Beynəlxalq aləm Azərbaycana etimad göstərir
Siyasət

Beynəlxalq aləm Azərbaycana etimad göstərir

BMT-nin İqlim Dəyişmələri  üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası - COP29 bu ilin noyabrında ölkəmizdə baş tutacaq. Bu, dövlətimiz üçün növbəti böyük uğurdur. Şübhəsiz ki, belə mötəbər tədbirin ölkəmizdə keçirilməsi qərarının verilməsi Azərbaycana olan böyük etimadın nəticəsidir.

COP29-un ölkəmizdə keçirilməsi ilə əlaqədar ötən il dekabrın 15-də baş tutan müşavirədə Prezident İlham Əliyev bildirdi ki, sözügedən nüfuzlu, qlobal xarakterli tədbirin məhz Bakıda keçirilməsinə dair qərarı bütün dünya ölkələri qəbul etmişdir. Ölkəmizdə aparılan siyasət nəticəsində dünya miqyasında çox güclü mövqelərə sahib oluruq və davamlı olaraq nüfuzlu beynəlxalq tədbirlərə ev sahibliyi edirik. Prezident cənab İlham Əliyevin həyata keçirdiyi müstəqil siyasət, prinsipial mövqe, beynəlxalq hüquqa bağlılıq və eyni zamanda ölkə ərazisində suverenliyin bərpa edilməsi respublikamıza olan hörməti daha da artırıb.

Həmçinin müşavirədə Prezident cənab İlham Əliyev lokal xarakterli antiterror tədbirlərindən sonra bəzi Qərb ölkələrinin Azərbaycana qarşı əsassız ittihamlar irəli sürməsinə diqqət çəkərək bildirdi ki, bizə qarşı irəli sürülmüş bu ittihamların heç bir əsası yoxdur. Çünki Azərbaycan öz suveren ərazisində separatçılığa, işğalçılara qarşı antiterror tədbirləri keçirərək beynəlxalq hüququn aliliyini və eyni zamanda bütün humanitar normalara uyğun olaraq öz suverenliyini bərpa etmişdir. Prezident İlham Əliyev onu da qeyd etdi ki, bəzi Qərb ölkələri, onların arasında ənənəvi olaraq Fransa da Azərbaycanın qələbəsi ilə barışmaq fikrində deyil. Halbuki artıq beynəlxalq birlik də görür ki, hətta Ermənistan bu vəziyyətlə barışıb və COP29 konfransının keçirilməsi bunu bir daha göstərir. Fransanın mövqeyi riyakarlıqdır və bu ölkədə bəzi siyasi liderlər ermənilərdən daha çox erməni olmağa çalışırlar. Şübhəsiz ki, bütün bunlar ikili standartlarla yürüdülən siyasətin təzahürüdür. Bəzi hallarda beynəlxalq aləm və birlik anlayışı Qərbdə təhrif edilir. Unutmamaq lazımdır ki, beynəlxalq birlik 30-40 ölkə deyil, bütün dünya ölkələridir. Bu dövlətlər isə yekdilliklə Azərbaycana etimad göstərir.                                                     

Cavid OSMANOV,

Milli Məclisin deputatı.