Avropaya ali təhsil almağa gedən ilk azərbaycanlı qadın
Tarixi şəxsiyyətlər

Avropaya ali təhsil almağa gedən ilk azərbaycanlı qadın

"XIX əsr Azərbaycanın həyatında qadınların fəallığı və böyük yaradıcılıq uğurları ilə səciyyələnir... Həmin əsrdən Azərbaycanda baş verən siyasi, iqtisadi və mədəni proseslər qadınların maariflənməsi və ictimai həyatda daha fəal iştirak etməsinə güclü təkan verdi".

"Azərbaycan Respublikasında dövlət qadın siyasətinin həyata keçirilməsi haqqında"Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyevin imzaladığı

06.03.2000-ci il tarixli Fərmandan.

XIX əsrdə Azərbaycanın mədəni, iqtisadi və siyasi həyatında baş verən hadisələr, o cümlədən maarifçilik hərəkatı nəticəsində XX əsrin əvvəllərində azərbaycanlı qızların dünyəvi təhsilində yeni mərhələnin təməli qoyulmuş, qadınların xaricdə təhsilinin bünövrəsi atılmışdır.

Şahtaxtinskilər nəslinin nümayəndəsi olan Leyla Şahtaxtinskaya (yanvar 1886-cı il, Qars şəhəri, Rus imperiyası - dekabr 1907-ci il, İsveçrə) - Avropaya universitet təhsili almağa gedən ilk azərbaycanlı qızlardan biridir. O, Lozanna Universitetinin tibb və təbiət elmləri fakültəsinin tələbəsi, Azərbaycanın ilk jurnalistlərindən sayılan görkəmli publisist, alim və ictimai xadim İsa Sultan Şahtaxtinskinin (1851-1894) qızıdır.

L.Şahtaxtinskaya 1902-ci ildə Tiflis Nücəba Qızlar Məktəbini bitirmişdir. Təhsilini davam etdirmək, Avropada mükəmməl ali tibb təhsili alaraq vətənində xidmət göstərmək istəyən Leyla xanıma dövrünün böyük xeyriyyəçisi Hacı Zeynalabdin Tağıyev dəstək olmuş, onun maddi yardımı ilə bu gənc qız İsveçrəyə gedərək, 1904-cü ildə Lozanna Universitetinin tibb fakültəsinə daxil olmuşdur.

XX əsrin əvvəllərində bu, demək olar ki, inqilabi bir addım idi. Ona görə ki, azərbaycanlı qadın, həmçinin müsəlman cəmiyyətində yetişmiş gənc bir qız ilk dəfə təhsilini davam etdirmək üçün xarici ölkəyə yollanırdı və bununla L.Şahtaxtinskaya Avropaya ali təhsili almağa gedən ilk azərbaycanlı qadın kimi adını tarixə yazdırdı. Lakin III kursda təhsil alarkən ağır xəstələnməsi ali təhsilini başa vurmağa imkan vermədi və o, 1907-ci ildə Lozanna şəhərində dünyasını dəyişdi.

Gəncədən Şəfi bəy Sultanov adlı müəllif 1908-ci ilin yanvarında "Zakavkazye" qəzetində Avropaya universitet təhsili almağa gedən ilk azərbaycanlı Leyla Şahtaxtinskayanın vaxtsız vəfatı ilə bağlı yazırdı: "Gənc, ürəyi həyat eşqi ilə dolu Leyla bəyim çadra mühiti ilə barışa bilməzdi. Orta təhsilini başa vurandan sonra əldə olunanla kifayətlənmək istəmədi. İsveçrəyə gedib Lozanna universitetinə daxil oldu. Çadranın və xurafatın həmvətənlərinə necə ağır zərbə vurduğunu əsla unutmadan böyük maraq və səylə təbabəti, ictimai elmləri öyrənməyə başladı. O, böyük arzularla yaşayırdı. Fəqət Leyla bəyim Cenevrədə xəstələnib öldü. Lakin onun xatirəsi, başladığı xeyirxah iş çadranın altından da olsa, həyata baxmaq istəyən hər bir qızın, qadının yaddaşına əbədilik həkk olunacaqdır".

Leyla Şahtaxtinskayanın ölümü ilə əlaqədar dövrünün böyük mətbu orqanı "Molla Nəsrəddin" jurnalında kədər dolu nekroloq dərc edilmişdir (1908-ci il, 52-ci nömrə). Bu nekroloqu Şahtaxtinskilər nəslinin ən sədaqətli dostlarından biri, ürəyi vətən eşqi ilə döyünən Mirzə Cəlil Məmmədquluzadə yazmışdı. Nekroloqda deyilirdi: "İki ildən sonra həkimlik dərsini qurtarıb şəhadətnamə alacaq idi və gəlib vətənində biçarə müsəlman övrətlərinin min-min dərdlərinə şəfa verəcəkdi. Əfsus! Qismət olmadı. Leyla xanım keçən il Şvetsariyada soyuqdəymədən vəfat elədi! Yevropaya elm dalıyca gedən müsəlman qızlarından Leyla xanımdan savayı bir özgəsini eşitməmişik".

