamran Əliyevə təşəkkür etdi. Qeyd edək ki, konfrans 2 oktyabr tarixinədək davam edəcək.
Göründüyü kimi, beynəlxalq çərçivədə prokurorluğun ilk və yeganə təşkilatının 29-cu illik konfransının Azərbaycanda baş tutması ölkəmizdə hüquq sisteminin mütəşəkkilliyini bir daha sübut edir. Keçmişdən günümüzə qədər daim inkişaf edən ədalət sisteminin bundan sonra da daha böyük uğurlar gətirəcəyi şübhəsizdir.
Nurlan ABDALOV,
"Respublika".