Beynəlxalq müstəvidəki prinsipial mövqeyimiz bəllidir
Siyasət

Beynəlxalq müstəvidəki prinsipial mövqeyimiz bəllidir

Qütbləşən dünyada Azərbaycan çoxvektorlu xarici siyasət həyata keçirir. Rəsmi Bakının əsas məqsədi müxtəlif ölkələrlə əlaqələri gücləndirməkdir. Azərbaycan, xüsusən də Cənub Qaz Dəhlizi layihəsi vasitəsilə Avropaya enerji tədarük etməklə Qərb bazarında mühüm dividendlər qazanır. Zəngin neft və qaz ehtiyatları ölkənin iqtisadi və diplomatik gücünü artırmaqla yanaşı, onun regionda və qlobal enerji bazarlarında strateji əhəmiyyətinə də müsbət təsir edir. Bu, Qərb dövlətləri, xüsusən də Avropa İttifaqı ilə sıx əməkdaşlığa və əlaqələrin dərinləşməsinə imkan verir.

Prezident İlham Əliyevin İtaliyaya işgüzar səfəri həm Avropanın enerji təhlükəsizliyi, həm də regional geosiyasi dinamika baxımından əhəmiyyətlidir. Azərbaycan artıq Avropanın enerji təminatında daha böyük rol oynamağa başlayıb. Bu, ölkəmizin enerji siyasətində və beynəlxalq əlaqələrində bir sıra yeni imkanlar və eyni zamanda çətinliklər yaradır.

"Şahdəniz" və digər enerji layihələri vasitəsilə Azərbaycanın təklif etdiyi qaz, Avropanın enerji diversifikasiyasına müsbət təsir göstərir. Azərbaycan bu kontekstdə, Avropanın enerji təhlükəsizliyinin təmin olunmasında strateji tərəfdaş kimi çıxış edir. Rusiya tarixən Avropanın enerji bazarında dominant olmuşdur və indi onun yerini tutmağa çalışan ölkələrin mövqeləri rəsmi Moskva tərəfindən diqqətlə izlənilir. Lakin ölkəmiz Rusiyanın Qərblə əlaqələrinin pis olmasından istifadə edərək Moskvanın əhatə dairəsini daraltmaq deyil, Qərbi enerji ilə təchiz etmək marağındadır. Bu isə Rusiyanın məqsədləri ilə ziddiyyət təşkil etmir. İki ölkə arasındakı səmimi münasibətlər də bunu deməyə əsas verir.

Azərbaycan və Avropa İttifaqı arasında əldə edilən razılaşma enerji bazarında ölkəmizin əhəmiyyətli rolunu daha da gücləndirir. 2027-ci ilə qədər Azərbaycan qazının illik tədarükünün 20 milyard kubmetrə çatdırılması planı, Avropanın enerji təhlükəsizliyinin təmin edilməsi məqsədini güdür. Bu məqsədə çatmaq üçün Cənub Qaz Dəhlizi və onun tərkib hissəsi olan Trans-Adriatik Boru Kəməri (TAP) əsas rol oynayacaq.

Hazırkı vəziyyətdə Azərbaycan yalnız enerji təminatçısı kimi deyil, həm də regional sabitliyi və iqtisadi inkişafı dəstəkləyən ölkədir. Azərbaycanın enerji bazarındakı artan rolu və bununla bağlı geosiyasi dinamika, ölkəmizin beynəlxalq müstəvidəki strateji mövqeyini daha da gücləndirə bilər. Eyni zamanda bu inkişaf geosiyasi mübarizədə yeni çağırışlar və imkanlar təqdim edir ki, bu da Azərbaycanın diplomatik və iqtisadi strategiyalarının uğurlu şəkildə həyata keçirilməsinə səbəb olur.