Leyla xanım haqqında dərc olunmuş məqalələrdən və təbii ki, arxiv materiallarından əldə olunmuş məlumatlar bunlardan ibarətdir. Deyilənlərə onu da əlavə etmək olar ki, L.Şahtaxtinskayanın atası İsa Sultan 1885-ci ildə Tiflisdə yaşayan və istefada olan kapitan Allahyar Ağalarovun qızı Səkinə xanımla evlənir. Səkinə xanım rus və Azərbaycan dillərində biliklərə sahib olub. İsa Sultanın Səkinə xanımla nikahından 6 övladı dünyaya gəlib. İsa Sultan Şahtaxtinski 1894-cü ildə 43 yaşında Tiflisdə vəfat etmiş, Səkinə xanım qızlarını böyütmək və oxutmaq üçün Naxçıvanın kəndlərində olan torpaq sahələrini satmışdı. Elə indinin özündə də Cəhridə "Səhnə xanımın yeri (torpağı)" ifadəsi işlənir. O, qızı Leylanı bütün çətinliklərə baxmayaraq, təhsil üçün İsveçrəyə göndərmişdi...

Xüsusi olaraq vurğulamaq istərdik ki, ictimai-siyasi və elmi ədəbiyyatda çoxsahəli fəaliyyəti ilə diqqət çəkən İsa Sultan Şahtaxtinskinin tərcümeyi-halı kifayət qədər dolğun işıqlandırılmış, onun yaradıcılığı ətraflı təsvir edilmiş, ailəsinin bəzi üzvləri - həyat yoldaşı Səkinə xanım (Tiflisdə hamı onu "Sofiya xanım" çağırırdı) və qızı Adilə xanım haqqında geniş məlumatlar verilmişdir. Burada demək yerinə düşər ki, Adilə Şahtaxtinskaya (1894-1951) dünyadan vaxtsız köçən böyük bacısı - Leylanın həkim olmaq arzusunu həyata keçirmişdir. Ali tibb təhsilli Adilə xanım sonralar tibb elmləri doktoru və professor adını alan ilk azərbaycanlı qadın olub. Lakin Nazlı bəyimdən başqa Leyla Şahtaxtinskayanın digər bacıları haqqında yeni bir məlumat öyrənmək mümkün olmayıb.

Leylanın xaricdə təhsil almaq təşəbbüsü doğulub boya-başa çatdığı İrəvanda yeni-yeni ardıcılların meydana çıxmasına səbə olub. Belə ki, L.Şahtaxtinskayadan sonra İrəvan Şəhər Dumasının deputatı Mirbağır Mirbabayevin hər iki qızı - Kübra və Ruqiyyə də 1909-cu ildə Lozanna Universitetinə oxumağa getmişlər. Ruqiyyə xanım tibb fakültəsində, Kübra xanım isə ümumi humanitar fənlər fakültəsində təhsil almış, təhsillərini başa vurduqdan sonra hər ikisi İrəvana qayıdaraq burada ixtisasları üzrə işləmişlər.

Bu yöndə digər bir fakta diqqət edək. Azərbaycanda oftalmologiyanın banilərindən biri olmuş professor Sona İbrahim qızı Vəlixan (1883-1982) da 1900-cü ildə İsveçrəyə gedərək bir il Lozanna Universitetində təhsil almışdır. Lakin o, müəyyən səbəblərdən orada təhsilini tamamlaya bilməmiş və 1908-ci ildə Sankt-Peterburqda Qadın Tibb İnstitutunda təhsilini başa vuraraq vətənə qayıtmışdır. Beləliklə, Sona Vəlixan ali təhsilli və tibb üzrə elmi dərəcə alan ilk azərbaycanlı qadınlardan olmuşdur.

Qeyd edək ki, Lozanna Universiteti hələ 1537-ci ildən fəaliyyət göstərən İlahiyyat Məktəbinin (Akademiya da adlandırılır) əsasında 1887-ci ildə təşkil edilmişdir. 1898-1906-ci illərdə universitet üçün yeni bina inşa edilmişdir. Hazırda universitet Dorinyi şəhərinin yaxınlığında, Cenevrə gölü sahillərində xüsusi olaraq inşa edilmiş bir kampusa daxildir. Bu gün Lozanna Universitetində təxminən 12 000 tələbə və 2200 tədqiqatçı var. Burada dünyanın tanınmış universitetləri ilə mübadilə proqramları həyata keçirilir. Hazırda burada müxtəlif ölkələrdən təxminən 1500 tələbə təhsil alır. Universitetdə 7 fakültə var: incəsənət, biologiya və tibb, biznes və iqtisadiyyat, yer və ətraf mühit elmləri, haqq və cəza ədaləti, sosial və siyasi elmlər, ilahiyyat və dini tədqiqatlar.

Rövşən AĞAYEV,

Azərbaycan Yazıçılar Birliyinin üzvü.