Azərbaycanın mədəniyyət beşiyi dirçəlir
Mədəniyyət

Azərbaycanın mədəniyyət beşiyi dirçəlir

Qarabağın göz bəbəyi, baş tacı Şuşa 1992-ci il mayın 8-də Ermənistan hərbi birləşmələri tərəfindən işğal edilmişdi. 289 kvadratkilometr ərazisi olan Şuşada həmin dövrdə 25 min nəfərədək əhali yaşayırdı. İşğal illərində Qarabağın bütün yaşayış məntəqələrində olduğu kimi, Şuşada da mədəniyyət abidələri məhv edilib. Hər bir tarixi abidə məxsus olduğu xalqın milli-mənəvi irsini özündə saxlayan dəyərli sərvətdir. Əfsuslar olsun ki, tarixi abidələrimiz Birinci Qarabağ müharibəsində erməni vandaliziminin qurbanı olub. O cümlədən Şuşa Dövlət Musiqili Dram Teatrı, Qarabağın və Şuşa şəhərinin tarixi muzeyləri, Üzeyir Hacıbəyovun, Bülbülün, Mirmöhsün Nəvvabın xatirə muzeyləri, Azərbaycan xalçası Dövlət muzeyinin filialı, Dövlət Rəsm Qalereyası, dörd texnikum, iki institut filialı, orta və orta ixtisas musiqi məktəbləri, kitabxanalar, iki sanatoriya, görkəmli sənət adamlarının ev muzeyləri, 70 yerlik turist bazası, 1200 yerlik internat məktəbi və başqa bu kimi abidələr dağıdılıb. Eyni zamanda ermənilər 350 hektarlıq qoruq zonasındakı 300 tarixi və mədəniyyət abidəsini, 550 qədim yaşayış binasını sökərək şəhərin landşaftına ciddi zərər vurublar.

2020-ci il noyabrın 8-i tariximizin ən şanlı günü hesab edilir. Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə rəşadətli ordumuz Qarabağın döyünən ürəyi Şuşanı işğalçılardan məhz həmin gün azad etdi. Heç bir artilleriyadan istifadə etmədən, böyük qəhrəmanlıqla Şuşanı azad edən igid oğullarımız bütün dünyaya "dəmir yumruğ"un gücünü göstərdi. Tarixi qələbədən sonra dövlət başçımızın Şuşaya ardıcıl səfərləri, bərpa və quruculuq işlərinin həyata keçirilməsi, Şuşanın qısa müddətdə yenidən dirçələrək ölkəmizin hərtərəfli inkişafına dəstək verəcəyi barədə aydın təsəvvür yaradır. Şanlı zəfərimizin zirvəsi olan Şuşa bu gün öz tarixi şöhrətini bərpa edir. İşğaldan azad olunduqdan sonra Şuşada çox mühüm layihələr uğurla icra olunur. Bu gün o, məğrur şəhər yenidən qurulur, abidələr bərpa edilir. Artıq bir neçə abidə bərpa olunub. Qısa müddət ərzində Heydər Əliyev Fondu tərəfindən görkəmli şair, dövlət xadimi Molla Pənah Vaqifin büstü və muzey-məqbərə kompleksi öz ilkin vəziyyətinə qaytarılıb. Natəvan, Bülbül və Üzeyir bəy Hacıbəylinin güllələnmiş heykəlləri əvvəlki yerlərinə - Şuşa şəhər mərkəzi meydanına qaytarılıb. "Xan qızı" bulağı, Yuxarı Gövhər Ağa və Saatlı məscidləri də Fond tərəfindən bərpa edilib.

2023-cü il mayın 9-da Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Şuşaya səfər ediblər. Səfər zamanı Heydər Əliyev Fondu tərəfindən aparılan bərpa işlərindən sonra Mehmandarovların malikanə kompleksinin açılışı olub. Birinci vitse-prezident Mehriban Əliyevanın şəxsi nəzarəti və himayəsi ilə Heydər Əliyev Fondu tərəfindən 2021-ci ilin oktyabr ayından kompleksin bərpasına başlanılıb. Dövlət başçısının 2021-ci il 7 may tarixli Sərəncamı ilə Şuşa şəhəri ölkənin mədəniyyət paytaxtı elan olunub və şəhərin tarixi simasının bərpası istiqamətində böyük layihələrin həyata keçirilməsinə başlanılıb. Bu sərəncamla "Vaqif Poeziya Günləri" və "Xarıbülbül" festivalı da bərpa olunub. Bununla da Şuşanın, bütövlükdə Qarabağ torpağının mənəvi dirçəlişinin əsası qoyulub.

2021-ci il mayın 12-si və 13-də işğaldan azad olunandan sonra ilk dəfə Şuşada "Xarıbülbül" festivalı düzənləndi. V Festival 2022-ci il - "Şuşa ili"ndə 12-14 may tarixlərində baş tutdu. Qısa vaxtda şəhərin su və enerji təchizatı yoluna qoyulub, qala divarlarında bərpa işləri aparılıb. Milli Xalça Muzeyinin Şuşa filialı da yenidən qurulub. Şuşadakı Rəsm Qalereyası şəhərin bərpaolunan binaları sırasında yer alır. "Xarıbülbül" və "Qarabağ" hotelləri isə Şuşaya gələn qonaqların istifadəsindədir. Qafqazın mirvarisi, Qarabağın döyünən ürəyi olan Şuşa öz təbii gözəlliyinə qovuşaraq yenidən qurulur, yollar salınır və küçələr bərpa edilir. Prezident İlham Əliyevin Sərəncamına əsasən Xankəndi-Şuşa-Laçın avtomobil yolunun yenidənqurulması layihəsi uğurla icra olunur. Bundan başqa, yenidən qurulan küçələrə Heydər Əliyev, 8 Noyabr, Dəmir yumruq, Zəfər, Qarabağ, Atatürk, Pənahəli xan adlarının verilməsi tariximizə və milli irsimizə dərin köklərlə bağlı olduğumuzu bir daha təsdiq edir.

Mayın 10-da İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Şuşada birinci yaşayış kompleksinin açılışında iştirak edib və şəhərə köçmüş ilk sakinlərlə görüşüblər. İlkin mərhələdə birinci yaşayış kompleksinə köç qrafikinə əsasən 20 ailə olmaqla 88 nəfər köçürülüb. İyirmi üç binadan ibarət yaşayış kompleksinin ümumi sahəsi 8 hektara yaxındır. Kompleksin təməli 2021-ci il avqustun 29-da qoyulub. Yaşayış kompleksi 28-i birotaqlı, 195-i ikiotaqlı, 190-ı üçotaqlı, 30-u dördotaqlı və 7-si beşotaqlı olan 450 mənzildən ibarətdir.

Müharibə başa çatdıqdan sonra bütün şəhər və kəndlərimizin bərpası, yenidən qurulmasına başlanıldı. Şuşa şəhərinin Baş planına əsasən bütün layihələr tarixlə - müasirliyin vəhdəti üzərində qurulur və görülən işlər göz oxşayır. Bu gün Şuşada və digər şəhərlərimizdə irimiqyaslı layihələr dünya standartlarına uyğun şəkildə həyata keçirilir.

J.QƏHRƏMANOVA,

"Respublika".