General Cəmşid Naxçıvanski Azərbaycanın hərb tarixində xüsusi yer tutan görkəmli şəxsiyyətlərdən biridir. O, 1895-ci il avqustun 9-da Naxçıvan şəhərində anadan olub. Cəmşid Naxçıvanski Kəngərlilər (Naxçıvanskilər) nəslinin nümayəndəsidir və hərbi xadim kimi tanınır. Anası Fərrantac xanımın köməyilə yeddi yaşında Azərbaycan dilində yazmağı, dayəsinin sayəsində isə rus və fransız dillərində sərbəst danışmağı öyrənmişdir. Bu bacarığı ona həm təhsilində, həm də hərbi karyerasında böyük üstünlük qazandırmışdır.
1904-cü ildə Cəmşid Naxçıvanski Tiflis kadet (yeniyetmə) korpusuna daxil olmuş, 1911-ci ildə həmin məktəbi müvəffəqiyyətlə bitirmiş və bu təhsil gələcək hərbi karyerası üçün möhkəm təməl yaratmışdır. Kadet korpusundakı təhsili sayəsində Naxçıvanski hərb elminin incəliklərini mənimsəmiş və bir hərbçi kimi formalaşmışdır. O, həm də Azərbaycan Cümhuriyyət Ordusunun zabiti və diviziya komandiri kimi fəaliyyəti ilə seçilmişdir. Babaları Kalbalı xan, İsmayıl xan, Ehsan xan və Hüseyn xanın sərkərdəlik ənənələrini yüksək məharətlə davam etdirən görkəmli hərbçi Cəmşid Naxçıvanski general-mayor II Kalbalı xanın oğlu Cəfərqulu xanın ailəsində dünyaya gəlmiş, hərb elminin sirlərini öyrənmək üçün Yelizavetqrad (indiki Kirovoqrad, Qərbi Ukrayna) qvardiya məktəbində təhsil almışdır. 1915-ci ildə məktəbi bitirən Cəmşid Birinci Dünya müharibəsində müsəlmanlardan təşkil olunmuş süvari eskadronunun komandiri olmuşdur. Müharibə zamanı o, "Brusilov cəbhəsi"nin yarılmasında şücaətinə görə 4-cü dərəcəli "Müqəddəs Georgi" ordeni ilə təltif edilmişdir. Avstriya-Rumıniya cəbhəsində üç dəfə yaralanmış, igid süvari zabit kimi gümüş silahla mükafatlandırılmışdır. Rusiyada baş verən inqilablar və çar ordusunun dağılması zamanı Cəmşid Naxçıvanski cənub-qərb cəbhəsində komandiri olduğu süvari alayla birlikdə Vətənə dönərək təcrübəli zabit kimi Azərbaycan Xalq Cümhuriyyətinin möhkəmlənməsi uğrunda mübarizəyə qoşulmuşdur.
1918-ci il sentyabrın 15-də Cəmşid Naxçıvanski Qafqaz İslam Ordusu, milli qoşun hissələri və Əlahiddə Korpusun tərkibində erməni-bolşevik hərbi birləşmələrinin Bakıdan çıxarılmasında iştirak etmişdir. Azərbaycan Xalq Cümhuriyyətinin istiqlaliyyət və müstəqillik uğrunda apardığı mübarizədəki rolu və göstərdiyi şücaət onun hərbi bacarıqlarının və vətənpərvərliyinin sübutudur. Onun Qarabağda (Şuşada) yerləşən alayı 1920-ci ilin martında daşnaklara və daxili düşmənlərə qarşı döyüş əməliyyatlarında fəal iştirak edib. Cəmşid Naxçıvanski Cümhuriyyət dövründə ordunun formalaşması və inkişafında da böyük rol oynamışdır. Onun təcrübəsi və liderlik bacarığı sayəsində Azərbaycan ordusu güclənmiş və ölkənin müdafiəsində durmuşdur. 1920-ci ilin aprel işğalından sonra Cəmşid Naxçıvanskinin süvari alayı da qızıl ordu hissələrinin tərkibinə keçir. Təcrübəli zabit bu dövrdə Bakıda yaradılmış Azərbaycan Birləşmiş Komanda Məktəbinin rəisi vəzifəsinə təyin edilir. 1921-ci ilin dekabrında isə o, Azərbaycanın ilk milli dağatıcı diviziyasının komandiri olur. Bu vəzifələrdə o, yüksəkixtisaslı hərbçi kadrların hazırlanmasında mühüm rol oynayır. Onun rəhbərliyi ilə Azərbaycan hərbi məktəblərində gənc zabitlər və əsgərlər üçün yüksək səviyyəli təlim və tədris təmin edilir. Cəmşid Naxçıvanski, həmçinin milli hərbi qüvvələrin inkişafı və gücləndirilməsi üçün çalışır. Onun rəhbərliyi ilə milli dağatıcı diviziyası qısa müddət ərzində yüksək döyüş qabiliyyətinə malik hərbi birləşmə kimi formalaşır. 1922-1929-cu illərdə general Əliağa Şıxlinskinin təşəbbüsü ilə Azərbaycan dilində nəşr olunan "Hərbi bilik" jurnalının redaktorlarından biri kimi fəaliyyət göstərir. Jurnal Azərbaycan dilində hərbi biliklərin yayılması və təbliğində mühüm rol oynamış, C.Naxçıvanski bu işə böyük töhfə vermişdir. 1931-ci ildə Cəmşid Naxçıvanskinin həbs olunması haqqında 273 saylı order verilib. Həmin orderin surəti hazırda Naxçıvan şəhərində yerləşən "Xan sarayı" muzeyində saxlanılır.
SSRİ-də kütləvi repressiyaların başladığı bir vaxtda o, 1938-ci ildə antisovet təşkilatında iştirakda günahlandırılaraq növbəti dəfə həbs olunur. Həmin il avqustun 26-da Lefortovo zindanında SSRİ Ali Məhkəməsinin Hərbi Kollegiyasının sədri Vasili Vasilyeviç Ulrixin sədrliyi ilə keçirilən məhkəmədə casusluqda günahkar hesab edilən Cəmşid Naxçıvanskiyə güllələnmə hökmü çıxarılır. Beləliklə, 43 illik həyatının tam yarısını hərb elminə həsr edən sərkərdə repressiya maşınının qurbanına çevrilir. Cəmşid Naxçıvanski Azərbaycan Sovet Respublikası və Zaqafqaziya Sovet Federativ Sosialist Respublikası Mərkəzi İcraiyyə Komitəsinin üzvü idi və xidmətlərinə görə "Qırmızı Bayraq", "Qırmızı Əmək Bayrağı" və "Qırmızı Ulduz" ordenləri ilə təltif edilmişdir.
1956-cı ildə Cəmşid Naxçıvanskiyə bəraət verilib. Xatirəsi böyük hörmətlə yad edilir: Vətəni Naxçıvanda xatirəsinə həsr olunmuş muzey fəaliyyət göstərir.
Ulu öndər Heydər Əliyevin 1971-ci ildə yaratdığı Cəmşid Naxçıvanski adına İxtisaslaşdırılmış hərbi təmayüllü məktəb onun hərbi xidmətlərini, vətənpərvərlik ruhunu yaşatmaq məqsədi daşıyır. Dövlət başçısı İlham Əliyev tərəfindən 2015-ci il aprelin 2-də general Cəmşid Naxçıvanskinin 120 illik yubileyinin keçirilməsi haqqında Sərəncam imzalanıb.
Bütün bunlar onun Azərbaycan hərb tarixindəki yerini və dəyərini əks etdirir.
Musa BAĞIRLI,
"Respublika".