Azərbaycan adını növbəti dəfə tarixə yazdıracaq
Ekologiya

Azərbaycan adını növbəti dəfə tarixə yazdıracaq

Rəsmi Bakı COP29-a hazırlıq çərçivəsində bütün imkanlarını səfərbər edib. Nyu-Yorkda təsis edilməsi gözlənilən Bakı İqlim və Sülh Mərkəzi, habelə keçirilən yüksək səviyyəli görüşlər görülən işlərə əyani misaldır. Məlum olduğu kimi, BMT-nin İqlim Dəyişmələri üzrə konfranslarının (COP) növbəti sessiyası Bakıda keçiriləcək. Sayca 29-cu olan sessiyanın paytaxtda keçirilməsi yalnız Azərbaycan üçün deyil, bütün dünyada böyük əhəmiyyət kəsb edir.

COP konfransları 1992-ci ildə Rio-de-Janeyroda baş tutan "Yer Sammiti"ndə qəbul edilən BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasından bəri mütəmadi olaraq keçirilir. Lakin ilk dövrlər bu tədbirlərin əhəmiyyəti geniş kütlələr və siyasi dairələr tərəfindən yetərincə dərk edilmirdi. XXI əsrin ortalarına yaxın konfranslar artıq yalnız ekologiya sahəsində deyil, həm də qlobal siyasət və iqtisadiyyatda əsas müzakirə mövzularından birinə çevrilib. Bu baxımdan, COP29-un Azərbaycanda keçirilməsi ölkəmizin beynəlxalq ekoloji arenada söz sahibi olmasına gətirib çıxara bilər. Bir çox ölkə bu nüfuzlu konfransa ev sahibliyi etmək üçün hər il ciddi rəqabətə girir. Bu, təkcə ətraf mühit problemlərinə bağlılığın göstəricisi kimi deyil, həm də ölkənin qlobal ekoloji gündəliyini formalaşdırmaq üçün strateji imkandır. COP konfranslarına ev sahibliyi edən ölkənin tədbirin əsas gündəliyinə birbaşa təsir etmək səlahiyyəti olmasa da bu dövlət özünün milli maraqlarına uyğun təşəbbüsləri təqdim etməklə müəyyən dəyişikliklərə nail ola bilər. Ev sahibi ölkə tərəfindən müxtəlif mövzulara həsr olunan seminar və diskussiyalar təşkil edilir ki, bu da öz növbəsində, ölkənin beynəlxalq nüfuzunun artmasına töhfə verir.

Azərbaycanın COP29-a ev sahibliyi etməsi ölkəyə yalnız siyasi prestij qazandırmaqla məhdudlaşmır, iqlim dəyişmələri ilə mübarizədə Azərbaycan neft ölkəsi olaraq öz öhdəliklərini yenidən qiymətləndirir. İnkişaf etmiş ölkələr iqlim dəyişmələri ilə bağlı iddialı hədəflər irəli sürərkən, inkişaf etməkdə olan ölkələr daha çox iqtisadi artım üçün mübarizə aparırlar. Bu mənada, Azərbaycan özünü unikal bir "iqlim vasitəçisi" kimi göstərir. Bu, bir tərəfdən ölkəmizin neft-qaz sektorundan asılı olmayan gələcək inkişaf modelinə keçidini sürətləndirir, digər tərəfdən isə beynəlxalq arenada iqlim dəyişikliyinə qarşı aparılan mübarizəyə töhfə verir. COP29 Azərbaycanın daha önəmli rolunu, neft ölkəsi olmasına baxmayaraq, ətraf mühit məsələlərinə ciddi yanaşdığını nümayiş etdirməklə bərabər, Cənubi Qafqaz regionunu iqlim məsələləri ilə bağlı qlobal diqqət mərkəzinə gətirir. Konfrans yalnız Azərbaycan deyil, ümumilikdə region üçün mühüm əhəmiyyət daşıyır. Ölkəmizin öz ekoloji siyasətini qlobal səviyyədə təkmilləşdirərək yeni təşəbbüslərlə çıxış etməsi mümkündür. COP29-da bizi hansı sürprizlərin gözlədiyini zaman göstərəcək. Lakin əminliklə demək olar ki, Azərbaycan bu konfransı tarixə çevirəcək.

Rövşən ABBASOV,

ekoloq.