Azərbaycan nümayəndə heyəti UNESCO-nun Yaradıcı Şəhərlər Şəbəkəsinin illik konfransında iştirak edib
Mədəniyyət

Azərbaycan nümayəndə heyəti UNESCO-nun Yaradıcı Şəhərlər Şəbəkəsinin illik konfransında iştirak edib

1-5 iyul tarixlərində Portuqaliyanın Braqa şəhərində UNESCO-nun Yaradıcı Şəhərlər Şəbəkəsinin “Gəncləri masaya dəvət edirik” mövzusunda illik konfransı keçirilib.

Bu barədə verilən məlumatda bildirilir ki, Azərbaycan Prezidentinin 2022-ci il 22 iyul tarixli Sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının 2022–2026-cı illərdə sosial-iqtisadi inkişaf Strategiyası”nın Tədbirlər planının müvafiq bəndinə uyğun olaraq, mədəniyyət və yaradıcı sənayelər (MYS) üzrə ixrac imkanlarının genişlənməsinə yönələn təşviq mexanizmlərinin yaradılması məqsədilə Mədəniyyət Nazirliyinin nümayəndə heyəti də konfransda iştirak edib. Nümayəndə heyətinin tərkibində Mədəniyyət Nazirliyinin Yaradıcı sənayelər və rəqəmsal inkişaf şöbəsinin İnnovasiyalar və yaradıcı sənayelər sektorunun baş məsləhətçisi Günel Məmmədova və Beynəlxalq əməkdaşlıq şöbəsinin Beynəlxalq təşkilatlarla əməkdaşlıq sektorunun məsləhətçisi Ceyran Cəfərova olub.

Qeyd olunur ki, beş gün davam edən konfransda tematik sessiyalar, altşəbəkə görüşləri, şəhər merlərinin forumu, müxtəlif mədəni tədbirlər təşkil olunub. Tədbir zamanı həmçinin iştirakçılara bir sıra ölkələrin mədəniyyət müəssisələri və digər dövlət qurumlarının fəaliyyəti ilə tanış olmaq imkanı yaradılıb, şəbəkə çərçivəsində atılacaq növbəti addımlarla bağlı fikirlər səsləndirilib.

Nazirliyin nümayəndələrinin MYS sahəsində beynəlxalq səviyyəli ekspertlər və şəbəkəyə üzv olan bir sıra şəhərlərin sənaye nümayəndələri ilə görüşləri keçirilib. O cümlədən, MYS üzrə məhsul və xidmətlərin ixracının təşviqi istiqamətində birgə layihələrin həyata keçirilməsi imkanları müzakirə olunub. Eyni zamanda görüş iştirakçılarına UNESCO-nun Yaradıcı Şəhərlər Şəbəkəsinə ölkəmizdən üzv olan Bakı, Şəki və Lənkəran şəhərlərində gedən inkişaf prosesləri barədə məlumat verilib.

Aygün İBRAHİMOVA,

“Respublika”.