Prezident İlham Əliyevin İtaliyaya işgüzar səfəri və "The European House - Ambrosetti" beyin mərkəzindəki çıxışı Azərbaycanın Avropanın enerji təhlükəsizliyindəki strateji rolunu vurğulayan əhəmiyyətli hadisədir. Prezidentin çıxışında Cənub Qaz Dəhlizi və onun genişləndirilməsi perspektivlərinə dair verdiyi mesajlar bir neçə mühüm məqamı önə çıxarır. Cənub Qaz Dəhlizi Azərbaycandan başlayaraq İtaliyaya qədər uzanan 3500 kilometr uzunluğunda bir boru kəməridir. Bu infrastruktur Avropanın enerji təhlükəsizliyini təmin etmək üçün əhəmiyyətli bir vasitədir. Prezident İlham Əliyev çıxışında qeyd etdiyi kimi, hazırda 10 ölkə Azərbaycandan qaz alır və bu ölkələrin yeddisi Avropa İttifaqının üzvüdür. Bu, Avropa üçün qaz təchizatının diversifikasiyasına və asılılığın azaldılmasına böyük töhfə verir.

Azərbaycanın Avropa İttifaqı ilə əməkdaşlığı enerji sahəsində strateji tərəfdaşlığı və qarşılıqlı faydalı əlaqələri vurğulayır. Bu kontekstdə, Azərbaycanın enerji sektoru üzrə strateji planları və diplomatik yanaşmaları, ölkənin beynəlxalq təsirini artırmaq və regional geosiyasi müstəvidə daha fəal rol oynamaq məqsədi daşıyır. Cənub Qaz Dəhlizinin genişləndirilməsi və Avropa ilə əməkdaşlığın dərinləşdirilməsi Azərbaycanın enerji bazarında daha böyük təsir və strateji mövqeyini təmin edir.

Azərbaycanın Avropanın enerji təhlükəsizliyindəki mühüm rolunu nəzərə alaraq, Avropa Şurasının Parlament Assambleyasında (AŞPA) ölkəmizin nümayəndə heyətinin mandatının ədalətsiz şəkildə ləğv edilməsi məsələsi ciddi narahatlıq doğurur. Prezident İlham Əliyevin çıxışında bu məsələ ilə bağlı məqamlar Avropa strukturlarının qərəzli yanaşmalarına tutarlı cavabdır. Ölkə başçımız Avropa Şurasının Parlament Assambleyasının Azərbaycan nümayəndə heyətinin səsvermə hüququndan məhrum edilməsini ölkənin suverenliyini bərpa etməsi ilə bağlı tətbiq edilmiş bir sanksiya kimi qiymətləndirir.

Avropa Birliyi üçün iki əsas məsələ mövcuddur: Azərbaycan kimi enerji təminatçısı ilə möhkəm tərəfdaşlıq və erməni lobbisinin təsirindən qorunma. Yuxarıda qeyd etdiyimiz kimi, Avropanın enerji təhlükəsizliyi üçün Azərbaycanın rolu əvəzsizdir. Lakin, eyni zamanda dini və siyasi qərəzlərin Avropa struktur və siyasətlərinə təsir etməməsi önəmlidir. Əks təqdirdə, Azərbaycanla tərəfdaşlıq münasibətlərində yaranan problemlər Avropanın enerji təhlükəsizliyini təhdid edə bilər. Avropa Birliyi və digər Avropa qurumlarının Azərbaycanla münasibətlərdə obyektiv və ədalətli yanaşma sərgiləməsi, həm regionun enerji təhlükəsizliyini təmin edəcək, həm də beynəlxalq münasibətlərdə qarşılıqlı hörməti gücləndirəcək. Avropanın bu məsələyə diqqətlə yanaşması, Azərbaycanın rolunu nəzərə alaraq daha balanslı və strateji qərarlar qəbul etməsi vacibdir.

Prezident İlham Əliyevin forumdakı çıxışında Azərbaycanın beynəlxalq müstəvidəki prinsipial mövqeyi və enerji təhlükəsizliyindəki rolu vurğulanıb, Avropanın da bu kontekstdə düzgün qərarlar qəbul etməsinin zəruriliyi qeyd edilib. Avropa Birliyinin və digər strukturların bu məsələlərə diqqət yetirməsi, regionun sabitliyi və enerji təhlükəsizliyi baxımından mühüm əhəmiyyət kəsb edir.

Tacir SADIQOV,

"Respublika".