Azərbaycan-NATO: genişlənən əməkdaşlıq impulsları
Siyasət

Azərbaycan-NATO: genişlənən əməkdaşlıq impulsları

Yeni dünya nizamında qlobal güc mərkəzləri etibarlı müttəfiq axtarışındadır. Cənubi Qafqaz kimi geostrateji mövqedə yerləşən, regional lider dövlət olan Azərbaycanın bu nöqteyi-nəzərdən nüfuzu yüksəkdir.

İstər enerji, istərsə də siyasi və hərbi sahədə rəsmi Bakının imkanları ABŞ və Qərbin diqqət mərkəzində dayanır. Əgər bu günə qədər sülh prosesində və regional təzyiqin normallaşmasında əks qütbdə dayanan qüvvələrin məqsədi Azərbaycanın mövqeyini zəiflətmək idisə, artıq əməkdaşlıq müstəvisində tərəflərdən müsbət implusları müşahidə etmək mümkündür. Şübhəsiz, qərəzin və hay təəssübkeşliyinin sıfıra endirilməsi real görünmür. Bütün bunlara rəğmən, ABŞ və Avropanın Cənubi Qafqazda güclü tərəfdaş kimi tanınan Azərbaycanla əməkdaşlığa böyük önəm verilir. Üstəlik, sülh prosesində də son zamanlar rəsmi Vaşinqtonun dəstəyi müşahidə edilir. Bununla yanaşı, Avropanın da regionda maraqlarının reallaşması məhz davamlı sülhün təmin edilməsindən asılıdır.

Qərblə əməkdaşlıq müstəvisində Azərbaycan-NATO əlaqələrinin xüsusi rolu var. Hələ müstəqilliyimizin bərpasından sonra qurulan münasibətlərin zamanla çətin mərhələdən keçməsi təşkilatın Azərbaycana olan inamından və etibarından xəbər verir. Məlumdur ki, 1994-cü il mayın 4-də NATO ilə təhlükəsizlik və müdafiə sahəsində əməkdaşlığı inkişaf etdirmək üçün Sülh Naminə Tərəfdaşlıq Çərçivə Sənədi imzalanıb. Azərbaycan NATO əməliyyatlarının müdafiə planlamasına daha sıx cəlb olunmaq üçün SNT Planlaşdırma və Baxış Prosesinə qoşulub. Azərbaycan Prezidentinin Fərmanı ilə NATO ilə Əməkdaşlıq üzrə Xüsusi Komissiya yaradılıb. Bununla yanaşı, Azərbaycan 2002-ci ilin noyabrında NATO Parlament Assambleyasının qərarı ilə assosiativ üzv olub. Hətta 2004-cü il iyunun 28-də İstanbul Zirvəsində Qafqaz bölgəsinin müzakirə olunması birbaşa ölkəmizin maraqlarına xidmət edirdi. Belə ki, Zirvə görüşündə üzv dövlətlərin Qafqaz və Mərkəzi Asiya üzrə nümayəndə ilə bağlı qərar qəbul etməsi deyilənlərə əyani nümunədir.

Qeyd edək ki, uzun illərdir ölkəmiz NATO-nun təşkilatçılıq etdiyi əməliyyatlarda xüsusi fərqlənir. Azərbaycanın Kosovoda və Əfqanıstanda sülhməramlı əməliyyatlarda iştirakı buna misaldır. Təsadüfi deyil ki, məhz 2021-ci ilin avqustunda Əfqanıstanı tərk edən sonuncu müttəfiq qüvvələr məhz Azərbaycan hərbi qulluqçuları olmuşdur. Bu, bir daha bizim əməkdaşlığa sadiqliyimizi nümayiş etdirir. Bununla yanaşı, 2021-ci il dekabrın 14-də Prezident İlham Əliyev Brüsseldə NATO-nun Şimali Atlantika Şurasının iclasında iştirak edib. Daha sonra dövlət başçımız ilə NATO-nun Baş katibi Yens Stoltenberqin Brüsseldə Alyansın mənzil-qərargahında birgə mətbuat konfransı keçirilib. Nəzərə almaq lazımdır ki, 44 günlük Vətən müharibəsindən sonra ölkə başçımızın mötəbər iclasda iştirakı əlamətdar olub. Qeyd edək ki, Prezident İlham Əliyev Azərbaycanın regionda oynadığı rol, xüsusilə Vətən müharibəsinin başa çatmasından sonra bölgədə yaranmış yeni geosiyasi vəziyyət, Azərbaycanın Ermənistanla sülh müqaviləsi üzrə danışıqlara başlamağa hazır olması, həmçinin sərhədlərin delimitasiya və demarkasiyası prosesinə hazırlıq kimi məsələlər haqqında ətraflı məlumat verib.

