Alimin nüfuzu elmi işlərinin miqyası, ixtiralarının dəyəri və səmərəliliyi ilə ölçülür. Azərbaycanda alim deyəndə, ilk növbədə, Yusif Məmmədəliyev, Mirməmməd Cavadzadə, Xudu Məmmədov, Ziya Bünyadov, Lütfi Zadə, Yaşar Qarayev, Hətəm Quliyev, Rafiq Əliyev kimi dünyaşöhrətli şəxsiyyətlər yada düşür. Belə şəxsiyyətlərdən biri də elmin üfüqlərindən bəşəriyyətin sabahına boylanan və ensiklopedik biliyə malik olan akademik Azad Mirzəcanzadə idi. O, filosofdan yaxşı filosof, ədəbiyyatçıdan yaxşı ədəbiyyatçı, musiqiçidən yaxşı musiqiçi idi. Neft sənayesi üzrə böyük mütəxəssis olsa da, iş otağında və evindəki masanın üzərində yalnız bir adamın şəkli olub: Üzeyir Hacıbəylinin...
Neft-mədən işləri və tətbiqi mexanika sahəsində apardığı tədqiqatlarla tanınan akademik 1928-ci il sentyabrın 29-da Bakı şəhərində anadan olub. Atası Xəlil kişi Cənubi Azərbaycanın Sərab şəhərindən, anası Asya xanım isə xan nəslindən olub. Müharibənin yaratdığı ağır şərait, anası Asya xanım və bacısı İradə xanımla birgə yaşadıqları çətin həyat onu hələ gənc ikən məsuliyyətli olmağa vadar edib. 15 yaşlı Azad gənclər məktəbində riyaziyyatdan dərs deməklə ailəsinə kömək edib. Beləliklə, o, pedaqoji fəaliyyətə başlayıb. 1944-1949-cu illərdə Azərbaycan Sənaye İnstitutunun neft-mədən fakültəsində təhsil alıb və dağ mühəndisi ixtisasına yiyələnib. 1951-ci ildə texnika elmləri üzrə namizədlik, 1957-ci ildə doktorluq dissertasiyaları müdafiə edib. Onun titulları çoxdur, təltifləri də həmçinin. 1959-cu ildə professor adını alıb, 1962-ci ildə Azərbaycan Elmlər Akademiyasının (AEA) müxbir, 1968-ci ildə həqiqi üzvü seçilib. O, 1948-1958-ci illərdə AEA-nın Neft İnstitutunda və Neft Ekspedisiyasında baş laborant, kiçik elmi işçi, böyük elmi işçi və şöbə müdiri vəzifələrində çalışıb, 1958-1968-ci illərdə Azərbaycan Neft Sənayesi Nazirliyi nəzdində Elmi-Tədqiqat Neftçıxarma İnstitutunda, eyni zamanda 1966-1969-cu illərdə SSRİ Elmlər Akademiyasının Mexanika Problemləri İnstitutunda laboratoriya müdiri olub. Alim 1969-1973-cü illərdə SSRİ Elmlər Akademiyası və Neft Sənayesi Nazirliyinin müştərək laboratoriyasının, 1973-1989-cu illərdə keçmiş Ümumittifaq Elmi-Tədqiqat Neft İnstitutunun neft-qaz dinamikası laboratoriyasının müdiri, 1992-ci ildən isə Azərbaycan Neft Akademiyası nəzdində Neft-Qaz Geotexnoloji Problemləri və Kimya Elmi-Tədqiqat İnstitutunun direktoru vəzifələrində çalışıb. 400-ə yaxın elmi əsərin, 50-dən artıq ixtira və patentin müəllifi olan Azad Mirzəcanzadə elmi fəaliyyətində neft və qaz çıxarılması proseslərinin qlobal optimallaşdırılmasına xüsusi diqqət yetirib. O, həm də qeyri-Nyuton sistemlərin neftqazçıxarma sənayesində tətbiqi və "reotexnologiya" kimi istiqamətlərin yaradıcısıdır. Son tədqiqatlarının əsas elmi istiqamətləri neft-qaz yataqlarının sinergetik və dinamik analizinə həsr edilib. Bu istiqamət üzrə "Layların neftvermə proseslərinin diakoptikası", "Neft-qaz çıxarmada dinamik proseslər", "Dəniz neft-qaz yataqlarının işlənməsinin fraqmentləri", "Qaz çıxarmanın texnika və texnologiyası"na aid kitab və monoqrafiyaları çap olunub. İki dəfə Azərbaycan Dövlət Mükafatı (1976, 1986), üç dəfə akademik İ.M.Qubkin adına mükafatın laureatıdır (1975, 1982, 1985). P.Kapitsa adına medal, Vyetnam Respublikasının "Vyetnamın Qəhrəmanı" qızıl ulduzu, eləcə də Azərbaycan Respublikasının "İstiqlal" ordeni ilə təltif olunub.
