ADAU-da SDGs – 2&4” mövzusunda forum
Bölgələr

ADAU-da SDGs – 2&4” mövzusunda forum

Azərbaycan Dövlət Aqrar Universitetində (ADAU) “Bayramlı Group” şirkəti ilə birgə “Müasir baytarlıq təhsili və dayanıqlı inkişaf məqsədləri: SDGs – 2&4” mövzusunda forum keçirilib.

Forumda Dövlət Aqrar Universitetinin rektoru Zəfər Qurbanov bildirib ki, ADAU ölkəmizdə yeganə kənd təsərrüfatı yönümlü kadr hazırlığı aparan ali təhsil müəssisəsi kimi baytarlıq sahəsində kadr hazırlığına xüsusi önəm verir. Rektor diqqətə çatdırıb ki, baytarlar ətraf mühitin mühafizəsi, tədqiqat, qida təhlükəsizliyi və ictimai sağlamlığın qorunmasında mühüm rol oynayırlar.

Gəncə Şəhər İcra Hakimiyyəti başçısının birinci müavini Səməd Tomuyev tədbirin keçirilməsinin əhəmiyyətindən bəhs edərək, forumun işinə və iştirakçılara uğurlar arzulayıb. Çıxışlardan sonra, forum panel müzakirələrlə işinə davam edib. Respublika Süni Mayalanma Mərkəzinin direktor müavini, ADAU-nun müəllimi Ramin Abbasovun moderatorluğu ilə keçən ilk panel müzakirədə, “Baytarlıq təhsilində kadr hazırlığına tələblər” mövzusunda ADAU-nun Baytarlıq təbabəti fakültəsinin dekanı Şəlalə Zeynalova və Aqrar Xidmətlər Agentliyinin sədr müavini Elməddin Namazov çıxışlar ediblər.

Şəlalə Zeynalovanın moderatorluğu ilə keçən ikinci panel müzakirədə, “Baytarlığın inkişafında yeni çağırışlar” mövzusunda Hasvet Baku Animal Hospitalın direktor müavini Mehmet Koçak və “Azərbaycan Quş əti, Yumurta İstehsalçıları və İxracatçıları Assosiasiyası” İctimai Birliyinin İdarə Heyətinin sədri Mürvət Həsənovun çıxışları dinlənilib.

Zabit XƏLİLOV,

“Respublika”.