Hər bir xalqın milli mədəniyyətinin tərkib hissələrindən birini onun əlifbası, yazı dili təşkil edir. Əlifba xalqın milli-mənəvi sərvətidir. Mədəni və mükəmməl əlifba əsasında formalaşan yazı dili xalqın maddi-mədəni nailiyyətlər əldə etməsində, yaşamasında və inkişafında başlıca rol oynayır, xalqın dilinin, elmi əlaqələrinin və digər zəruri fəaliyyət sahələrinin tərəqqisinə xidmət edir.
Müstəqil dövlətin mühüm atributlarından biri olan dövlət dili məsələsi Azərbaycan Xalq Cümhuriyyəti hökumətinin də diqqət mərkəzində olmuşdur. 1918-ci il 27 iyun tarixli qərarı ilə hökumət o zaman türk dili adlanan Azərbaycan dilini dövlət dili elan etdi. Qeyri millətlərdən olan Azərbaycan vətəndaşlarının dövlət dilini öyrənmələri üçün tədbirlər görülür, bu məqsədlə kurslar təşkil edilirdi.
Azərbaycan dili böyük inkişaf yolu keçmiş qədim dillərdən biridir. "Kitabi-Dədə Qorqud" dastanının dili ədəbi dilin şifahi növü kimi qəbul edilərsə, hazırda xalqa ünsiyyət vasitəsi kimi xidmət edən dilin yaşının "Kitabi-Dədə Qorqud" dastanından da qədim olduğunu söyləmək mümkündür. Azərbaycan dili Ural-Altay dilləri ailəsinin türk dili qrupunun oğuz yarım-qrupuna daxildir və ən yaxın qohumları olan türk, türkmən və qaqauz dilləri ilə birlikdə türk dilləri arealının cənub-qərb qolunu təşkil edir.
Ənənəvi-morfoloji və ya tipoloji təsnifat baxımından Azərbaycan dili iltisaqi (aqlütinativ) dillər qrupuna daxildir. Müasir Azərbaycan ədəbi dilinin 800 ilə yaxın inkişaf tarixi iki böyük dövrə - əski və yeni dövrlərə bölünür. Əski dövr XIII-XVII əsrləri, yeni dövr isə XVII əsrdən sonrakı mərhələni əhatə edir.
Azərbaycanda sovet hakimiyyəti qurulduqdan sonra da dil siyasəti mühüm əhəmiyyət kəsb etmişdir. Şimali (Quzey) Azərbaycanın 1991-ci ilə kimi SSRİ-nin tərkibində olmasına baxmayaraq, ana dilinin orta məktəblərdə tədrisinin yarıməsrlik, universitet və institutlarda isə 88 illik tarixi var. Azərbaycan dili, onun tarixi, dialektləri geniş surətdə tədqiq edilmiş, həmin dildə yüzlərlə əsər çap olunmuşdur. Qədim yunan ədəbiyyatı və fəlsəfəsindən tutmuş bu günədək mövcud olan bədii və elmi əsərlərin Azərbaycan dilinə tərcümə edilməsi ilə yanaşı, riyaziyyat, fizika, kimya, təbabət və digər dərsliklər də başqa dillərdən Azərbaycan dilinə çevrilmişdir. Hazırda Azərbaycan dilində orijinal dərsliklərin nəşri başa çatmışdır.
Görkəmli siyasi xadim Heydər Əliyevin təşəbbüsü ilə 1978-ci ildə Azərbaycan SSR Konstitusiyasına "Azərbaycan SSR-in dövlət dili Azərbaycan dilidir" maddəsinin əlavə olunması olduqca cəsarətli addım idi və bu mövqe heç zaman dəyişmədi. Bu Konstitusiya ilə vətəndaşlara təhsil hüququ verilmişdir. "Bu hüquq ana dilində oxumaq imkanı ilə təmin olunur", - deyə xüsusi vurğulayan ulu öndər Heydər Əliyev ana dilinin dövlət dili səviyyəsinə qaldırılması uğrunda mübarizə apardı, ziyalıları, xalqı bu istiqamətdə səfərbər etdi. Bundan başqa Azərbaycanda dilçi alimlərə yüksək diqqət və qayğı göstərildi, milli dildə nəşr edilən kitabların tirajları artırıldı. Bütün bu cəhdlər və tədbirlər ana dilinin daha da inkişaf etdirilməsi məqsədini daşıyırdı.
