Bakı Dövlət Universitetinin təsis edilməsindən 105 il ötür
Elm və təhsil

Bakı Dövlət Universitetinin təsis edilməsindən 105 il ötür

Bu gün Azərbaycan elminə çıraq tutan, xalqımıza saysız-hesabsız ziyalı bəxş edən, müsəlman Şərqinin yeni tipli ilk ali təhsil müəssisəsi olan Bakı Dövlət Universitetinin (BDU) təsis edilməsindən 105 il ötür. 1919-cu il sentyabr ayının 1-də Azərbaycan Xalq Cümhuriyyətinin parlamenti tərəfindən BDU-nun təsis edilməsi haqqında Qanun qəbul edilmişdir. BDU-nun bir elm ocağı olaraq yaradılması Azərbaycanın ictimai-siyasi həyatında olduqca mühüm hadisə idi. Bu universitet ölkənin elmi və intellektual həyatında mühüm rol oynayıb. Azərbaycanın elm, mədəniyyət və siyasət sahəsindəki görkəmli simalarının çoxu bu universitetdən məzun olmuş və ya burada fəaliyyət göstərmişdir. Bu təhsil ocağına yüksək qiymət verən ümummilli lider Heydər Əliyev Bakı Dövlət Universitetini Azərbaycan xalqının milli sərvəti adlandırmış, buranın həqiqət axtaran, milli ruhu inkişaf etdirən bir ocaq, bir məktəb olduğunu demişdir.

Bakı Dövlət Universitetinin (BDU) yaranması XIX əsrin ikinci yarısında, XX əsrin əvvəllərində genişlənən müasir, milli maarifçilik və milli azadlıq mübarizəsinin nəticəsi olaraq, bu mübarizəyə rəhbərlik edən mütəfəkkir şəxslərin böyük səyləri nəticəsində mümkün olmuşdur. Azərbaycan Xalq Cümhuriyyətinin (AXC) qarşısında duran ən ümdə məsələlərdən biri də ölkəmizdə ali təhsil müəssisələrinin yaradılması və ali təhsilli milli peşəkar kadrların hazırlanması idi. Həmin dövrdə bu sahədə iki istiqamət üzrə fəaliyyət aparılırdı. Birincisi, ölkədə ali təhsil müəssisələrinin yaradılması, ikincisi, azərbaycanlı gənclərin Avropanın məşhur universitetlərində təhsil almaları üçün göndərilməsi.

Azərbaycan elm və maarifinin ilk milli mərkəzini yaratmaq yolunda qarşıya çıxan böyük maneələrə baxmayaraq, milli hökumətimiz və ziyalılarımız bu işi uğurla başa çatdırdılar. 1919-cu il sentyabrın 1-də Azərbaycan parlamenti ictimai fikir tariximizdə və elmin, maarifin inkişafında əvəzsiz xidmətlər göstərəcək ilk universitetin açılması haqqında qanun qəbul etdi. "Bakı şəhərində dövlət universitetinin təsis edilməsi haqqında" adlı qanunda universitetin dörd fakültədən ibarət olması göstərilirdi: Şərq şöbəsi ilə birlikdə tarix-filologiya, fizika-riyaziyyat, hüquq və tibb fakültələri. Qanunun onuncu maddəsində isə qeyd edilirdi ki, Bakı şəhərində Dövlət Universiteti 1919-cu il sentyabrın 1-dən açılmış hesab olunur. Universitetin yaradılması Cümhuriyyət xadimlərinin Azərbaycan xalqı qarşısında göstərdiyi ən mühüm tarixi xidmətlərdən biri idi. Cümhuriyyət dövründə Məhəmməd Əmin Rəsulzadə, R.Qaplanov və digər bir sıra dövlət və siyasi xadimlərin universitet auditoriyalarında mühazirələr oxuması yalnız elm və təhsilə olan marağı artırmırdı, eyni zamanda xalqın özünə inamını, milli dövlətçilik və vətənpərvərlik hisslərini də gücləndirirdi. Bakı Dövlət Universitetinin idarə olunması və tədris-elmi fəaliyyətinin tənzimlənməsi üçün hazırlanan nizamnamə üç aylıq müzakirələrdən sonra, 1919-cu il sentyabrın 29-da parlamentin 79-cu iclasında qəbul edilmişdir. 5 fəsil və 72 maddədən ibarət olan bu nizamnamə universitetin təşkilati quruluşunu, elm və tədris sahələrinin fəaliyyətini, professor-müəllim heyətinin vəzifə və hüquqlarını müəyyənləşdirirdi. Parlament tərəfindən təsdiq edilən bu nizamnamə universitet idarəçiliyinin formalaşmasında əhəmiyyətli rol oynamışdır.

