Azərbaycanın xarici siyasəti geosiyasi inkişaf fonunda ciddi dəyişikliklərə məruz qalıb, yeni mərhələyə qədəm qoyub.
30 ilə yaxın müddətdə ərazilərimizin işğal altında olmasına, ölkəmizin ədalətsizliyə məruz qalmasına baxmayaraq, dövlətimiz daim bu məsələnin sülh yolu ilə həllinə çalışıb, diplomatik danışıqlar və beynəlxalq hüquq normaları əsasında çıxış edib. Ərazilərinin on illər boyu işğal altında qalması ölkəmizin suverenliyi və ərazi bütövlüyü üçün ciddi təhlükə yaradıb. Bu müddət ərzində dövlətimiz BMT-nin qətnamələri və digər beynəlxalq təşkilatların qərarlarını əsas götürərək, münaqişənin dinc yolla həllinə üstünlük verilib. Lakin Ermənistanın qeyri-konstruktiv mövqeyi və beynəlxalq ictimaiyyətin laqeydliyi buna imkan verməyib.
Bu dövrdə Azərbaycanın xarici siyasətini əsasən Qarabağ münaqişəsinin həlli təşkil edib. Bu gün ölkəmiz xarici siyasətdə daha müstəqil və prinsipial mövqe nümayiş etdirir. 2020-ci il Vətən müharibəsindəki zəfərimiz ölkəmizin xarici siyasətində yeni dövr açdı. Bu tarixi qələbə Azərbaycanın ərazi bütövlüyünü bərpa etməklə yanaşı, eyni zamanda ölkəmizə daha güclü siyasət yürütmək imkanı yaratdı. Zəfərdən sonra dövlətimiz beynəlxalq arenada daha özünəinamlı şəkildə çıxış etməyə başladı və bir çox ölkələrlə münasibətlərini genişləndirdi. Yalnız regional güc olaraq deyil, həm də qlobal səviyyədə təsir gücünə malik dövlət kimi tanınmağa başladı. Xarici siyasət prioritetləri müharibədən sonrakı bərpa prosesinə, iqtisadi əməkdaşlığa və beynəlxalq əlaqələrin genişləndirilməsinə yönəldi.
Bu gün Azərbaycanın beynəlxalq arenada nüfuzu artır, ölkəmizin mühüm beynəlxalq tədbirlərə ev sahibliyi etməsi bunu bir daha sübut edir. Azərbaycan müxtəlif sahələrdə beynəlxalq tədbirlərə - iqtisadi forumlardan tutmuş idman yarışlarına qədər ev sahibliyi edərək, qlobal miqyasda etimad qazanmış bir ölkə olduğunu göstərir. 2015-ci ildə keçirilən I Avropa Oyunları, 2017-ci ildə İslam Həmrəyliyi Oyunları və Formula 1 Qran-Prisinin Bakıda keçirilməsi Azərbaycanın beynəlxalq səviyyədə etibarlı tərəfdaş olduğunu təsdiq etdi. Birləşmiş Millətlər Təşkilatının İqlim Dəyişmələri üzrə Tərəflərin Konfransı (COP) kimi böyük və qlobal miqyasda əhəmiyyətli bir tədbirin də Azərbaycanda keçirilməsi qərarıdır. Bu, dövlətimizin yalnız regional deyil, həm də qlobal səviyyədə etibarlı tərəfdaş kimi tanınmasının daha bir göstəricisidir.
Zəfərdən sonra Azərbaycanın həm regional, həm də qlobal müstəvidə nüfuzu artıb. Ərazi bütövlüyünü bərpa edən Azərbaycan artıq başqa ölkələrə dəstək verən, öz suverenliyini və gücünü nümayiş etdirən bir dövlət kimi çıxış edir. Xüsusilə, beynəlxalq müstəvidə tərəfdaş ölkələrlə daha sıx əməkdaşlıq edir və münaqişələrin dinc yolla həllində bir növ flaqman rolunu oynayır. Azərbaycan həmçinin bir çox regional - Bakı-Tbilisi-Ceyhan neft kəməri, Cənub Qaz Dəhlizi kimi layihələrdə mühüm iştirakçıdır və bu layihələr regionda təhlükəsizliyin və iqtisadi inkişafın təmin olunmasında əhəmiyyətli rol oynayır. Azərbaycanın xarici siyasətinin əsas istiqamətlərindən biri iqtisadi əlaqələrin gücləndirilməsidir. Xüsusilə neft-qaz sektorunda əldə etdiyi nailiyyətlər ölkəmizi beynəlxalq iqtisadi əməkdaşlıqda strateji tərəfdaşa çevirib. Dövlətimiz qeyri-neft sektorunu inkişaf etdirmək və iqtisadiyyatını şaxələndirmək məqsədilə bir çox ölkə ilə ticarət əlaqələrini genişləndirib. Rusiya, Türkiyə, Avropa İttifaqı ölkələri, İran və Çin ilə iqtisadi əməkdaşlıq Azərbaycanın iqtisadi dayanıqlılığının təmin olunmasında mühüm rol oynayır.
Sentyabrın 23-də yeddinci çağırış Azərbaycan Respublikası Milli Məclisinin ilk iclasındakı çıxışını Prezident İlham Əliyev bu sözlərlə yekunlaşdırıb: "Bundan sonra da xarici siyasətdə geriyə heç bir addım olmayacaq. Dostlarımızın bütün qitələrdə sayı artır. Biz indi - İkinci Qarabağ müharibəsindən və suverenliyimizi bərpa edəndən sonra daha fəal xarici siyasət aparacağıq. Vaxtilə mövcud olmadığımız bölgələrlə indi çox ciddi təmaslar qurulur, həm sərmayə qoyuluşu layihələri nəzərdən keçirilir, eyni zamanda, müxtəlif sahələrdə əməkdaşlıq üçün yeni imkanlar yaranır. Təbii olaraq, ənənəvi tərəfdaşlarımızla, dostlarımızla münasibətlərimiz yerindədir və daha da inkişaf edir və edəcək".
Azərbaycanın xarici siyasəti növbəti mərhələdə də inkişaf etməyə davam edəcək. Qarşıda duran əsas hədəflərdən biri regional sabitliyin qorunması və beynəlxalq təşkilatlarla əməkdaşlığın genişləndirilməsidir. Ölkəmiz iqtisadi və diplomatik potensialını artırmaqla beynəlxalq səviyyədə mövqeyini daha da möhkəmləndirir. Azərbaycanın xarici siyasəti bir çox çətinliklərə qarşı mübarizədə formalaşıb və tarixi zəfərdən sonra daha da güclənib.
Nurcan SÜLEYMANOVA,
"Respublika".