Dövlət müstəqilliymizin qazanılmasından sonra yaranan tarixi şərait xalqımızın dünya xalqlarının ümumi yazı sisteminə qoşulması üçün yeni perspektivlər açdı və latın qrafikalı Azərbaycan əlifbasının bərpasını zəruri etdi. Yeni əlifbanın tətbiqi müstəqil Azərbaycanın ictimai-siyasi həyatında baş vermiş mühüm hadisələrdən biri idi. Respublikamızda dövlət dilinin Azərbaycan dili olması 1995-ci ildə qəbul edilən Konstitusiyada da təsbit olundu. Bundan sonra ana dilinin inkişafı və qorunması işi daha da gücləndirildi.
Ümummilli liderimiz Heydər Əliyev bütün sahələrdə olduğu kimi, dilçilik sahəsində də məqsədyönlü siyasət yürüdü, Azərbaycan dilinin dövlət dili olaraq geniş istifadəsinə, latın qrafikası əsasında yaradılmış müasir əlifbamızın tam tətbiqinin təmin edilməsinə təşəbbüs göstərib. Prezident Heydər Əliyevin 18 iyun 2001-ci il tarixli "Dövlət dilinin tətbiqi işinin təkmilləşdirilməsi haqqında" Fərmanı ilə latın qrafikalı müasir əlifbamızın bütün ölkədə geniş, mütləq tətbiqinə başlanıldı.
2001-ci il avqustun 9-da Azərbaycan Prezidenti Heydər Əliyev yeni fərman - "Azərbaycan əlifbası və Azərbaycan dili gününün təsis edilməsi haqqında" mühüm sənəd imzaladı. Bu fərmana əsasən, avqust ayının 1-i Azərbaycan Respublikasında Azərbaycan Əlifbası və Azərbaycan Dili Günü qeyd edilir.
2002-ci ildə isə "Azərbaycan Respublikasında dövlət dili haqqında" Azərbaycan Respublikasının Qanunu qəbul olunub.
Göründüyü kimi, respublikada dil siyasətinin formalaşdırılması, Azərbaycan dilinin dövlət dili kimi tətbiqinin təkmilləşdirilməsi və dünya azərbaycanlılarının ünsiyyət vasitəsinə çevrilərək milli həmrəyliyin göstəricisi kimi beynəlxalq aləmdə rolunun və nüfuzunun yüksəldilməsi ümummilli lider Heydər Əliyevin adı ilə bağlıdır.
Görkəmli siyasi xadim Heydər Əliyevin dilə olan münasibəti, sevgisi onun çoxsaylı çıxışlarında aydın ifadə olunub: "Dil xalqın böyük sərvətidir. Ədəbi dilin tərəqqisi olmadan mənəvi mədəniyyətin tərəqqisi mümkün deyildir", - deyən Heydər Əliyev təkzibolunmaz bir gerçəklikdən çıxış edib. Çünki həqiqətən də bir xalq üçün ən böyük mənəvi qazanc onun yaratdığı, qoruduğu təmiz, zəngin, bəlağətli dilidir.
Ulu öndər Azərbaycan xalqının milli varlığının əsas rəmzi olan ana dilimizin saflaşdırılması və zənginləşdirilməsi istiqamətində çox mühüm addımlar atıb və Azərbaycan dilinin inkişafı və qorunması məqsədilə əhəmiyyətli sənədlər təsdiq edib.
