Azərbaycan və Ermənistan arasında sülhün əldə edilməməsi bəzi başıboş ünsürləri cəsarətləndirir. Kollektiv Qərbin hayları silahlandırması və rəsmi İrəvanın revanş arzusuna paralel olaraq yeni iddialarla gündəmə gəlməyə çalışanlar müxtəlif manipulyativ yollara əl atmaqdan çəkinmirlər.
Paşinyan rejiminin son dörd ildəki hərbi-siyasi və bir çox aspektlərdəki səriştəsizliyi mövcud vəziyyətin daha da mürəkkəbləşməsinə gətirib çıxarır. Məlumdur ki, hazırda Ermənistan baş nazirinin nə kilsəyə "gücü çatır", nə də separatizmin tör-töküntülərini aradan qaldıra bilir. Məhz bunun nəticəsidir ki, İrəvanda "yerindən duran" Qarabağla bağlı iddialarla çıxış edir, Azərbaycanı "etnik təmizləmə"də günahlandırır, Qərb dairələrinin təsirinin daha da artmasını arzulayırlar. Söhbət Ermənistanın hərbi-siyasi vəziyyəti kimi, "plintusdan" aşağı təfəkkürə sahib separatizmin tör-töküntülərinin sayıqlamalarından gedir. Belə ki, özünü separatçıların son "prezident"i hesab edən, Azərbaycan dövlətinin ədalət tərəzisindən yayındığını düşünən Samvel Şahramanyan növbəti dəfə beynəlxalq ictimaiyyəti aldatmağa cəhd edib. Sentyabrın 2-də Ermənistanda revanşist qüvvələrin, qondarma rejimin tör-töküntülərinin Azərbaycanın suverenliyi və ərazi bütövlüyünü təhdid edən təxribatçı açıqlamaları ilə gündəmə gəlməyə çalışan keçmiş qanunsuz rejimin "lider"i bildirib ki, rəhbərlik etdiyi qurumun buraxılması haqqında imzaladığı "sənəd" "konstitusiyaya" ziddir. Bununla yanaşı, Şahramanyan reinteqrasiya çağırışlarına məhəl qoymadan Qarabağdan köçüb gedən əhalinin geriyə qaytarılması üçün bir sıra təkliflər irəli sürərək Qərbdən təminat istəyib.
Məsələ ilə bağlı Qərbi Azərbaycan İcması bəyanat yayıb. Bəyanatda deyilir: "Qərbi Azərbaycan İcmasının Ermənistanın suverenliyini və ərazi bütövlüyünü təhdid etmədiyi halda, özünü "mühacirətdə olan hökumət" kimi qələmə verən qondarma rejimin tör-töküntülərinin, Ermənistanın sabiq xarici işlər nazirinin rəhbərlik etdiyi "repatriasiya komissiyası"nın Ermənistanda belə rahat fəaliyyət göstərməsi qəbuledilməzdir". Bununla yanaşı, İcma bildirib ki, düşmən bu kimi siyasətdən əl çəkməsə Azərbaycan Respublikasında mühacirətdə olan Qərbi Azərbaycan hökumətinin təsis edilməsi istiqamətində işlərə başlanılacaq və bu xüsusda, ilk olaraq yeni seçilmiş parlamentdə "Qərbi Azərbaycana Qayıdış" komissiyasının yaradılması məqsədilə Milli Məclisə müraciət ünvanlanacaq.
Şahramanyanın "cahil cəsarəti"nə məntiqi yanaşanlar regionda qarışıqlıq yaratmaq istəyənlərdir. Adı "it dəftərində" belə olmayan rejimin "konstitusiyasına" zidd hesab etdiyi sənədi etibarsız adlandıran separatçının məqsədi "suları yenidən bulandırmaq"dır. Sözügedən cinayətkar imzaladığı sənədi təkzib etməklə yanaşı, dünyanı belə bir rejimin, hətta "konstitusiyasının" legitim olduğuna inandırmağa çalışır. Digər tərəfdən, baş nazir Nikol Paşinyanın bu kimi çıxışlara şərait yaratması sülh prosesinin ləngiməsinə səbəb olur. Haylar hələ də sərsəm bəyanatların nəticə verəcəyini düşünürlər. Şübhə yoxdur ki, Şahramanyan kimilərinin bu kimi "fəaliyyəti" Qərb dairələrinin də marağındadır. Uzun illər separatçıların maliyyələşdirilməsi, onların silahlandırılması məhz bu kimi məkrli qüvvələr tərəfindən reallaşdırılıb.
