1918-ci il mayın 28-də Azərbaycan Xalq Cümhuriyyətinin (AXC) elan edilməsi ilə xalqımızın tarixində yeni bir dövr başlandı. AXC-nin ilk hökuməti milli dəyərlərin qorunması, demokratik cəmiyyətin formalaşması və təhsilin inkişafı istiqamətində vacib addımlar atdı. Bu prosesin ən mühüm istiqamətlərindən biri də Azərbaycanın öz ali təhsil müəssisəsinin yaradılması idi. Bakı Dövlət Universitetinin (BDU) təsis edilməsi Cümhuriyyətin xalq qarşısında böyük tarixi xidmətlərindən biridir.
XX əsrin əvvəllərində Azərbaycan xalqının maariflənməyə və təhsilə böyük ehtiyacı var idi. Çar Rusiyası dövründə ölkəmizdə əsasən rus dilində tədris edilən məhdud sayda məktəblər fəaliyyət göstərirdi və xalqın maarifləndirilməsi sahəsində ciddi problemlər mövcud idi. Bu vəziyyəti dəyişmək və xalqı maarifləndirmək məqsədilə milli universitetin yaradılması zərurəti idi. Azərbaycanın siyasi-ictimai xadimləri ölkədə ali təhsil müəssisəsinin yaradılmasının vacibliyini çoxdan hiss edirdilər. Lakin bu məqsədə yalnız AXC dövründə nail olmaq mümkün oldu. 1919-cu ilin əvvəlində Cümhuriyyət hökuməti universitetin yaradılması haqqında müzakirələrə başladı. Parlament üzvləri, o cümlədən Məmməd Əmin Rəsulzadə, Nəsib bəy Yusifbəyli, Əlimərdan bəy Topçubaşov kimi görkəmli xadimlər bu müzakirələrdə fəal iştirak etdilər.
1919-cu ildə yaradılan Bakı Dövlət Universiteti (Darülfünun) Cümhuriyyət rəhbərliyinin elm və təhsilin inkişafına, xalqın maariflənməsinə verdiyi böyük önəmi göstərirdi. Cümhuriyyət dövrünün bir sıra siyasi və dövlət xadimləri universitet auditoriyalarında mühazirələr oxuyurdular. Bu mühazirələr yalnız elm və təhsilin təbliği deyil, həm də milli dövlətçilik və vətənpərvərlik ruhunu gücləndirmək üçün vacib idi. Universitet auditoriyalarında dövlət xadimləri tələbələrlə birbaşa ünsiyyət quraraq onlara öz düşüncələrini, ideyalarını aşılamaqla yanaşı, vətəndaş cəmiyyəti quruculuğunda fəal iştirak etməyin vacibliyini çatdırırdılar. Bu cür fəaliyyət gənc nəslin təhsil alması ilə yanaşı, onların milli şüurunun inkişafında da mühüm rol oynayırdı.
BDU-nun fəaliyyətini tənzimləyən nizamnamə üç aylıq müzakirələrdən sonra, 1919-cu il sentyabrın 29-da parlamentin 79-cu iclasında təsdiq edilmişdir. Bu nizamnamə universitetin təşkilati strukturunu, elm və tədris sahəsindəki fəaliyyətini, habelə professor-müəllim heyətinin hüquq və vəzifələrini dəqiq şəkildə müəyyən etmişdi. BDU-nun idarə olunmasını müəyyən edən bu hüquqi sənəd universitetin gələcək inkişafının təməli olmuşdur. Nizamnamənin 5 fəsildən və 72 maddədən ibarət olması universitetin hərtərəfli şəkildə fəaliyyətini tənzimləməyə imkan verirdi. Tədris prosesinin elmi səviyyəsi və universitet idarəçiliyinin təşəkkülü bu sənədin əsasında formalaşmışdır. Cümhuriyyət rəhbərliyinin ali təhsilə verdiyi böyük diqqət BDU-nun regionda aparıcı ali təhsil ocağına çevrilmiş və Azərbaycan elminin inkişafına mühüm təsir göstərmişdir.
BDU Azərbaycan Xalq Cümhuriyyətinin əsas nailiyyətlərindən biri olmaqla yanaşı, həm də milli dövlətçilik ideyalarının, vətənpərvərlik və milli dəyərlərin qoruyucusu və inkişaf etdiricisi kimi fəaliyyət göstərmişdir. Universitetin yaranması, Azərbaycan xalqının özünəinamını gücləndirərək müstəqillik və milli birlik ideyalarının yayılmasına səbəb olmuşdur. Ali təhsilə və elmi inkişafa verilən önəm Cümhuriyyət rəhbərliyinin maarifləndirmə siyasətinin əsasını təşkil edirdi. BDU-nun açılması ilə Azərbaycan xalqı öz mütəxəssislərini, alimlərini yetişdirmək imkanı qazandı ki, bu da ölkənin gələcək intellektual inkişafına güclü təkan oldu.
Universitetin idarəetmə mexanizmini və tədris prosesini tənzimləyən nizamnamə onun inkişafı üçün hüquqi çərçivə yaradır və fəaliyyətində şəffaflığı təmin edirdi. Nizamnamədə qeyd edilən professor-müəllim heyətinin hüquqları və vəzifələri universitetin elmi və tədris səviyyəsinin yüksəldilməsinə, onun yüksək intellektual standartlar üzrə fəaliyyət göstərməsinə imkan verdi.
AXC-nin süqutundan sonra, 1920-ci ilin aprelində Sovet hakimiyyəti Bakını işğal etsə də, Bakı Dövlət Universiteti öz fəaliyyətini davam etdirdi. Universitetin 1920-ci ildən etibarən Sovet təhsil sisteminin bir hissəsinə çevrilməsinə baxmayaraq, Azərbaycan xalqı üçün ali təhsil ocağı kimi öz mühüm rolunu qoruyub saxladı. Sovet dövründə BDU daha da genişləndi və bir çox elmi kəşflərin və tədqiqatların mərkəzinə çevrildi.
BDU-nun yaradılması Azərbaycan xalqının mədəniyyətinin və təhsilinin inkişafında əvəzsiz rol oynadı. Bu universitet milli elitanın və mütəxəssislərin yetişdirilməsinə imkan verərək ölkənin elmi-intellektual potensialının artırılmasına xidmət etdi. BDU-nun təsisi xalqın maariflənməsinə və milli kimliyinin qorunmasına xidmət edərək Azərbaycanın müasir elmi və tədris mərkəzlərinin təməlini qoymuşdur. BDU bu gün də Azərbaycan təhsilinin inkişafında böyük rol oynayır.
Tacir SADIQOV,
"Respublika".