Ukrayna müharibəsinin başlanması və Rusiyanın bəzi problemlərlə üzləşməsi ABŞ-ın Cənubi Qafqazda fəallığını artırdı. Ötən ilin əvvəllərindən etibarən bu fəallıq daha çox nəzərə çarpdı. Belə ki, Dövlət katibi Antoni Blinkenin vasitəçiliyilə ABŞ-da Azərbaycan və Ermənistan xarici işlər nazirləri arasında sülh danışıqları keçirildi.
ABŞ-ın məqsədi məlum idi: Azərbaycan və Ermənistan arasında sülh sazişində vasitəçilik missiyasını üzərinə götürərək Rusiyanın danışıqlarda dominant rolunu azaltmaq, bölgədəki təsirini zəiflətmək və öz strateji mövqeyini gücləndirmək. Bu, ABŞ-ın regiondakı təsirini artırmaq və Cənubi Qafqazdakı geopolitik balansı öz lehinə dəyişdirmək niyyətini əks etdirirdi.
ABŞ əvvəlcə özünü sülh prosesində vasitəçi kimi göstərsə də, ermənipərəstliyini gizlədə bilmədi. Ermənistana işğal siyasəti və revanşist iddialarında dəstək verməyə başladı. Hayastanın Qərb müttəfiqlərinin əsas məqsədi Cənubi Qafqazda, xüsusən də Rusiyanın sərhəd yaxınlığında münaqişə mühiti yaratmaqdır. Bu məqsədi reallaşdırmaqda həm Fransa, həm də ABŞ xüsusi rol oynayır. ABŞ Ermənistanla hərbi əməkdaşlığı gücləndirərək Rusiyaya gözdağı verməyə çalışır və eyni zamanda revanşist meyilləri, regiondakı gərginliyi artırır. Fransa Ermənistana hərbi sahədə yardım edir. Belə ki, cari ilin fevral ayında rəsmi İrəvanla Paris hərbi sahədə əməkdaşlıq haqqında müqavilə imzalayıb.
Qeyd edək ki, ABŞ ilə Ermənistan arasında hərbi əməkdaşlıq çərçivəsində bir çox səfərlər baş tutub. Bu səfərlər rəsmi Vaşinqton tərəfindən İrəvana göstərilən dəstək kimi təqdim olunsa da, əslində Ağ Ev Ermənistandan istifadə edərək Cənubi Qafqazla bağlı strateji planlarını həyata keçirməyə çalışır. Məsələn, ötən ay Ermənistanda "Eagle Partner 2024" adlı Ermənistan-ABŞ birgə təlimləri keçirilib. 2023-cü ildən keçirilən bu təlimin məqsədi ABŞ-Ermənistan siyasi birliyini, Vaşinqtonun bölgədəki fiziki varlığını göstərməkdir. Ermənistan kimi bir mövqedə qərar tutmayan Amerika da bir tərəfdən bölgədə Azərbaycanla Ermənistan arasında sülh prosesini dəstəklədiyini bildirir, digər tərəfdən də İrəvanla hərbi təlimlər keçirir.
Rusiya ilə Ermənistan arasında isə gərginlik artır. Paşinyan hakimiyyəti artıq Qərbə inteqrasiya etmək yolundadır. Bu ölkə bir daha sentyabrın 3-dən 15-dək Qırğızıstanda keçiriləcək Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının "Qarşılıqlı fəaliyyət-2024" təlimində iştirakdan imtina edib. Qeyd edək ki, Ermənistan KTMT-nin Rusiya Qvardiyasının rəhbərliyi ilə avqustun 14-dən 16-dək Novosibirskdə keçiriləcək "Kobalt-2024" təlimlərində də iştirak etməyəcək. Bu gün Ermənistan ərazisində Fransa və ABŞ nümayəndələrinin mövcudluğu, xüsusən də ABŞ hərbçilərinin Ermənistanda təlimlər keçməsi və erməni ordusuna təlimatçılar göndərməsi Rusiya-Ermənistan münasibətlərini daha da gərginləşdirib. Bu, regionda geosiyasi gərginliyin artmasına səbəb olub.
Bu il aprelin 5-də Brüsseldə imzalanmış sənədin hərbi əməkdaşlığı nəzərdə tutan məxfi hissəsinə uyğun olaraq, Ermənistan silahlı qüvvələrinə ABŞ istehsalı olan yeni nəsil silahlar - snayper tüfəngləri, gecəgörmə cihazları, xüsusi rabitə vasitələri, zirehli texnika gətirilib. Ermənistan xüsusi təyinatlıları üçün ABŞ ordusunda istifadə edilən mini-hücum pilotsuz təyyarələri, kiçik ölçülü minalar və digər döyüş sursatları çatdırılıb. Həmçinin "Flightradar" qlobal uçuş izləmə xidmətinin məlumatına görə, avqustun 2-3-də ABŞ-ın Rumıniya və Yaxın Şərqdəki hərbi bazalarından Ermənistanın Zvartnots hava limanına 2 hərbi təyyarə enib. İki təyyarədən birində İran ərazisindən buraxılan raketlərin və digər təyyarələrin trayektoriyalarını izləyən xüsusi alətlər olub. Bu zaman İran ərazisindən İsrailə mümkün hücum riski xüsusilə nəzərə alınıb. Gətirilən qurğular Ermənistanın İranla sərhədində yerləşdiriləcək. ABŞ, həmçinin bu cihazları idarə edəcək 30-50 nəfərlik heyət də göndərib. Şəxsi heyət Ermənistan silahlı qüvvələrinin geyim forması ilə təchiz olunub və Ermənistan hərbçilərinin Zəngəzurdakı hərbi bazasında yerləşdirilib.
İrəvan Vaşinqton ilə hərbi-texniki əməkdaşlığın genişləndirilməsi istiqamətində öz maraqlarını açıq şəkildə ortaya qoyur. Bu kontekstdə Ağ Evin əsas məqsədinin rusları Zəngəzur bölgəsindən sıxışdırmaq olduğu aydın şəkildə görünür. Rusiya ilə ABŞ arasında yeni qarşıdurma yaranması ehtimalı isə artır.
Röya RÜSTƏMLİ,
"Respublika".