Baş prokurorun birinci müavini Müstəqil Dövlətlər Birliyinin Müşahidə Missiyasını qəbul edib
Sosial həyat

Baş prokurorun birinci müavini Müstəqil Dövlətlər Birliyinin Müşahidə Missiyasını qəbul edib

Avqustun 15-də Baş prokurorun birinci müavini Elçin Məmmədov Müstəqil Dövlətlər Birliyinin Müşahidə Missiyasının üzvü, MDB-nin Baş katibinin müavini Nurlan Seytimovun rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşüb.

Baş Prokurorluqdan verilən məlumata görə, qonaqları salamlayan Elçin Məmmədov cari il sentyabrın 1-də təyin olunmuş Milli Məclisə növbədənkənar seçkilərin azad və demokratik şəraitdə keçirilməsi, seçicilərin azad şəkildə öz iradələrini ifadə etməsi məqsədilə görülən işlərdən danışaraq, seçki qanunvericiliyinin pozulması ilə əlaqədar prokurorluq orqanlarının qarşısında duran vəzifələr və qəbul edilən qərarlar barədə ətraflı məlumat verib.

Baş prokurorun birinci müavini seçki qanunvericiliyinin pozulması ilə bağlı müxtəlif mənbələrdən Baş Prokurorluğa daxil olan, habelə internet məkanı və media resurslarında aparılmış monitorinqlər nəticəsində əldə olunmuş məlumatların qanunvericilikdə nəzərdə tutulmuş müddətdə və qaydada araşdırılması, operativliyin təmin edilməsi və aidiyyəti qurumlarla koordinasiyalı fəaliyyətin təşkili məqsədilə Azərbaycan Respublikası Baş prokurorunun sərəncamı əsasında yaradılan İşçi qrupun səmərəli fəaliyyəti barədə qonaqlara ətraflı məlumat verib.

Nurlan Seytimov Müşahidə Missiyasının ölkəmizdə olduğu müddətdə keçirdiyi görüşlərin əhəmiyyətindən söz açaraq, seçkilərin yüksək səviyyədə keçirilməsi üçün hər cür şəraitin yaradıldığını, seçki qanunvericiliyinin beynəlxalq standartlara uyğun olduğunu və seçkiqabağı hazırlıq prosesini müsbət qiymətləndirdiklərini qeyd edərək bu işdə Mərkəzi Seçki Komissiyası ilə yanaşı, prokurorluq orqanlarının əməyini yüksək qiymətləndirib.

Görüşdə tərəfləri maraqlandıran məsələlər ətrafında fikir mübadiləsi aparılıb.

Ü.QARAYEV,

“Respublika”.