Azərbaycanda Paleolit dövrünə aid yeni tapıntı yeri aşkar olunub
Bölgələr

Azərbaycanda Paleolit dövrünə aid yeni tapıntı yeri aşkar olunub

AMEA Arxeologiya və Antropologiya İnstitutunun paleolit arxeoloji ekspedisiyası Qazax və Ağstafa rayonu ərazisində apardığı kəşfiyyat işləri zamanı “Keşikçidağ” Dövlət tarix-mədəniyyət qoruğunun ərazisində, Candar gölündən 950 metr cənubda, dəniz səviyyəsindən 320 metr yüksəklikdə Paleolit dövrünə aid şərti olaraq “Candar göl paleolit emalatxanası” adlandırdıqları ərazi aşkarlanıb.

Ekspedisiyanın rəhbəri, tarix üzrə fəlsəfə doktoru Yaqub Məmmədovun sözlərinə görə, tapıntılar qəlpələrdən, lövhələrdən və nukleuslardan ibarətdir. “Tapıntıların arasında daha çox diqqəti cəlb edən levallua nukleusun və levallua qəlpənin olmasıdır. Bunlar onu göstərir ki, biz Orta Paleolitin kifayət qədər inkişaf etmiş mərhələsinə aid paleolit tapıntı yerini aşkar etmişik”, - deyə Y.Məmmədov bildirib. AMEA Arxeologiya və Antropologiya İnstitutunun baş elmi işçisi, tarix üzrə fəlsəfə doktoru, dosent Mansur Mansurovun, aparıcı elmi işçisi, tarix üzrə fəlsəfə doktoru, dosent Azad Zeynalovun və “Keşikçidağ” Dövlət tarix-mədəniyyət qoruğunun əməkdaşlarının iştirakı ilə aparılan tədqiqatların birinci mərhələsi artıq yekunlaşmaq üzrədir.

Qoruq ərazisində elmi tədqiqat və arxeoloji qazıntı aparan daş dövrü üzrə mütəxəssislər Qarabağda yerləşən Azıx və Tağlar mağarası istiqamətində tədqiqatlara başladığı üçün qoruq tərəfindən həyata keçirilən elmi tədqiqat və arxeoloji qazıntı işlərinin ikinci mərhələsinə cari ilin sentyabr ayında başlanılması gözlənilir. Bu tədqiqatlara artıq 3 ildir ki, qoruq ərazisində elmi tədqiqat aparan Rusiya Elmlər Akademiyasının daş dövrü üzrə mütəxəssislərin cəlb edilməsi ilə daha geniş tərkibdə tədqiqatların aparılması nəzərdə tutulur.

Vəli VƏLİYEV,

“Respublika”.