Azərbaycan “Çox Yüksək EGDI” (“Very High EGDI) qrupuna daxil olub
Digər xəbərlər

Azərbaycan “Çox Yüksək EGDI” (“Very High EGDI) qrupuna daxil olub

Azərbaycan elektron hökumətin inkişafında əhəmiyyətli irəliləyiş əldə edərək Birləşmiş Millətlər Təşkilatının "Elektron Hökumətin İnkişafı İndeksi" (E-Government Development Index-EGDI) üzrə dünyanın qabaqcıl ölkələri sırasında yerini möhkəmləndirib.

İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzi İctimaiyyətlə əlaqələr şöbəsinin verdiyi məlumatda bildirilir ki, hesabatda ölkəmiz 2022-ci illə müqayisədə bu il 9 pillə irəliləyərək 193 ölkə arasında 74-cü yerdə qərarlaşıb. Bununla da Azərbaycan ilk dəfə indeksin ən yüksək kateqoriyası hesab edilən “Çox Yüksək EGDI” (“Very High EGDI) qrupuna daxil olub.

İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin İqtisadi təhlil şöbəsinin müdiri Günay Quliyeva bildirib ki, "Elektron Hökumətin İnkişafı İndeksi" (EGDI) ölkələrin telekommunikasiya infrastrukturu, insan kapitalı və onlayn xidmətlər üzrə inkişafını ölçən kompozit indeksdir. 2024-cü il araşdırması ölkənin süni intellektin (AI) və rəqəmsal hökumətin dayanıqlı inkişaf hədəflərinə çatmaqda oynadığı rolu da vurğulayır.

Günay Quliyevanın sözlərinə görə, dünya üzrə elektron hökumət və rəqəmsal dövlət xidmətlərinin inkişafını qiymətləndirən hesabatda Azərbaycan, Bruney-Darüssalam və Özbəkistan kimi ölkələrlə birlikdə elektron hökumət infrastrukturunda əhəmiyyətli irəliləyişlərə görə xüsusi vurğulanır. Qeyd olunur ki, Azərbaycan həm Telekommunikasiya İnfrastrukturu İndeksi (TII), həm də ümumi Elektron Hökumət İnkişafı İndeksi (EGDI) üzrə çox yüksək göstəricilərə malikdir və bu, ölkənin rəqəmsal transformasiya sahəsində liderliyini daha da gücləndirir.

Araşdırmada, həmçinin qeyd olunur ki, Azərbaycan süni intellekt (AI) üzrə milli strategiya üzərində fəal şəkildə işləyir və bu, ağıllı şəhərlər və qabaqcıl texnoloji infrastrukturun yaradılmasına yönəlib. Bu strategiya ictimai xidmətlərin daha da təkmilləşdirilməsinə və şəhər idarəetməsinin inkişafına kömək edəcək.

Bəybala BƏYBALAYEV,

“Respublika”.