Hazırda Ukrayna ilə Rusiya arasında danışıqlar mövzusu yenidən gündəmə gəlib. İki ölkə arasında danışıqların hansı formatda aparılacağı müzakirə edilir və bununla bağlı bir çox versiya irəli sürülür.
Rusiya tərəfinin məsələyə mövqeyi açıqlanıb. Belə ki, rəsmi Moskva Çin, Hindistan və Braziliyanın vasitəçiliyində maraqlıdır. Bu elə bir missiyadır ki, vasitəçilik edən tərəfin bir araya gətirdiyi münaqişə tərəfləri ilə normal münasibətləri olmalıdır.
Azərbaycanın həm Rusiya, həm də Ukrayna ilə yaxşı münasibətləri var. Ölkəmiz Ukraynanın ərazi bütövlüyünü dəstəklədiyini hər zaman birmənalı şəkildə bəyan edib. Həmçinin savaş müddətində Ukraynaya ciddi humanitar yardım göstərən əsas ölkələrdən biri olub. Azərbaycanın Rusiya ilə də münasibətləri kifayət qədər yaxşıdır. Hər iki ölkə müttəfiqlik münasibətlərinə malikdir. Rusiya-Azərbaycan münasibətlərinin getdikcə daha çox inkişaf etməsi, etimadın yüksəldilməsi Azərbaycana vasitəçi qismində iştirak etmək imkanı yaradır.
Azərbaycan Prezidentinin həm Rusiya, həm də Ukrayna prezidentləri ilə kifayət qədər yüksək səviyyəli münasibətləri formalaşıb. Tərəflər arasında qarşılıqlı etimad mövcuddur. Lakin nəzərə almaq lazımdır ki, Rusiya-Ukrayna savaşı qlobal hadisədir və bu savaşda maraqlı tərəflər çoxdur. Bakı müxtəlif qütbləri təmsil edən tərəflərin müzakirə ünvanına çevrilib. Xatırladaq ki, Ukrayna-Rusiya savaşına qədər bir neçə dəfə Rusiya-NATO komandanlıqları, o cümlədən Amerika-Rusiya Müdafiə Nazirliyi nümayəndələrinin Bakıda yüksək səviyyəli görüşləri keçirilib və Azərbaycan tərəflərin etimadını qazanıb.
Digər tərəfdən, Ukraynanın bu tip məsələlərdə təkbaşına qərar vermək imkanları geniş deyil. Çünki bu savaşda Ukraynaya dəstək verən dövlətlərin mövqeyi də həlledici rol oynayır. Bu baxımdan, Bakıda belə bir görüşün keçirilməsi ilə bağlı Rusiya ilə bərabər, Ukraynanın, o cümlədən onu dəstəkləyən dövlətlərin də ortaq fikri olmalıdır. Əgər belə fikir olarsa Bakı bu görüşü keçirməyə hazırdır.
Oqtay QASIMOV,
politoloq.