Müstəqil Azərbaycanın 1995-ci ildə ümumxalq səsverməsi yolu ilə qəbul olunmuş Konstitusiyasında Azərbaycan dilinin Azərbaycan Respublikasının dövlət dili kimi təsbiti, onun rəsmi dövlət dili statusuna yüksəlməsi milli dövlətçilik tariximizin ən mühüm hadisələrindən biridir. Çünki milli varlığımızın və tarixi kimliyimizin əsas atributlarından biri olan Ana dilimiz ən yüksək dəyəri qazanıb.
Azərbaycanlı olmaqla, Azərbaycan dilində danışmaqla hər zaman fəxr edən Heydər Əliyevin dil siyasəti özündən sonra da davam etdi və onun siyasi varisi, Prezident İlham Əliyev ana dilinin qorunması, yaşaması üçün bütün işləri uğurla irəli apardı.
Dövlətimizin rəhbəri tərəfindən 2004-cü ildə "Azərbaycan dilində latın qrafikası ilə kütləvi nəşrlərin həyata keçirilməsi haqqında", "Azərbaycan Milli Ensiklopediyasının nəşri haqqında", eləcə də 2007-ci ildə "Dünya ədəbiyyatının görkəmli nümayəndələrinin Azərbaycan dilində nəşri nəzərdə tutulan əsərlərinin siyahısının təsdiq edilməsi haqqında" imzalanan sərəncamlar ana dilinin həyatımızın bütün sahələrində müfəssəl tətbiqini, yayılmasını, qorunmasını gerçəkləşdirdi.
Latın qrafikalı yeni Azərbaycan əlifbası ilə dərsliklərin, elmi əsərlərin, lüğət və bədii ədəbiyyat nümunələrinin çap olunaraq istifadəyə verilməsinin, Azərbaycan dilinin qloballaşma şəraitində zamanın tələblərinə uyğun istifadəsinin, ölkədə dilçilik sahəsində aparılan araşdırmaların əsaslı surətdə yaxşılaşdırılmasının təmin edilməsi milli ədəbi dilin daha da zənginləşməsi ilə yanaşı, dilçiliyin əsaslı inkişafı baxımından da əhəmiyyətli olub. Bütün bu işlər Ana dilimizin inkişafına ölkə başçısı tərəfindən göstərilən böyük qayğı və diqqətin təzahürüdür.
Prezident İlham Əliyev 2018-ci ildə "Azərbaycan dilinin elektron məkanda daha geniş istifadəsinin təmin edilməsi ilə bağlı bir sıra tədbirlər haqqında" Sərəncam imzaladı. Bu sərəncam Azərbaycan dilinin inkişafı və tətbiqi dairəsinin daha da genişləndirilməsi baxımından xüsusi əhəmiyyət kəsb edirdi. Həmin il imzalanan "Azərbaycan dilinin saflığının qorunması və dövlət dilindən istifadənin daha da təkmilləşdirilməsi ilə bağlı tədbirlər haqqında" Fərman da ölkəmizdə dövlət dilinin daim diqqət mərkəzində saxlanıldığını bir daha təsdiq etdi.
"Ana dilimizə hörmət və qayğı daim olmalıdır. Biz ana dilimizi xarici təsirdən qorumalıyıq. Ana dilimiz bizim toxunulmaz sərvətimizdir. Azərbaycan xalqının formalaşmasında, müstəqil Azərbaycanın formalaşmasında ana dilimiz - Azərbaycan dili müstəsna rol oynamışdır. Biz elə etməliyik ki, dilimizin saflığını daim qoruyaq. Bu məsələyə çox ciddi diqqət göstərilməlidir".
Prezident İlham Əliyevin bu fikirləri hər bir azərbaycanlının üzərinə qoyulan başlıca vəzifədir. Ana dilimiz dünyada yaşayan bütün azərbaycanlıları birləşdirən, yaxınlaşdıran, əlaqələrini möhkəmləndirən ən güclü mənəvi bağdır.
Bayram SALMANOV,
"Respublika".