AQRAR BİZNES FESTİVALI
Bölgələr

AQRAR BİZNES FESTİVALI

Kənd Təsərrüfatı Nazirliyinin Aqrar İnnovasiya Mərkəzinin təşkilatçılığı, Daşkəsən Rayon İcra Hakimiyyətinin dəstəyi ilə Heydər Əliyev meydanında Aqrar Biznes Festivalı keçirilib. Festivalda Kənd Təsərrüfatı Nazirliyi və İqtisadiyyat Nazirliyinin tabeli qurumları, aqrar sahədə fəaliyyət göstərən özəl şirkətlərin nümayəndələri, fermerlər və toxum istehsalçıları təmsil olunublar.

Daşkəsən Rayon İcra Hakimiyyətinin başçısı Orxan Abbasov bildirib ki, Azərbaycanda qeyri-neft sektorunun aparıcı istiqamətlərindən olan aqrar sahə rayonda da uğurla inkişaf edir. Daşkəsən dağ-mədən sənayesi ilə yanaşı, həm də kənd təsərrüfatı rayonudur. Möhtərəm Prezidentimiz İlham Əliyevin diqqət və qayğısı ilə Daşkəsən rayonunda kənd təsərrüfatı məhsulları istehsalçılarının sayı ildən-ilə artır və fermerlərə hər cür lazımi dövlət dəstəyi göstərilir. Əminliklə demək olar ki, keçirilən Aqrar Biznes Festivalı regionda aqrar sahəyə töhfəsini verəcək. Çünki fermerlərin aqrar innovasiyalara və maliyyə mənbələrinə çıxışını əlçatan edən bu festivalda əməkdaşlıq imkanları da genişlənir.

Sərgi bölməsində kənd təsərrüfatı təyinatlı texnikalar, müasir suvarma texnologiyaları, bitki mühafizə vasitələri, müxtəlif bitki və tərəvəz toxumları nümayiş olunub. Habelə fermerlər və sahibkarlar bu sahədə olan yeniliklərlə əyani tanış olmaq, istehsalçılarla birbaşa əlaqə qurmaq, təcrübə mübadiləsi aparmaq imkanı əldə ediblər. Festivalda iştirak edən dövlət qurumları öz məhsul və xidmətləri barədə təqdimatlar edib, fermerlərə müasir suvarma sistemləri, kənd təsərrüfatı texnikaları, toxum, gübrə, pestisid nümunələri və iqlimə dost texnika, texnologiyalar və onlardan istifadə qaydaları barədə məlumat verilib. Müxtəlif şirkətlərin təklif etdiyi kənd təsərrüfatı texnikalarının üzərinə yerləşdirilən və uzaqdan idarə edilən GPS texnologiyaları festival iştirakçıları tərəfindən böyük maraqla qarşılanıb. Festivalda, həmçinin alternativ enerji qurğuları, ekoloji məhsullar, iqlim dəyişikliyinə davamlı yerli meyvə-tərəvəz toxumları və məhsulları sərgilənib, eyni zamanda yerli fermerlərin istehsal etdikləri kənd təsərrüfatı məhsullarının satışı həyata keçirilib. Festival çərçivəsində ölkəmizin ev sahibliyi edəcəyi BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası (COP29) təşəbbüsünün prioritetlərinə uyğun olaraq su və torpaq resurslarından səmərəli istifadə, biomüxtəliflik mövzularında videoçarxlar nümayiş olunub. Aqrar Xidmətlər Agentliyi tərəfindən "Bitki xəstəliklərinə və zərərvericilərinə qarşı inteqrir mübarizə üsulları" mövzusunda təlim keçirilib.

Zabit XƏLİLOV,

"Respublika".