İkinci Qarabağ müharibəsi tarixə parlaq səhifə, xalqımızın iftixar və qürur mənbəyi olaraq iz saldı. Müharibənin ilk günündən etibarən cəbhədən daim xoş xəbərlər eşidir, ordumuzun addım-addım irəlilədiyinin şahidi olurduq. İlk böyük qələbə xəbəri isə 4 oktyabr 2020-ci il tarixinə təsadüf etdi. Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyev həmin gün xalqa müraciət edərək Cəbrayıl şəhərinin və bir neçə kəndin işğaldan azad olunduğu müjdəsini verdi.
Tarixi qələbəmizdən dərhal sonra - 2020-ci il noyabr ayının 16-da Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva işğaldan azad olunan Cəbrayıl rayonuna səfər edərək Cəbrayılda və Xudafərin körpüsündə Azərbaycan Respublikasının dövlət bayrağını ucaltmış, bununla da böyük tarixi və siyasi əhəmiyyət kəsb edən bir hadisəyə imza atmışdılar. Dövlət başçısının sonralar bir neçə dəfə Cəbrayıl şəhərinə səfərləri olmuş və hər gəlişi mühüm hadisəyə çevrilmişdir.
Prezident İlham Əliyev 2021-ci oktyabrın 4-də Cəbrayıl rayonuna növbəti səfərində "KAMaz" ASC ilə "Gəncə Avtomobil Zavodu" İstehsalat Birliyinin birgə servis mərkəzinin, Şərqi Zəngəzur iqtisadi rayonunda yaradılacaq "Araz Vadisi İqtisadi Zonası" Sənaye Parkının, Cəbrayıl Rayon Mərkəzi Xəstəxanasının, məktəb binasının və Cəbrayıl şəhərində ilk çoxmənzilli yaşayış məhəlləsinin, Memorial Kompleksin təməlini qoymuşdur.
İctimaiyyət nümayəndələri ilə görüşündə Prezident İlham Əliyev demişdir: "Bizim Böyük Qayıdışımız Cəbrayıldan başlamışdır və İkinci Qarabağ müharibəsindəki birinci ciddi uğurumuz da məhz Cəbrayıl şəhəri ilə, Cəbrayıl rayonu ilə bağlıdır. Bu, ölkəmizin tarixində əbədi qalacaq bir hadisədir. Çünki İkinci Qarabağ müharibəsindəki Qələbəmiz tarixi qələbədir. Buna bənzər Qələbə xalqımızın çoxəsrlik tarixində olmamışdır. Bütün xalq bu Qələbəni əldə etmək üçün birləşdi, Ordumuzun arxasında durdu və Ordumuz Ali Baş Komandanın əmrlərini ləyaqətlə yerinə yetirdi. Bir daha demək istəyirəm ki, qəhrəmanlıq, fədakarlıq göstərərək, qan tökərək, şəhidlər verərək biz tarixi ədaləti bərpa etdik, düşməni öz torpağımızdan qovduq, düşmənə lazımi dərsi verdik. Düşmən bizim qabağımızda diz çökdü, ağ bayraq qaldırdı və bundan sonra Azərbaycan xalqı əbədi olaraq qalib xalq kimi yaşayacaq".
2023-cü il iyunun 17-də Prezident İlham Əliyev və ölkəmizdə səfərdə olan Rusiya Federasiyasının Tatarıstan Respublikasının Rəisi Rüstəm Minnixanov Cəbrayıl rayonunda "Araz Vadisi İqtisadi Zonası" Sənaye Parkında "Avto Lizinq Azərbaycan" MMC-nin açılışında iştirak ediblər. Şərqi Zəngəzur iqtisadi rayonunun Arazboyu ərazisinin əsasən düzənlik relyefə və bölgənin cənub istiqamətində giriş qapısı mövqeyinə malik olması "Araz Vadisi İqtisadi Zonası" Sənaye Parkının fəaliyyəti üçün əlverişli şəraiti təmin edir. Sənaye Parkının logistik imkanlar baxımından əlverişli ərazidə yaradılması investorların diqqətini cəlb edən əsas amillərdəndir. Park yeni salınan magistral avtomobil və dəmir yollarının üzərində yerləşir ki, bu da ərazidən həmin magistral yollara birbaşa giriş-çıxışı təmin edəcək. Bu avtomobil və dəmir yolları Zəngəzur dəhlizi vasitəsilə Azərbaycandan Türkiyəyə və Türkiyədən Azərbaycana, eləcə də Azərbaycan ərazisindən Rusiyaya yüklərin daşınması üçün əlverişli imkanlar yaradacaq.
