1832-ci ildə alman Simon Ştamfer və belçikalı Yozef Platyonun bir-birindən xəbərsiz eyni vaxtda düzəltdikləri "canlı çarx" "sehrli lampa" prinsipi ilə işləyirdi. Çarx fırlandıqca üzərindəki şəkillərin ardıcıllığı nəticəsində səlis hərəkətli kadrlar almaq olurdu. İlk zamanlar səssiz nümayiş etdirilən filmlər adətən qısa olur və hər hansı əyləncəli hadisəni təsvir edirdi.
Dünya kino tarixində ilk film 1896-cı ildə Lümyer qardaşları tərəfindən çəkilib. Azərbaycanda isə 1898-ci ildə fotoqraf və nasir Aleksandr Mişon tərəfindən ilk filmlər lentə alınıb. Hollivud isə film sənayesinə 1910-cu ildən daxil olmağa başlayıb. Ərazinin günəşli olması filmin işıqlandırılmasında böyük rol oynayırdı. Ölkəmizdə filmlərin istehsalına XIX əsrin sonlarından başlanılıb, "Bibiheybətdə neft fontanı yanğını", "Balaxanıda neft fontanı", "Şəhər bağında xalq gəzintisi", "Qafqaz rəqsi" və s. Hazırda filmlər kinoteatr və televiziyalarda ağ-qara, rəngli, səssiz, səsli və musiqili şəkildə nümayiş olunur.
Ümummilli lider Heydər Əliyevin ölkəmizə rəhbərliyinin birinci dövründə milli kinonumuzun inkişafına yüksək diqqət və qayğı göstərilib. Həmin dövrdə Azərbaycan kinematoqrafiyası öz imkanlarını artıraraq böyük nailiyyətlər qazanıb. Kinomuzun yeni inkişaf mərhələsini yaşadığı bu illərdə yetişən ssenarist, rejissor, operator və rəssamların sayəsində bu gün milli özünəməxsusluğu ilə seçilən koloritli, parlaq ekran əsərləri ərsəyə gəlib.
Hər şeyin texnologiya ilə bağlı olduğu dövrümüzdə insanlar sosiallaşmaq, vaxtını daha səmərəli keçirməkdən bəzən imtina edirlər. Bu gün "ağıllı telefonlar"ın gətirdiyi rahatlıq gündəlik həyatımızda öz yerini qoruyub saxlayır. Rəqəmsallaşma film sənayesinə də ciddi təsir göstərir. İnsanların seçimləri zamanla dəyişir və fərqli fikirlər ortaya çıxır. Belə bir sual yaranır, bəs insanlar daha çox harada film izləməyə üstünlük verirlər? Qeyd edək ki, kinoteatrlarda film izləmək daha məqsədəuyğundur. Çünki kino zallarının özünəməxsus ab-havası insanların filmə daha yaxşı adaptasiya olmasına səbəb olur. Qaranlıq otaqlar, səs effektlərinin zalın hər yerinə yayılması insanların filmi daha maraqla izləməsinə imkan yaradır. Lakin getdikcə bahalaşan biletlər, bir müddət əvvəl dünyanı bürüyən COVID-19 pandemiyası insanları alışdıqları həyatdan uzaqlaşdırdı. Belə ki, pandemiya dövründə bütün işlər distant şəkildə görülürdü, hətta insanlar asudə vaxtlarını belə kompüterlərin qarşısında keçirirdi.
İnternetdən film izləmək də elə həyatımıza pandemiya dövründə daxil olub. "Netflix" platformasında insanlar bir çox serial izləməyə başladılar. 2020-ci ilin ikinci yarısından sonra bu platforma milyonlarla izləyici qazandı, onların sayı artdıqca çəkilən filmlərin sayı da çoxalırdı. Artıq hər yaş qrupundan olan insan üçün film izləmək çox asan prosesə çevrilmişdi. Bu gün izləyicilərin kinoteatrlardan daha çox evdən film seyrinə üstünlük vermələrinin bir səbəbi də istədikləri kimi idarə edə biləcəkləri platformalara meyil etmələridir. İnsanlar kinoteatrda filmə baxarkən onu istədikləri zaman dayandıra bilmir və çıxmaq məcburiyyətində qaldıqda bəzi hissələri izləməmiş olurlar. Evdə isə əksinə, bu proses daha rahat keçir. İnternet filmlərində insanlar gecə-gündüz fərq etmədən istədikləri zaman serialı və ya filmi izləyə bilirlər. Heç bir zaman və yer məhdudiyyəti olmadan bunu etmək mümkündür. Lakin kinoteatrlarda film seyr etməyin daha bir məhdudiyyəti var. Orada hərəkətlər, sözlər müəyyən qədər çərçivəli paylaşılır. Film çəkən insanlar bir çox qayda-qanuna tabe olmaq məcburiyyətində qalırlar. Lakin onlayn film və seriallarda belə deyil. Orada filmlər üçün heç bir məhdudiyyət yoxdur, izləyənlər və filmləri çəkən insanlar yaradıcılıqlarından son həddə qədər istifadə edə bilirlər.
Ölkəmizdə filmlərə olan maraq getdikcə artır və bu sahədə yeniliklər yaranır. Lakin insanları narahat edən bir məqam da var. Belə ki, kinoteatrlarda xarici filmlər çox zaman Azərbaycan dilində səsləndirilmir, onları başqa dillərdə izləmək məcburiyyətində qalırıq. Filmlər əsasən Türk dilində səsləndirilir, amma bəzən insanlar bu sözləri də anlamaqda çətinlik çəkirlər. Eyni zamanda, altyazı ilə film seyr etmək insanların fikirlərini toplamağı çətinləşdirir. Sadəcə yazılanları oxumaq filmdə bəhs olunanların, aktyorların nümayiş etdirdikləri hislərin izləyicilərə çatdırılmasına mane olur. Buna görə ölkəmizdə dublyaj sahəsində təcrübəsi olan sənətkarların bacarıqlarından faydalanmalı və bu sənəti inkişaf etdirməyə çalışmalıyıq. Dublyaj aktyorlarından olan, Əməkdar artist Nəcibə Hüseynova ahəngdar və qulağa xoş gələn səsi ilə əsas fikri tamaşaçıya çox rahat şəkildə çatdırır. Onun illərdən bəri qazandığı təcrübəsi bu sahədə çalışan gənc nəslə filmlərin ana dilimizə çevrilməsində kömək ola bilər. Nəticədə isə kinoteatrlara gedən izləyicilərin sayında mühüm dərəcədə artım müşahidə olunar.
Ləman TƏHMƏZ.