Ulu öndərin siyasi kursunun davamçısı olan Prezident İlham Əliyev ali təhsil ocağına daim diqqət və qayğı ilə yanaşmışdır. Məhz dövlət başçısının 2017-ci ildə imzaladığı Sərəncamla 2019-cu ildə BDU-nun 100 illik yubileyi keçirilmişdi. Həmin sənəddə qeyd olunurdu ki, Azərbaycan Xalq Cümhuriyyətinin yadigarı olan Bakı Dövlət Universiteti müsəlman Şərqində yeni tipli ilk ali məktəb kimi yarandığı vaxtdan etibarən nailiyyətlərlə zəngin şərəfli yol keçmişdir. Daim azərbaycançılıq məfkurəsinə sadiqlik nümayiş etdirən Universitetin ölkədə ali təhsil sisteminin qurulmasında, elmi tədqiqatların dərin məzmun kəsb edərək son texnologiyaların da tətbiqi ilə müasir standartlara uyğun aparılmasında və ümumən milli özünüdərk prosesinin sürətləndirilməsində təqdirəlayiq xidmətləri var. Bakı Dövlət Universiteti tarixən vətənpərvər ziyalıların fədakar əməyi sayəsində yetirdiyi ictimai-siyasi, elm və mədəniyyət xadimləri ilə Azərbaycanın mövcud simasının təşəkkülünə böyük töhfələr vermişdir. Respublikada yaradıcı elmi təfəkkürün innovativ ideyalar əsasında formalaşdırılması, hazırlıqlı kadr potensialının davamlı təkmilləşdirilməsi və elmi-intellektual mühitin inkişaf səviyyəsinin daha da yüksəldilməsi, o cümlədən Azərbaycan xalqının tarixi-mədəni dəyərlərinin və mənəvi-əxlaqi sərvətlərinin qorunub yaşadılması Universitetin dünya təhsil məkanına inteqrasiya yolu seçməklə göstərdiyi bugünkü çoxşaxəli, geniş fəaliyyətin başlıca istiqamətlərini təşkil edir.

2019-cu il noyabrın 26-da Konqres Mərkəzində Bakı Dövlət Universitetinin 100 illik yubileyi münasibətilə keçirilən mərasimdə çıxış edən dövlət başçısı demişdir: "Bakı Dövlət Universiteti Azərbaycan Xalq Cümhuriyyətinin qərarı ilə təsis edilmişdir. Bu qərar bir daha onu göstərir ki, Azərbaycan Xalq Cümhuriyyəti Azərbaycan xalqı qarşısında böyük xidmətlər göstərmişdir. Xalq Cümhuriyyətinin qurucuları yaxşı anlayırdılar ki, savadsız cəmiyyətdə güclü müstəqil dövlət qurmaq mümkün deyil. Baxmayaraq ki, gənc respublika böyük çətinliklərlə üzləşmişdi və ölkə ərazisinə tam nəzarət edə bilmirdi, bu qərar bir daha respublikanın niyyətini, qurucuların siyasətini əks etdirir. Bakı Dövlət Universiteti 100 il ərzində Azərbaycanın hərtərəfli inkişafına böyük töhfələr vermişdir".

Musa BAĞIRLI,

"Respublika".