Sənaye Parkı 200 hektar ərazini əhatə edir. Parkın logistika və ticarət mərkəzi, anbar kompleksləri, topdan və pərakəndə satış obyektləri, TIR parkı, gömrük, yanacaqdoldurma, avtomobil və digər texnikaların təmiri məntəqələrinin təşkili müəyyənləşdirilib. Ərazisi tam olaraq minalardan və hərbi sursatlardan təmizlənib, burada fəaliyyət göstərəcək işçilərin və sahibkarların rahatlığının təmin edilməsi məqsədilə mobil şəhərcik salınıb. Rusiya və Azərbaycan birgə müəssisəsi olan "Avto Lizinq Azərbaycan" MMC tərəfindən "Araz Vadisi İqtisadi Zonası" Sənaye Parkının 3 hektar ərazisində texniki servis mərkəzi yaradılıb. Yük avtomobilləri və kənd təsərrüfatı texnikalarına xidmət sahəsində hab rolunu oynayacaq mərkəzdə işğaldan azad olunmuş ərazilərimizdə istifadə olunan 1500-dək avtomobilə, həmçinin yüklərin daşınmasını həyata keçirəcək tranzit avtomobillərə və digər texnikalara peşəkar xidmət göstəriləcək. Müəssisənin fəaliyyətə başlaması, həm də məşğulluğun təmin edilməsinə töhfə verəcək.
Bu ilin iyulunda "Karabakh Stone" MMC-yə "Araz Vadisi İqtisadi Zonası" Sənaye Parkının rezidenti statusu verilməsi ilə Sənaye Parkının rezidentlərinin sayı 11-ə çatıb. Müəssisədə yüksək keyfiyyətli tamet daşları istehsal ediləcək. İnvestisiya dəyəri 3,8 milyon manat olan müəssisədə 25 nəfər işlə təmin olunacaq. İstehsal olunan məhsullar daxili bazarın tələbatının ödənilməsinə yönəldiləcək.
Cəbrayılda yaxın müddət ərzində gedən bərpa-quruculuğun sürəti ən qısa zaman ərzində cəbrayıllıların öz doğma yurdlarına qayıdacaqları müjdəsini verir. Sentyabr ayında Cəbrayıl şəhərinə köç həyata keçiriləcək. Bunu Cəbrayıl, Qubadlı və Zəngilan rayonlarında Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəliyinin böyük məsləhətçisi Anar Əkbərov avqustun 8-də Bakı Konqres Mərkəzində "Böyük Qayıdış" Gənclər Təşkilatı tərəfindən Gənclər Fondunun və UNICEF-in Azərbaycan Nümayəndəliyinin dəstəyi ilə həyata keçirilən "Qarabağın davamlı inkişafı üçün gənclərin bacarıqlarının artırılması" layihəsinin yekunlarına həsr olunmuş tədbirdə deyib: "Cəbrayıl, Qubadlı və Zəngilan rayonlarına Böyük Qayıdışa dair I Dövlət Proqramı çərçivəsində üç şəhər mərkəzi, beş qəsəbə, 24 kəndin inşası və oraya əhalinin köçürülməsi nəzərdə tutulub. 2022-2026-cı illəri əhatə edən proqramın birinci mərhələsində 41 mindən çox keçmiş məcburi köçkün könüllülük prinsiplərinə əməl olunmaqla öz dədə-baba yurdlarına köçəcək".
Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin sifarişi əsasında Böyük Britaniyanın "Chapman Taylor" şirkəti ilə Bakı Dövlət Layihə İnstitutu tərəfindən hazırlanmış Cəbrayıl şəhərinin Baş planı 25 iyul 2023-cü il tarixində Nazirlər Kabinetinin Qərarı ilə təsdiq edilib. Cəbrayıl şəhəri illər ərzində işğalçılar tərəfindən urbisid və ekosidə məruz qalıb, əhali öz doğma yurdlarından didərgin salınıb, əraziyə külli miqdarda ziyan vurulub. Nəticədə mövcud infrastruktur, yaşayış evləri tamamilə məhv edilib və şəhərin yenidən qurulmasına ehtiyac yaranıb. Bunu nəzərə alaraq, dağıdılmış şəhərin yerləşdiyi ərazinin kompleks qiymətləndirilməsi və konseptual layihələndirilməsi işləri aparılıb. Təsdiq edilmiş yeni Baş plana əsasən, müasir Cəbrayıl şəhəri özü və yaxınlıqdakı 5 kəndi əhatə edəcək və şəhərin ümumi ərazisi isə 625 hektar olacaq.
Şəhərin bərpası 4 mərhələdə aparılacaq. 2026-cı ilin sonunadək şəhərdə təqribən 3800 nəfərin yerləşəcəyi, 2040-cı ilin sonuna qədər isə 15 000 sakinin yaşayacağı nəzərdə tutulur. Baş planda yaşayış üçün 143 hektar ərazi ayrılıb və burada orta mərtəbəli binalar, həyətyanı sahəyə malik fərdi yaşayış evləri tikiləcək. Əhalinin 82 faizinin orta və azmərtəbəli çoxmənzilli binalarda, 18 faizinin isə fərdi evlərdə yaşayacağı planlaşdırılıb. Yaşayış evlərinin layihələndirilməsi zamanı şəhər ərazisindən səmərəli istifadə və müasir memarlıq həlləri əsas götürülüb. Sənəddə əhalinin artım tempi nəzərə alınmaqla sosial tələbata uyğun müasir təhsil və səhiyyə ocaqları layihələndirilib. Belə ki, şəhər ərazisində öz doğma torpaqlarına qayıdacaq 1880 cəbrayıllı şagirdin təhsil alacağı müasir şəhərsalma standartlarına uyğun 3 tam və orta təhsil müəssisəsi, 960 yerlik 4 məktəbəqədər təhsil müəssisəsi, mərkəzi rayon xəstəxanası, poliklinika, mədəniyyət mərkəzi, inzibati mərkəz, idman kompleksləri inşa ediləcək.
Azərbaycanın qədim yurd yeri və ilk insan məskənlərindən biri olan Cəbrayıl gündən günə abadlaşır. Cəbrayıl öz doğma sakinlərinə yaxın aylarda qucaq açacaq.
Prezident cənab İlham Əliyevin Cəbrayıla səfəri zamanı söylədiyi kimi: "...Burada bütün inzibati binalar, ictimai binalar, məktəblər, tibb ocaqları yaradılacaq. Bütün infrastruktur yaradılacaq. Küçələr salınacaq, parklar, xiyabanlar salınacaq. Bütün şəhərlərdə qələbə abidələri ucaldılacaq və həyat qayıdacaq. Yenə də Azərbaycan vətəndaşları burada yaşayacaqlar, quracaqlar, yaradacaqlar. Bərpa edəcəyik bunları, hamısını bərpa edəcəyik. Azərbaycan xalqı bir daha öz böyüklüyünü göstərəcək. Bir daha bütün dünyaya sübut edəcəyik ki, biz böyük xalqıq. Biz qayıtmışıq, vuruşa-vuruşa qayıtmışıq".
M.MİRZƏ,
"Respublika".