Digər tərəfdən, NATO-nun təqdim etdiyi təhlükəsizlik sistemləri dünyanın inkişaf etmiş ölkələri tərəfindən bir çox sahədə tətbiq edilir. Bu baxımdan, Azərbaycan üçün Alyansla səmərəli əməkdaşlıq transsərhəd, dəniz və kiber sahələrdə təhlükəsizliyin təminatı baxımından faydalıdır. Bununla yanaşı, Avropaya enerji təchizatının təhlükəsiz şəkildə həyata keçirilməsi də Azərbaycan-NATO əlaqələrinə xüsusi töhfə verir. Məlumdur ki, bu gün Azərbaycan 8 ölkəyə qaz nəql edir ki, onların 6-sı NATO-ya üzv, digər ikisi isə tərəfdaş ölkədir. NATO-nun 20-yə yaxın ölkəsi Azərbaycandan neft idxal edir.

Göründüyü kimi, Azərbaycan-NATO əlaqələri daim inkşaf edir. Son olaraq Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramovun ABŞ-ın paytaxtı Vaşinqton şəhərində keçirilən NATO Zirvə görüşündə iştirakı, habelə bir sıra yüksək səviyyəli ikitərəfli görüşlərin keçirilməsi qarşılıqlı və faydalı əməkdaşlığı yeni mərhələyə çıxarır. Şübhəsiz, yüksək səviyyəli görüşlərdə iştirakların, NATO rəsmilərinin ölkəmizə səfərlərinin əməkdaşlıq müstəvisində olduqca böyük rolu var. Yeri gəlmişkən, NATO-nun Baş katibi Yens Stoltenberqin bu ilin mart ayında Bakıya səfəri olduqca əlamətdar idi. Dövlət başçımız ilə Baş katibin mətbuata birgə açıqlamaları isə regional məsələlərdə Azərbaycan və NATO-nun ortaq mövqeyini göstərdi. Ümumiyyətlə, Stoltenberqin səfəri Azərbaycan və Ermənistan arasında sülh prosesinə də müsbət təsiri ilə seçilir. Məhz NATO rəsmisinin öz çıxışında "regionda sülh bölgə xalqları, ölkələri üçün çox vacibdir, o, həmçinin Qara dəniz regionu və Şimali Atlantika təhlükəsizliyi üçün əhəmiyyətlidir. Buna görə də sülh və sabitlik nəinki burada, həmçinin daha geniş miqyasda təhlükəsizlik üçün vacibdir", - fikirlərini səsləndirməsi regional proseslərdə NATO-nun mövqeyini bir daha ortaya qoyur.

Məlumdur ki, Stoltenberqin səfəri NATO-nun regiona daha çox nüfuz etmək istəyindən xəbər verir və bu, xüsusilə regionun Avropa və Asiya arasında kəsişmə nöqtəsi kimi strateji coğrafi mövqeyini nəzərə alsaq, güc balansına əhəmiyyətli dərəcədə təsir göstərə bilər. Məhz bu istiqamətdə bildirməliyik ki, NATO-nun Brunssum Birgə Qüvvələr Komandanlığının qərargah rəisinin müavini general-mayor Stefan Fiksin ölkəmizə səfəri xüsusi önəm daşıyır. İyulun 2-də müdafiə nazirinin birinci müavini - Azərbaycan Ordusunun Baş Qərargah rəisi general-polkovnik Kərim Vəliyev Stefan Fikslə görüşüb. Tərəflər regional təhlükəsizlik, habelə Azərbaycan-NATO əməkdaşlığının cari vəziyyəti və perspektivləri barədə fikir mübadiləsi aparıblar. ABŞ-ın paytaxtı Vaşinqton şəhərində keçirilən NATO Zirvə Görüşünə dəvət də məhz bu görüşdə bildirilib. Zirvə görüşünün keçirilməsinin birbaşa hədəfi məhz Cənubi Qafqaz kimi qaynar nöqtələrdə təzyiqlərin azadılmasıdır. Təsadüfi deyil ki, ABŞ dövlət katibinin Avropa və Avrasiya məsələləri üzrə köməkçisi Ceyms O'Brayn bu barədə qeyd edib ki, dövlət katibi Antoni Blinken bu tədbiri Azərbaycan və Ermənistan daxil olmaqla, Şimali Atlantika Alyansının bütün tərəfdaş ölkələri üçün təşkil edir.

Qüdrətli Azərbaycan dövlətinin uğurlu xarici strategiyasında balansın, qarşılıqlı hörmət prinsiplərinin qorunması kimi ali dəyərlərin yüksək səviyyədə təbliğatı NATO kimi bir sıra təşkilata məlumdur. Rəsmi Bakının qlobal proseslərdəki mövqeyi bu gün iqtisadi, siyasi və sosial mühitdə əldə olunan rihafın əsas səbəbidir. Prezident cənab İlham Əliyevin şəxsi nüfuzu və müdrik siyasi gedişləri sayəsində bu gün ölkəmizlə əməkdaşlığa daha çox can atırlar. Məhz bunun nəticəsidir ki, region ölkələri daxil olmaqla qlobal səviyyədə qarşılıqlı münasibətlər daim inkişaf edir.

Nurlan ABDALOV,

"Respublika".