Məlumdur ki, rəsmi Bakı daim erməni əhalisinə reinteqrasiya çağırışı edib, birgəyaşayış üçün həmişə münbit şərait yaradıb. Lakin haylar rəsmi İrəvanın "şou" tapşırığını yerinə yetirərək kütləvi şəkildə ərazidən çıxmağı üstün tutdular. Üstəlik, bu prosesdə onların sayı şişirdilərək 120 min nəfərə qədər artırıldı. Laçın sərhəd-buraxılış məntəqəsindən keçən haylara qarşı xüsusi qayğı ilə yanaşmağımıza baxmayaraq, zorakılıq və müxtəlif cinayət əməlləri törətməkdə ittiham olunduq. Şübhəsiz, bütün bunlar beynəlxalq ictimaiyyətin diqqətini yanlış yönə çəkmək üçün istifadə edilirdi.
Əfsuslar olsun ki, Xankəndidən öz xoşları ilə haylara xüsusi həssaslıqla yanaşanlar 200 illik erməni vandallığına, bəşəri cinayətlərə göz yumdular. Qərbi Azərbaycandan, Qarabağdan qarlı-şaxtalı havalarda zor gücü ilə çıxarılan soydaşlarımızın məruz qaldıqları haqsızlıq görməzdən gəlinir. Azərbaycanın başına gətirilmiş müsibətlərə, soyqırımı və etnik təmizləmə cinayətlərinə görə rəsmi İrəvana heç bir cəza tətbiq edilmir.
Ötən ilin sentyabr ayında keçirilən antiterror tədbirləri Qərb dairələrinin Ermənistanda revanş ritorikasına dəstək verməsi, separatçılara qol-qanad olması, həmçinin xain düşmənin sürətlə silahlandırılması fonunda Azərbaycanın aydın və qətiyyətli mövqeyinin ifadəsi idi. Qüdrətli Azərbaycan Ordusunun Qarabağda həyata keçirdiyi lokal xarakterli antiterror tədbirləri zamanı Ermənistan ordusunun tör-töküntüləri və separatçılar ərazilərimizdən qovuldular. Düşmən ordumuzun qarşısında sadəcə 23 saat 43 dəqiqə dayana bildi.
Ermənistan Vətən müharibəsi və lokal xarakterli antiterror tədbirləri nəticəsində Azərbaycana münasibətdə bütün təsir rıçaqlarından məhrum olub. Artıq nə Azərbaycanın torpaqları işğal altında deyil, nə Ermənistan ordusunun hissələri Qarabağda qalmayıb, nə də separatçı rejim "fəaliyyət göstərmir". Belə olan halda, İrəvanda oturan separatçılar özlərinə dayaq axtarışındadır. Bu mənada, İrəvan Qarabağdan getmiş ermənilərə qaçqın statusu verməklə Azərbaycanı etnik təmizləmədə günahlandırmaq və ölkəmiz əleyhinə təzyiq mühiti formalaşdırmaq niyyətindədir. Bu, eyni zamanda maddi cəhətdən Ermənistan büdcəsinin doldurulmasına xidmət edir. İndi də xaricdən "qaçqınlar üçün verilən ianələrə görə" təxribatlara əl atırlar. Yəni dolayı yolla Şahramanyan kimilərinin sərsəm bəyanatları Paşinyan rejiminin nəzarəti altında ortaya çıxır.
Təəssüf ki, Şahramanyan hələ də labüd sondan qaça biləcəyini düşünür. Ona xatırladırıq ki, keçmiş "həmkarlar"ı - Arkadi Qukasyan, Bako Saakyan və Arayik Harutyunyan kimilər də bu düşüncədə idilər. Şübhəsiz, əliqanlı qatillərin məsuliyyətə cəlb edilməsi prosesi tarixi ədalətin zəfəridir.
Nurlan ABDALOV,
"Respublika".