Ekologiya və təbii sərvətlər naziri, COP29-un müəyyən olunmuş prezidenti Muxtar Babayev ötən gün jurnalistlərə açıqlamasında COP29 konfransına hazırlıqların sürətlə davam etdiyini bildirərək Azərbaycanın ekoloji məsuliyyətini və qlobal iqlim dəyişmələri ilə mübarizədəki rolunu bir daha vurğuladı. Bu, təkcə konfrans deyil, həm də Azərbaycanın ekoloji siyasətini nümayiş etdirməsi üçün bir fürsətdir. Dünyanın müxtəlif ölkələrindən gələn nümayəndələr Azərbaycanı "yaşıl texnologiya"lar, təbii sərvətlərin qorunması və davamlı inkişaf sahəsində liderliyini görəcəklər. Hazırlıq işlərinin sürətlə davam etməsi və lazımi tədbirlərin görülməsi ölkəmizin bu konfransa ciddi yanaşdığını və yüksək səviyyədə keçirməyə hazır olduğunu sübut edir.
COP29 ölkəmizin qlobal ekoloji proseslərdə daha fəal iştirakına, yeni əməkdaşlıqlar qurmasına və innovativ həllərin inkişafına səbəb olacaq. Bu sahədə atılan addımlarda məqsəd gələcək nəsillərə təmiz və yaşıl bir vətən miras qoymaqdır. Həmçinin Azərbaycanın COP29 çərçivəsində Bakı Beynəlxalq İqlim Şəffaflığı Platformasını təklif etməsi ölkəmizin qlobal ekoloji problemlərə qarşı göstərdiyi ciddi səylərin növbəti nümunəsidir. M.Babayevin sözlərinə görə, Azərbaycanın təşəbbüsü ilə müzakirə olunacaq ciddi məsələlər iqlim dəyişmələrinə qarşı mübarizədə yeni yanaşmaların tətbiqini sürətləndirə bilər. Dövlətimiz iqlim şəffaflıq hesabatlarının hazırlanmasında digər ölkələrə köməklik göstərərək qlobal miqyasda iqlim fəaliyyətinin şəffaflığını təmin etməyə çalışır. COP29-un müəyyən olunmuş prezidenti növbəliliyin Afrikada və digər ölkələrdə olacağını vurğulayaraq Azərbaycanın qlobal ekoloji siyasətdə fəal iştirakını diqqətə çatdırıb.
Bakıda keçirilən "Genişləndirilmiş Şəffaflıq Çərçivəsində (ETF) ümumi iştirak vasitəsilə iqlim məsələlərinin şəffaflığının artırılması" adlı yüksək səviyyəli dialoqda BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının icraçı katibi Saymon Stil iqlim dəyişmələrinin ekoloji təsirləri artdıqca heç bir ölkənin bundan sığortalanmadığını qeyd edib: "Müəyyən məqsədə yönəldilmiş iqlim siyasəti "yaşıl keçid"in sürətləndirilməsi və iqtisadiyyatın bütün sektorlarında dayanıqlığın gücləndirilməsi üçün mühüm əhəmiyyət kəsb edir. Bu proseslərin mərkəzində İkiillik Şəffaflıq Hesabatları (BTRs) dayanır. Bu hesabatlar milli prioritetləri müəyyən etmək, iqlim siyasətini təkmilləşdirmək və effektiv fəaliyyətlə bağlı lazım olan maliyyəni təmin etmək üçün qaneedici sübut bazası yaradacaq".
Bu yanaşma iqlim dəyişmələri ilə mübarizədə daha planlı bir istiqamətə keçidi təmin edir. "Yaşıl keçid" yalnız texnologiyaların inkişafı və iqtisadiyyatın modernləşdirilməsi ilə məhdudlaşmamalı, həm də siyasətin şəffaf və dayanıqlı olması üçün bir təkan olmalıdır. İkiillik Şəffaflıq Hesabatları ölkələrin iqlim siyasətini düzgün formada həyata keçirdiklərini və onların milli səviyyədə atdıqları addımların qlobal təsirə malik olduğunu sübut edir. İkiillik Şəffaflıq Hesabatları təkcə rəqəmlərdən və statistikalardan ibarət sənəd deyil, həm də ölkələrin gələcək iqlim siyasətlərinin formalaşdırılmasında və qlobal miqyasda daha dayanıqlı bir dünya qurulmasında mühüm bir alətdir.
Sözügedən tədbirdə iştirak edən COP29-un baş danışıqçısı Yalçın Rəfiyev bildirib ki, bu gün Bakı Qlobal Şəffaflıq Platformasının yaradılması iqlim prosesində maraqlı tərəflərin, QHT-lərin əməkdaşlığı üçün lazımi məkan olacaq. O, platformanın qarşılıqlı olaraq inam və etimadın yaradılması üçün hazırlandığını qeyd edib.
Bakı Qlobal Şəffaflıq Platforması iqlim məsələləri ilə məşğul olan QHT-lərə, ekspertlərə və digər maraqlı tərəflərə öz səslərini qaldırmaq və fikir mübadiləsi aparmaq üçün geniş imkanlar verəcək. Bu, yalnız iqlim dəyişmələrinə qarşı mübarizənin gücləndirilməsinə deyil, həm də müxtəlif cəmiyyətlərin və ölkələrin daha şəffaf və ədalətli iqlim siyasətlərinə nail olması deməkdir. İnsanlar yalnız hökumətlərin deyil, həm də QHT-lərin və digər maraqlı tərəflərin iqlim məsələlərində nə qədər fəal olduğunu görərək, bu prosesə daha yaxından qatılmaq istəyəcəklər.
Yaponiyanın ətraf mühit nazirinin müavini Yutaka Matsuzava da Bakı Qlobal İqlim Şəffaflığı Platformasını dəstəklədiyini bildirib. Onun sözlərinə görə, Yaponiya hökumətinin iqlim şəffaflığını artırmaq üçün digər ölkələrə dəstəyini davam etdirəcəyini vurğulaması bu sahədə beynəlxalq əməkdaşlığın vacibliyini bir daha ön plana çıxarır. Y.Matsuzava bu dəstəyin BMT çərçivəsində həyata keçiriləcəyini və Yaponiyanın özünün ən yaxşı təcrübələrini digər ölkələrlə bölüşəcəyini vurğulayıb. Yaponiya kimi texnologiya və innovasiya sahəsində qabaqcıl bir ölkənin bu prosesə fəal şəkildə qoşulması, iqlim dəyişmələri ilə mübarizədə daha səmərəli və dayanıqlı həll yollarının tapılmasına imkan verəcək.
Bütün bu açıqlamalar və dəstəklər COP29-un və Bakı Qlobal İqlim Şəffaflığı Platformasının nə qədər əhəmiyyətli təşəbbüs olduğunu göstərir. Azərbaycan bu platforma vasitəsilə qlobal səviyyədə iqlim şəffaflığının təmin olunmasına və iqlim dəyişmələri ilə mübarizədə daha geniş əməkdaşlığa töhfə verəcəkdir. Həm yerli, həm də beynəlxalq səviyyədə verilən dəstəklər platformanın uğurla fəaliyyət göstərəcəyinə sübutdur.
Röya RÜSTƏMLİ,
"Respublika".