ALİ MƏKTƏBLƏRƏ QƏBUL OLUNAN MƏZUNLARLA GÖRÜŞ
Bölgələr

ALİ MƏKTƏBLƏRƏ QƏBUL OLUNAN MƏZUNLARLA GÖRÜŞ

Daşkəsən

Daşkəsəndə ali məktəblərə qəbul olan məzunlarla görüş keçirilib.

Görüşdə Daşkəsən Rayon İcra Hakimiyyətinin başçısı Orxan Abbasov, Rayon İcra Hakimiyyəti başçısının müavini Namiq Suleymanov, rayon üzrə Təhsil Sektorunun müdiri Vüsal Cəfərov, təhsil işçiləri, valideynlər və məzunlar iştirak ediblər. Əvvəlcə Dövlət Himni səsləndirilib, ulu öndər Heydər Əliyevin və şəhidlərimizin əziz xatirələri bir dəqiqəlik sükutla anılıb.

Şəhər rəhbəri Orxan Abbasov tələbə adını qazanmış məzunları, onların müəllimlərini və valideynləri təbrik edib, gənclərə gələcək həyatlarında müvəffəqiyyətlər arzulayıb. Rayon rəhbəri vurğulayıb ki, praqmatik dövlət başçısı cənab İlham Əliyevin və Birinci vitse-prezident Mehriban xanım Əliyevanın göstərdikləri xüsusi diqqət və qayğı nəticəsində təhsilimizin maddi-texniki bazası möhkəmləndirilir, yeni məktəb binaları, əlavə tədris korpusları inşa edilir, mövcud məktəblərdə əsaslı təmir işləri aparılır, təhsilin keyfiyyəti yüksəldilir. Bütün bunlar Daşkəsən rayonunda da gənclərin yüksək səviyyədə təhsil almalarına və müstəqil ölkəmizin layiqli vətəndaşları olmalarına şərait yaradır. Məzunlar onlara göstərilən etimadı doğruldacaqlarına söz verərək ölkə rəhbərliyinə minnətdarlıqlarını ifadə ediblər.

Sonra məzunlara hədiyyələr təqdim olunub, xatirə şəkli çəkilib.

Samux

Samux Rayon İcra Hakimiyyətində qəbul imtahanlarında 600-dən yuxarı bal toplayaraq tələbə adını qazanan gənclərlə görüş keçirilib.

Samux Rayon İcra Hakimiyyətinin başçısı Firdovsi Əliyev tələbə adını qazanan gəncləri təbrik edib, onlara savadlı, bilikli, bacarıqlı gənc kadr kimi müstəqil Azərbaycanın inkişafı, tərəqqisi naminə görülən işlərə layiqli töhfələr vermələrini arzulayıb. Qeyd edib ki, ölkəmizdə əsası ümummilli liderimiz Heydər Əliyev tərəfindən qoyulmuş və bu gün ölkə Prezidenti İlham Əliyev tərəfindən uğurla davam etdirilən milli təhsil quruculuğu və islahatları bəhrəsini verməkdədir. Yeni məktəb binalarının inşası, təhsil müəssisələrinin maddi-tədris bazasının möhkəmləndirilməsi, informasiya və kommunikasiya texnologiyaları ilə təmin edilməsi təhsilin keyfiyyətinə də müsbət təsir göstərir.

Tələbə adını qazanan gənclər, eləcə də onların müəllimləri göstərilən diqqət və qayğıya görə Azərbaycan Respublikasının İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya minnətdarlıqlarını ifadə ediblər.

Sonda, qəbul imtahanlarında yüksək bal toplayan tələbələrə fəxri fərman və qiymətli xatirə hədiyyələri təqdim edilib.

Zabit XƏLİLOV,

“Respublika”.