Azərbaycanın xarici siyasətinin əsas istiqamətlərindən birini ölkələrlə ikitərəfli və beynəlxalq təşkilatlar çərçivəsində əlaqələrin qurulması və strateji tərəfdaş səviyyəsinə yüksəlməsi təşkil edir. Buna uyğun olaraq Azərbaycan bütün dövlətlərlə bərabərhüquqlu, qarşılıqlı hörmət və maraqlar prinsipi əsasında əlaqələr qurur ki, İtaliya da bu ölkələrdən biridir.
Hər iki ölkə rəhbərinin qarşılıqlı səfərləri münasibətlərin inkişafına böyük təkan verir. Bu baxımdan, Azərbaycan Prezidenti İlham Əliyevin İtaliyaya işgüzar səfəri böyük əhəmiyyət kəsb edir.
Qeyd edim ki, İtaliya Azərbaycanın vacib tərəfdaşlarından biridir və xüsusilə son illərdə ölkələr arasında ticarət dövriyyəsinin həcmində kəskin artımlar müşahidə edilir. Təsadüfi deyil ki, ölkəmizin Avropa İttifaqı dövlətləri arasındakı ticarət dövriyyəsinin əhəmiyyətli hissəsi məhz İtaliyanın payına düşür. Yəni İtaliya Azərbaycanın əsas siyasi, iqtisadi və ticarət tərəfdaşıdır.
Ötən il iki ölkə arasında ticarət dövriyyəsi 15 milyard 685 milyon ABŞ dolları olub. Bu isə o deməkdir ki, son dörd ildə ticarət 3.4 dəfə artıb. 2023-cü ildə Azərbaycanın ümumi xarici ticarət dövriyyəsinin 30 faizindən çoxu İtaliyanın payına düşüb. Azərbaycan enerji məhsullarını Avropa bazarına İtaliya vasitəsilə ixrac edir.
Ən vacib məqamlardan biri də odur ki, Ermənistanın 30 illik işğalı dövründə İtaliya hər zaman Azərbaycanın ərazi bütövlüyünü dəstəkləyib. Prezident İlham Əliyevin 2020-ci ilin fevral ayında İtaliyaya dövlət səfəri zamanı imzalanmış "Çoxölçülü Strateji Tərəfdaşlığın gücləndirilməsinə dair Birgə Bəyannamə"də də Azərbaycan və İtaliya bir-birinin müstəqilliyi, suverenliyi, ərazi bütövlüyü və beynəlxalq səviyyədə tanınmış sərhədlərini bir daha təsdiqləyib. Sənəddə keçmiş Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin bu prinsiplər əsasında həlli ilə əlaqədar birmənalı mövqe əks olunmuşdu. 44 günlük Vətən müharibəsi zamanı da İtaliya Azərbaycanın haqlı mövqeyinə dəstək nümayiş etdirdi. Elə buna görədir ki, işğaldan azad edilən bölgələrin bərpasında dost ölkə olaraq İtaliya şirkətləri də yaxından iştirak edir.
Cənab Prezidentin səfəri zamanı COP29-la bağlı İtaliyanın Azərbaycana hərtərəfli dəstək verməyə hazır olması İtaliyanın "Eni S.P.A" şirkəti ilə SOCAR arasında yeni əməkdaşlıq sahələrinin müəyyənləşdirilməsi və bu şirkətlərin üçüncü ölkələrdə birgə layihələrdə iştirakı barədə razılaşma iki ölkə arasında münasibətlərin daha da inkişaf edəcəyini söyləməyə əsas verir.
Prezident İlham Əliyevin İtaliyaya səfəri çərçivəsində Çernobbio şəhərində "The European House - Ambrosetti" beyin mərkəzi tərəfindən keçirilən Beynəlxalq Forumdakı çıxışında səsləndirdiyi fikirlər xüsusi maraq doğurur. "The European House - Ambrosetti" beyin mərkəzi İtaliya və Avropa üçün böyük potensialı olan malik ölkələrlə əməkdaşlığın təşviqinə müsbət təsir göstərmək imkanına malik, ikitərəfli iqtisadi gündəmləri inkişaf etdirmək iqtidarında olan liderləri bir araya gətirərək yüksək səviyyəli müzakirə platformaları təqdim edir.
Onu da qeyd edim ki, dövlət başçısı forumda əsas qonaq qismində iştirak etdi. Sayca 50-ci olan Forumun "Gələcək qlobal çağırışlar və onların biznesə təsiri" adlı açılış sessiyasında Prezident İlham Əliyevin "Yeni geosiyasi vəziyyətdə Azərbaycanın rolu" mövzusunda çıxışı mühüm çağırışlarla zəngin oldu. Məhz bunun nəticəsidir ki, dünya mediası da Azərbaycan Prezidenti İlham Əliyevin sessiyada çıxışına və səsləndirdiyi fikirlərə geniş yer ayırıb. "Reuters", "Bloomberg", "Financial Post", "The Straits Time", "World Energy News", "Aol", "WTVB", "XM", "US News" və "WTAQ" kimi media agentliklərinin yaydığı materiallarda Azərbaycanın bir çox Avropa ölkəsi ilə fəal əməkdaşlıq qurduğu, Avropa İttifaqının 10 üzvünün ölkəmizin tərəfdaşı olduğu bildirilib.
Dövlətimizin başçısı Forumdakı çıxışında bu mühüm məqamı da xüsusi vurğulayıb ki, İtaliya ilə yüksək səviyyəli təmaslarımız çox yaxın tərəfdaşlar olduğumuzu nümayiş etdirir. Azərbaycandan İtaliyaya uzanan 3 500 kilometrlik Cənub Qaz Dəhlizinin bu gün 10 ölkənin enerji təhlükəsizliyini təmin etdiyini vurğulayan Prezident İlham Əliyevin hazırda 10 ölkənin Azərbaycandan qaz aldığını və bu ölkələrin yeddisinin Avropa İttifaqının üzvü olduğunu, bu səbəbdən də Avropa Komissiyasının Azərbaycanı ümum-Avropa qaz təchizatçısı və etibarlı tərəfdaş adlandırdığını diqqətə çatdırıb.
Şübhəsiz, keçirilən hər bir tədbir iştirakçı ölkələrin malik olduqları imkanların, mövcud reallıqların dünya ictimaiyyətinə çatdırılmasında əhəmiyyətli rol oynayır. Cənab Prezidentin İtaliyaya səfəri, Forumdakı çıxışı və əldə olunan razılaşmalar yeni-yeni layihələrin yaranmasına yol açacaq.
Yusif BAĞIRZADƏ,
politoloq.