Akademik elmi yaradıcılıqla yanaşı, pedaqoji fəaliyyətlə də məşğul olub, yüksəkixtisaslı mütəxəssislərin hazırlanmasında mühüm rol oynayıb. Neftin çıxarılmasında texnoloji proseslərin mexanikası, riyazi fizika metodlarının neft sahəsində tətbiqi ilə bağlı problemlər onun tərəfindən fundamental elmin nəzəri məsələləri səviyyəsində araşdırılıb. Qiymətli elmi əsərlərin müəllifi olan Mirzəcanzadə elmi fəaliyyətində neft və qaz çıxarılması proseslərinin qlobal optimallaşdırılmasına xüsusi önəm verib. O, 1951-1957-ci illərdə Azərbaycan Dövlət Universitetinin (indiki BDU) nəzəri-mexanika kafedrasının dosenti, 1957-1959-cu illərdə professoru, 1959-cu ildən ömrünün sonunadək Azərbaycan Dövlət Neft Akademiyasında (indiki Azərbaycan Dövlət Neft və Sənaye Universiteti) kafedra müdiri vəzifəsində çalışıb. Amma ona iki dəfə Bakı Dövlət Universitetinin rektoru vəzifəsi təklif olunsa da, qəbul etməyib. Orta təhsilə xüsusi önəm verən, onu elmin, biliyin və tərbiyənin təməli hesab edən böyük pedaqoq-alim Azad Mirzəcanzadənin təşəbbüsü ilə 1989-cu ildə Bakı şəhərində Hacıbəy Mahmudbəyov adına lisey, 1998-ci ildə isə Xətai rayonunda 147 nömrəli texniki-humanitar təmayüllü lisey fəaliyyətə başlayıb. Gördüyü və həyata keçirdiyi ölçüyəgəlməz işlərin, xidmətlərin müqabilində Azad müəllim "Mən hələ xalqıma çox borcluyam" deyirdi. Bu, əsl Azad Mirzəcanzadə şəxsiyyətinin milli vətəndaşlığı idi. O, öz mövqeyi, məhsuldar əməyi, parlaq ideyaları, yüksək mədəniyyəti, mənəviyyatı, şəxsi nümunəsi ilə bütün məsləkdaşlarını elmi axtarışların əlçatmaz zirvəsinə sövq edir, doğma Azərbaycanımıza vicdanla, ləyaqətlə xidmət etməyə səsləyirdi.
Azad Mirzəcanzadə pedaqoji fəaliyyəti dövründə istedadlı gənclərə dəstək olub, onları mənəvi övladları hesab edib. Ancaq daha böyük uğurlar əldə etməsi naminə həmin insan, hətta elmi nailiyyətlər əldə edəndə belə, onu tərifləməyib. Özünə də, ətrafdakılara da tələbkarlıqla yanaşan akademik deyərdi ki, "Mənim arzum özümdən sonra yolumu davam etdirən, məndən çox bilən, öz işini sevən professionallar yetişdirməkdən ibarətdir". Buna baxmayaraq, o, dünyanın yeganə alimlərindəndir ki, 60 illik elmi fəaliyyəti ərzində 100-ə yaxın elmlər doktoru, 300-dən çox elmlər namizədi yetişdirib. Azad Mirzəcanzadə elmi məktəbinin yetirmələri ölkəmizdə və onun hüdudlarından kənarda neft sənayesinin ən müxtəlif sahələrində uğurla çalışırlar.
Amma onun həyatda ən çox sevdiyi insan bacısı İradə xanım olub. Onları elə məqamlar birləşdirir ki, çətin ki, bu sirli detallar başqa bacı-qardaşın həyatında olsun. Belə ki, onların heç biri ailə həyatı qurmayıb. Hər ikisi 78 yaşında dünyasını dəyişib. Özü də Azad Mirzəcanzadə bacısının ölümündən iki il sonra, 2006-cı ildə Neftçilər Xəstəxanasında eyni palatada və eyni çarpayıda dünyasını dəyişib.
2018-ci ilin sentyabr ayında Azərbaycanın görkəmli alimi, Dövlət mükafatları laureatı, Azərbaycan Milli Elmlər Akademiyasının həqiqi üzvü, Əməkdar elm və texnika xadimi, texnika elmləri doktoru, professor Azad Xəlil oğlu Mirzəcanzadənin anadan olmasının 90 illiyinin layiqincə qeyd olunmasını təmin etmək məqsədilə Azərbaycan Respublikasının Prezidenti Sərəncam imzalayıb. Buna uyğun olaraq, 2018-ci ildə AMEA-da akademik Azad Mirzəcanzadənin 90 illik yubileyinə həsr olunan beynəlxalq konfrans keçirilib, müxtəlif tədbirlər təşkil olunub. "Regional İnkişaf" İctimai Birliyi tərəfindən akademik Azad Mirzəcanzadə adına inkişaf proqramına start verilib. Proqram paytaxt və regionları əhatə etməklə yeni imkanları dəyərləndirməyi, aktual problemlərin yaradıcı həlli yollarını tapmağı bacaran, dayanıqlı gələcəyə töhfə verməyə çalışan, çevik, innovativ yanaşmalara sahib gənclərin üzə çıxarılması və onların inkişafına dəstək verilməsi məqsədi daşıyıb.
Bunların fonunda qeyd etmək lazımdır ki, akademikin həyat və fəaliyyəti elmə olan sevginin, əzmin və fədakarlığın gözəl nümunəsidir. Onun çox zəngin irsi gənc nəsillərə ilham verərək Azərbaycan elminin daha da inkişaf etməsinə xidmət edəcək.
Jalə QASIMZADƏ,
"Respublika".