Azərbaycan təbii ehtiyatlarla zəngin ölkə kimi son illər "yaşıl iqtisadiyyat"ın inkişafına və ekoloji davamlılığa xüsusi diqqət ayırır. Dünyada baş verən iqlim dəyişmələri və təbii resursların azalması səbəbindən ölkə iqtisadiyyatlarının ekoloji cəhətdən davamlı modellərə keçidi zərurətə çevrilib. Azərbaycanın "yaşıl iqtisadiyyat" təşəbbüsləri bir neçə istiqamətdə inkişaf etdirilir. Ölkəmiz bərpaolunan enerji mənbələrinə investisiyaları artırır. Xüsusilə günəş və külək enerjisi sahələrində böyük layihələr həyata keçirilir. Belə ki, Abşeron yarımadası və Xəzər dənizi sahilləri külək enerjisi üçün böyük potensiala malikdir.
Bakıda İqtisadiyyat, Ekologiya və Təbii Sərvətlər nazirliklərinin dəstəyi, Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) təşkilatçılığı ilə keçirilən "Yaşıl iqtisadiyyatda kiçik və orta biznesin rolu" mövzusunda konfransda iqtisadiyyat naziri Mikayıl Cabbarov bildirib ki, Azərbaycan bərpaolunan enerji mənbələri üzrə yüksək potensiala malikdir. Nazir "yaşıl enerji" zonası elan olunmuş Qarabağ və Şərqi Zəngəzuru xüsusi qeyd edib. Füzuli, Cəbrayıl, Zəngilan rayonlarında günəş enerjisi potensialı, Laçın və Kəlbəcərdə külək və su elektrik enerjisi potensialı yüksək qiymətləndirilir. Hökumət Qarabağda bizneslərin inkişafının stimullaşdırılması üçün təşviq mexanizmləri, güzəştlər, stimullaşdırıcı tədbirlər təqdim edir. Nazir onu da bildirib ki, Azərbaycanın kiçik və orta biznes subyektləri (KOB) "yaşıl texnologiyalar"ın tətbiqini artırmaqla hökumətin iqtisadi siyasətinə töhfə verəcək, həmçinin öz rəqabət qabiliyyətlərini və mənfəətlərini artıracaq.
Konfransda COP29-un müəyyən edilmiş prezidenti, ekologiya və təbii sərvətlər naziri Muxtar Babayev isə bildirib ki, Azərbaycanda "yaşıl iqtisadiyyat"ın inkişafı ilə bağlı mövcud potensialın reallaşdırılması istiqamətində dövlətin dəstəyilə yeni imkanlar açılır. Onun sözlərinə görə, "yaşıl enerji" sahəsində dövlətin atdığı addımlar özəl sektor və investorlar üçün uzunmüddətli baxışı təmin edir və yeni layihələrin inkişafına təkan verir.
Azərbaycan, həmçinin karbon emissiyalarını azaltmağa və təmiz texnologiyaların tətbiqini genişləndirməyə çalışır. Qeyri-neft sektorunun inkişaf etdirilməsi, kənd təsərrüfatında ekoloji təmiz metodların tətbiqi və şəhərsalma planlarında "yaşıl şəhər" konsepsiyalarının həyata keçirilməsi də bu istiqamətdə atılan mühüm addımlardır. Ölkəmizin bu sahədə beynəlxalq əməkdaşlığı da mühüm rol oynayır. Azərbaycan Paris İqlim Sazişinə qoşulmuş və iqlim dəyişmələrinə qarşı mübarizədə öhdəliklər qəbul etmişdir. Eyni zamanda beynəlxalq maliyyə təşkilatları ilə əməkdaşlıq edərək "yaşıl iqtisadiyyat"ın inkişafı üçün maliyyə və texniki dəstək alır. Azərbaycan "yaşıl iqtisadiyyat"ın təşviqi istiqamətində dünya ölkələri və müxtəlif şirkətlərlə fəal əməkdaşlıq edir və bu sahədə liderlərdən birinə çevrilir. Ölkəmiz ekoloji dayanıqlı inkişaf sahəsində təcrübə mübadiləsi aparmaq və yeni texnologiyalar tətbiq etmək üçün müxtəlif beynəlxalq təşkilatlarla sıx əlaqələr qurur. Bu əməkdaşlıq həm yerli, həm də qlobal səviyyədə "yaşıl iqtisadiyyat"ın inkişafına mühüm töhfə verir.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev sentyabrın 6-da Çernobbio şəhərində İtaliyanın "Ansaldo Energia" şirkətinin baş icraçı direktoru Fabrizio Fabbri ilə görüşüb. Görüşdə "Ansaldo Energia" şirkətinin hazırda Mingəçevirdə Azərbaycanın ən böyük İstilik Elektrik Stansiyasının yenidən qurulmasında iştirakı məmnunluqla qeyd olunub. 1280 meqavat gücündə yeni tikilən stansiya üçün "Ansaldo Energia" şirkəti tərəfindən istehsal olunan dörd ədəd qaz turbininin Azərbaycana gətirilərək quraşdırıldığı vurğulanıb. Qeyd edək ki, layihənin bu ilin sonunda və ya gələn ilin əvvəlində yekunlaşdırılması nəzərdə tutulur. Söhbət zamanı, həmçinin "Ansaldo Energia" şirkəti, o cümlədən "yaşıl enerji" sahəsində fəaliyyətin həyata keçirilməsi ilə bağlı fikir mübadiləsi aparılıb.
Azərbaycanın "yaşıl iqtisadiyyat"a liderliyini göstərən COP29 iqlim sammitidir. COP29 iqlim dəyişmələri ilə mübarizə məqsədilə dövlətlər və beynəlxalq şirkətlərin bir araya gəldiyi mühüm platformadır. Sammit çərçivəsində Azərbaycan öz təcrübəsini bölüşərək iqlim dəyişmələrinə qarşı mübarizədə həm texnoloji yenilikləri, həm də yerli təşəbbüslərini diqqətə çatdıracaq. COP29 sammiti, Azərbaycan üçün beynəlxalq arenada mövqeyini gücləndirmək "yaşıl iqtisadiyyat" sahəsindəki nailiyyətlərini dünya ictimaiyyətinə təqdim etmək və gələcəkdə daha geniş miqyasda əməkdaşlıq qurmaq üçün unikal bir fürsət olacaq. Bu tədbir, həmçinin ölkəmizin ekoloji siyasətinin dünya səviyyəsində tanınmasına və bərpaolunan enerji sahəsində innovativ həllər təqdim etməsinə imkan yaradacaq.
Ümumilikdə, Azərbaycanın "yaşıl iqtisadiyyat"ı təşviq etməsi həm ölkəmizin iqtisadi dayanıqlılığını artırmağa, həm də ekoloji tarazlığı təmin etməyə yönəlmiş strateji addımdır. Bu təşəbbüslər gələcək nəsillərə daha sağlam və dayanıqlı bir mühit yaratmaq məqsədi daşıyır.
Nurcan SÜLEYMANOVA,
"Respublika".